Əbülfəs Qarayev üçün Azərbaycan tarixinin qara qəpik qədərində də dəyəri yoxdur... - Keçmişimizə atılan güllə...

Əbülfəs Qarayev üçün Azərbaycan tarixinin qara qəpik qədərində də dəyəri yoxdur... - Keçmişimizə atılan güllə...

Kələxana kəndə normal yol olmadığı üçün Şəhriyar qəsəbəsi ərazisindən keçərək, Kələxana kəndinə getmək mümkündür. Yollar hər tərəfdən bağlı olduğuna görə, kəndə getmək üçün dəfələrlə sakinlərdən yolu soruşmaq lazım gəlir.

Yollar kələ-kötür, dağınıq vəziyyətdədir. Bir qədər irəlilədikdən sonra qarşımızda böyük bir ərazi açılır. Ərazidə 8 böyük türbə var. Deyilənə görə, əvvəllər bu türbələrin sayı 9 olub. Amma həmin türbə zamanın sınağından çıxa bilməyib, dağılıb.

Tədqiqatçı Faiq Nəsibovun sözlərinə görə, Şamaxı rayonu tarixi abidələrlə zəngindir. Onlardan biri də Şamaxı şəhərindən 6 km aralıda, Kələxana kəndi yaxınlığında qərbdən şərqə uzanan sahədə yerləşən türbələr kompleksidir. Bu abidələr orta əsrlərdə formalaşmış Şirvan-Abşeron memarlıq məktəbini təmsil edirlər:

"Hələ 1703-çü ildə Samaxıda olmuş niderlandlı səyyah Kornelis de Bruin (Cornelis de Bruijn) öz kitabında bu kompleksi təsvir edib. Onun yazdığına görə, kompleksə doqquz türbə daxil idi. Doqquz türbədən beşi portallı girişə malik divarlarla əhatə edilib. Ən kənarda yerləşən türbə isə ikiqat divarla əhatə olunub. Türbələrin içində qəbirlər mövcüd idi".

F.Nəsibov bildirir ki, səyyah birinci türbədə 5 qəbir, ikinci türbədə isə 3 qəbir olduğunu qeyd edib.

"De Bruin həmçinin türbələr kompleksinin yerində əvvəllər bir qalanın olduğunu və yaxınlıqda bulağın mövcud olduğunu qeyd edib. Kompleksə daxil olmuş doqquz türbədən səkkizi dövrümüzə çatıb ki, onlardan da biri ciddi dağıntılara məruz qalıb. Türbələrdən yalnız birinin üzərində daş kitabə qalıb. Həmin kitabədə abidənin inşa tarixi və dəfn edilənin kimliyi haqqında məlumat verilib. Yazıda deyilir: "Bu məzarda Çilgər şeyxlərindən olan şeyx İsrafilin nəslindən olan, yüksək Tanrı tərəfindən bağışlanmış şeyx İbrahimin oğlu Əmir Əhməd dəfn edilib. Sərkar Əmir Əli oğlu Əbdüləzim. Allah bağışlasın onu! İl min yetmiş dörd", - Nəsibov açıqlayıb.

Tədqiqatçı hesab edir ki, digər türbələrin də təxminən həmin illərdə, mümkündür ki, eyni memar tərəfindən inşa edilməsini düşünmək olar.

Onun sözlərinə əsasən, Kələxana türbələri planda eyni səkkizguşəli türbə tipinə aid edilsə də, hər biri özəl simaya malik olub. Türbələrin özünəməxsusluğu əsasən onların hər birinin fərqli giriş portalı ilə vurğulanıb. Bu, Şirvan memarlarının peşəkarlığı və yetkinliyini göstərir.

"Bəzi tədqiqatçılar, bu ərazidə, yerin altında başqa tikililərə aid qalıqların olmasını nəzərə alaraq, kompleksin daha əvvəlki dövrə - XIV-XV əsrlərə aid olmasını güman edirlər. Bu tikililər karavansaray və ya sufi xanəgahına aid ola bilər. Bunu isə arxeoloji tədqiqatlar nəticəsində dəqiqləşdirmək mümkündür. Kələxana türbələr kompleksi dövlət tərəfindən qorunan abidələr siyahısına daxildir (inventar nömrə 4961). Lakin türbələr hazırda baxımsız qalıb və abidələrin əsaslı bərpaya və təmir işlərinə böyük ehtiyacı var", - deyə F.Nəsibov vurğulayıb.

Hazırda türbələr acınacaqlı vəziyyətdədir. Bəzilərinin tavanında və divarlarında dağıntılar müşahidə edilir. Bəziləri isə yeni deformasiyaya uğramağa başlayıb. Bu gün isə orada göyərçinlər yuva salıb, yumurta qoyub.

Kənd sakinlərinin sözlərinə görə, türbələr XIV-XV əsrlərdən qalıb. Və burada dəfn edilənlər müqəddəs insanlar olublar. Elə buna görə də, bir zamanlar bu türbələrə pir kimi ziyarətə gəlir, qurbanlar deyilirdi. Arzusu həyata keçən insanlar türbənin həyətində olan əncir ağaclarına parça bağlayaraq, nəzir verirmiş.

Türbələrin müqəddəs olduğunu kənd sakinləri türbələrin ətrafında olan əncir ağaclarının olması ilə də izah edirlər. Onların fikrincə, əncir ağacı müqəddəs ağacdır və əgər bir yer müqəddəsdirsə, orada əncir ağacı bitir.

Ərazinin sehrli, sirrli olduğunu iddia edənlər də az deyil. Sakinlər deyir ki, türbələri dağıtmaq, içəridə yuva salmış göyərçinləri qovmaq olmaz. Əks halda, bu, bədbəxtliklə nəticələnə bilər.

Bu abidələrdən bir qədər aralıda isə bulaq var. Elə bulağın ətrafındakı tikili də böyük tarixə malikdir. Bulağın yanında oturub türbələrə baxanda qarşında qəribə mənzərə açılır. Sanki burada nə isə bir sirr var.

Türbələrin hazırkı vəziyyəti və onlara aparan yollar heç də ürəkaçan deyil. Gözdən uzaq qalan tarix, könüllərdən də uzaq düşüb. Nə yada salıb xatırlayanı var, nə də məhv olmasının qarşısının alınması üçün bir tədbir görən.

Mütəxəssislərə görə, abidə XIV-XVI əsrlər Xəlvətilik Sufi məktəbinə məxsus türbələrlə oxşardır. Onları fərqləndirən hər hansı əlamət yoxdur. Ərazidə başqa bir tikilinin də qalıqları var. Sakinlərin dediyinə görə, bu köhnə hamamın qalıqları ola bilər.

Xalqxeber.az



Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət