Azərbaycanın tarixi ilə tanış olmaq üçün Bakının kəndlərini gəzmək kifayətdir desək, yanılmarıq. Qalaları, hamamları, sənduqələri, kitabələr ilə bir tarixdir Bakı kəndləri. Amma təəssüflər olsun ki, bəzən bu tarix lazımi qaydada qorunmur.
Mərdəkanda gözdən uzaq, könüldən iraq qalmış qəsr var. Mərdəkan qəsri hələ məhv olmayıb, amma belə davam edərsə, məhv olacağı da istisna deyil...
Kiçik qala adlanan bu qala böyük Mərdəkan qalasından bir qədər aralı yerləşir.
Bura böyük qala ilə müqayisədə çox kiçikdir. Mərdəkan sakinləri bu qalanı Şıx qalası da adlandırırlar. Tədqiqatçı Faiq Nəsibovun sözlərinə görə, dairəvi qalanın hündürlüyü 16 metrdir. Qala 3 hissədən, yəni üç yarusdan ibarətdir.
Kitabələrə görə, qala 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən inşa edilib. İddialara görə, qala III Fəribürzün sifarişi ilə tikilib. III Fəribürz Şirvanşahlar dövlətinin iyirmi altıncı hökmdarı, Şirvanşah I Güştaspın oğlu idi.
Qeyd edək ki, Mərdəkan qalası 7 metr hündürlüyündə divarı olan həyətin içindədir. Dairəvi qəsr yuxarı doğru daralır. Tədqiqatçının sözlərinə görə, əvvəllər qalanın həyətində qüllələr və məhəccərlər olub.
Mərdəkan qəsrinin içi üç hissəyə, 3 mərtəbəyə bölünüb. Qəsrin mərtəbələri divariçi pillələrə bir-birinə bağlanıb. Qəsrin işıqlandırılması üçün divarlarda ensiz pəncərələr açılıb. Qəsr əhəngdaşından inşa edilib.
Mərdəkan sakinlərinin sözlərinə görə, bir neçə il əvvəl qəsrin ətrafı təmir edilib. Hətta o zaman qəsri ziyarətə gələnlər də olub. Buna görə, qalanın həyəti təmir olunub, qonaqların rahatlığını təmin etmək üçün oturacaqlar qoyulub. Ziyarətçilərin rahatlığı üçün ayaqyolu da yaradılıb.
Amma zamanla qalanın ziyarətçilər azalıb. Daha sonra qalanı ziyarətə gələn də çox az olduğu üçün qapısına da qıfıl vurulub. Tikilən ayaqyolular da baxımsız qalıb, sıradan çıxıb. Həyəti ot basıb.
Qapı bağlı olduğu üçün içəri daxil ola bilməyib, qəsri kənardan ziyarət etməklə kifayətləndik.
Onu da qeyd edək ki, Mərdəkan qəsri UNESCO-nun ehtiyat siyahısına daxil edilməklə yanaşı, Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatına alınıb.
Amma əksər tarixi abidələr kimi bura da nəzarətdən kənarda qalıb. Əks halda, bu vəziyyət də olmazdı...
Dia.az