Axtarış...

Adil Vəliyev bu evlər tikiləndə hara baxırdı? - VİDEO



Bakının Sabunçu rayonunda magistral neft kəmərinin mühafizə zolağına aid ərazidə yaşayış evləri tikilib.

Ekspertlər "Report"a bildirib ki, belə ərazilərdə tikinti aparmaq qanunsuz olmaqla yanaşı, vətəndaşların həyatı üçün təhlükəlidir. Belə ki, 25 saylı Cəbrayıl məcburi köçkün məktəbinin arxasındakı küçədə yerləşən bu tikililər neft borularına çox yaxın, hətta bəzən bitişik və yeraltı kəmərlərin üzərində tikilib.

İnsanlar bu cür ərazilərdə məskunlaşdığı üçün uşaqlar neft borularının arasında oynayır, hər an həyati təhlükə ilə üz-üzə dayanırlar.

Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova "Report"a deyib ki, qanunvericiliyə əsasən, magistral neft kəmərlərinin 50 metr, bəzi hallarda isə 25 metr məsafədə evlər tikilə bilməz:

"Bu, Nazirlər Kabinetinin 2 noyabr 2004-cü ildə təsdiqlənmiş qaydalarla tənzimlənir. Qaydalara görə, bu cür boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı hissələr üçün isə hər tərəfdən 25 metr təyin olunur".

Vəkil qeyd edir ki, bir çox hallarda vətəndaşlar belə ərazilərdə özbaşına tikililər inşa edən zaman dövlət orqanları tərəfindən onlara vaxtında etiraz olunmur:

"Nəticədə, vətəndaşlar uzun müddət həmin tikililərdən istifadə edirlər. Hətta həmin vətəndaşlara elektrik enerjisi, su xətti və digər xətlər çəkilir, onlar da müvafiq kommunal ödənişləri etməklə yaşayırlar. Düşünürlər ki, əgər dövlət buna etiraz etmirsə, mən də burada uzun müddət yaşayıramsa, artıq əmlakın qanuni sahibi hesab edilirəm. Lakin bu yanlışdır. Prezident vətəndaşların tikdiyi evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq fərman imzalayıb və bu istiqamətdə müvafiq işlər aparılır. Ancaq vətəndaşlar bilməlidirlər ki, bu fərman heç bir halda neft boru kəmərlərinin mühafizə zolağında tikilən yaşayış və qeyri-yaşayış sahələrinə tətbiq edilməyəcək. Çünki daşınmaz əmlakın reyesterində qeydiyyata alınma ilə bağlı müəyyən sənədlər siyahısı var.

Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Yəni, əgər ev qeyd edilən mühafizə zolağında yerləşirsə, sənəd verilə bilməz".

İ.Həsənova vurğulayır ki, bu cür evlərin qeydiyyata alınmaması ilk növbədə elə vətəndaşların özünün manafeyi üçündür:

"Çünki sadalanan zonalar istənilən vaxt insan həyatı üçün təhlküəli vəziyyət yarana bilər. Məsələn, Səbail rayonunda neft quyuları olan "20-ci sahə" adlanan ərazidə qadağan edilməsinə baxmayaraq evlər tikilib. Bir neçə il əvvəl həmin ərazidəki quyularda partlayış baş vermiş və insanlar ciddi ziyan çəkmişdi. Yaxud da hazırda icraatımda olan bir işlə bağlı misal göstərim: yüksək gərginlikli elektrik enerjisi xətlərinin yaxınlığında tikilən evdə yaşayan azyaşlı transformatora toxunaraq yerindəcə kül olmuşdu. Ona görə də, belə ərazilərdə yaşamağın təhlükəli olması baxımından həmin ərazilərdə evlərin tikilməsinin və sənədləşdirilməsinin qanunvericiliklə qadağan edilməsi birbaşa vətəndaşların mənafeyi üçündür".

Vəkil onu da əlavə edib ki, neft boru kəmərlərindən mühafizə qaydaları pozulması, həmin ərazilərdə yaşayış və ya qeyri-yaşayış sahələrinin tikilməsi inzibati, eyni zamanda cinayət məsuliyyətinə səbəb olur.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı da "Report"a bildirib ki, belə ərazilərdə hər an "fors-major" vəziyyət yarana bilər. "Təbii ki, bu da ilk növbədə insanların həyatı, həmçinin əmlakı üçün təhlükəlidir. Bundan başqa, belə ərazilərdə yaşamaq insanların sağlamlığı baxımından doğru deyil. Çünki şüalanma səviyyəsi çox yüksək olur. Bu cür yerlərdə neft, qaz və digər maddələrlə həm torpaq, həm də atmosfer çirklənmiş vəziyyətdə olur. Bu isə vətəndaşların, xüsusilə də uşaqların sağalamlığına zərər vurur, onlar üçün həyati təhlükə yaradır. Çünki uşaqların immuniteti böyüklərə nisbətən zəif olur və zərərli maddələr, ekoloji cəhətdən pis hava onlara daha çox mənfi təsir edir. Yaxud da bu ərazilərdə uşaqların xəstə doğulması və digər çoxsaylı xoşagəlməz hallar müşahidə edilir. Bir sözlə, həm bu gün, həm də gələcək üçün həddindən artıq böyük fəsadlar yaranması mümkündür" - deyə ekspert bildirib.

R.Osmanlı deyir ki, mühafizə zolağı və digər qadağan edilmiş ərazilərdə tikilən evlərlə bağlı başqa problemlər də mövcuddur: "Bu cür ərazilərdə adətən infrastruktur, kommunal xətlər texniki normalara əməl edilmədən çəkilir. Ən əsas problem isə odur ki, bu cür evlər, heç bir halda sənədləşdirilə bilmir. Çünki infrastruktur layihələrinin ərazisində torpağa mülkiyyət hüququ verilmir. Bu da evin qanunvericiliyə uyğun sənədləşdirilməsini, nəıticə etibarilə əmlakın qanuni alqı-satqısını mümkünsüz edir. Buna görə də həmin evlərin satışı qeyri-rəsmi, şəxsi razılaşma əsasında əsasında reallaşdırılır. Bu isə gələcəkdə daha neqativ hallara - illərlə davam edən iqtisadi mübahisələrə, dələduzluq cinayətlərinə və s. səbəb olur".




Şərh yaz