Ölkədə Koronavirus epidemiyası ilə bağlı elan olunan karantin rejimi cəmiyyətin həyatında müəyyən mənada durğunluq yaradıb. Bir çox qurumlar fəaliyyətini qismən və ya tamamilə məhdudlaşdırıb. Lakin bu vəziyyətdən istifadə edən işbazlar ortaya çıxır.
Müxtəlif istehlak məshullarının, tibbi ləvazimatların satışı ilə bağlı bəzi fürsətcillərin əməlləri ilə bağlı mütəmadi olaraq qanuni addımlar atılır. Karantin rejimindən istifadə edib neft kəmərlərinin mühafizə zolağında qanunsuz tikinti aparan bir qrup başqa işbazlar var.
Belə ki, martın 31-də “Azneft” İstehsalat Birliyinin Bibiheybət Neft-Qazçıxarma İdarəsinə neft və qaz əməliyyatlarının aparılması məqsədi ilə ayrılmış torpaq sahələrinin bir hissəsi 3 saylı NQÇİ-nin ərazisində Səbail rayonu Elçin Əzizov küçəsində Elxan İbrahim oğlu Əzizov tərəfindən zəbt edilərək tikinti işləri aparılıb. Araşdırma nəticəsində məlum olub ki, Elxan Əzizova dəfələrlə bununla bağlı xəbərdarlıq olunub, lakin, o, bu xəbərdarlıqların heç birinə məhəl qoymayıb.
Martın 30-dan 31-nə keçə gecə isə evin dam örtüyünü tamamlayaraq əlaqədar qurumları fakt qarşısında qoyub. Belə ki, tamamlanmış fərdi yaşayış evlərinin sökülməsi əraziyə nəzarət edən qurumlar üçün əlavə problemlər və çətinliklər yaradır. Neft və qaz kəmərlərinin mühafizə zolağını zəbt edərək fərdi yaşayış evləri tikən sahibkarlar isə bunu çox yaxşı bilirlər və bundan da sui-istifadə edirlər. İndiki halda, bu, ölkə üzrə karantin rejiminin qüvvədə olduğu bir zamanda baş verib. Tikinti sökülsə də aprelin 1-də həmin şəxs yenidən onu bərpa etməyə başlayıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Təhlükə xarakterli təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarının 3.3-cü bəndinə görə quyulardan şəxsi tikililərə 300 metr mühafizə zolağı müəyyən olunub.
Lakin işbazlar bu qadağalardan hansısa üsullarla yan keçə bilirlər. Ərazilərin mühafizəsinə cavabdeh olan qurumlar isə qarşıdurma və gərginliyə yol vermədən öz səlahiyyətlərini icra etməyə çalışırlar. Nəticə isə göz qabağındadır. Neft və qaz kəmərlərinin, eləcə də neft quyularının mühafizə zolağında minlərlər ev tikilir.
Daha bir fakt: Bibiheybət Neft-Qazçıxarma İdarəsinin Salyan Şossesində yerləşən 3 saylı mədəninin ərazisində 3 488 saylı quyunun mühafizə zolağında İsmayılov Niyazi Müzəffər oğlu satmaq məqsədi ilə qanunsuz inşa olunmuş fərdi yaşayış evini yenidən bərpa edib. Müvafiq qurumların əməkdaşları tikintini dayandırmağı tələb etsə də Niyazi İsmayılov onları ağır şəkildə təhqir edib və tikintini dayandırmayacağını bildirib. Niyazi İsmayılovun qanunsuz əməlləri barədə mətbuatda da yazılıb.
Qeyd edək ki, sözügedən tikinti 13 mart 2020-ci il tarixdə və 17 mart 2020-ci ildə sökülmüşdü.
Xətai rayonu NZS qəsəbəsi Suleyman Əhmədov küçəsi 6 ünvanında isə Neft Emalı Zavodunun ətrafından keçən kəmərin 17 metrliyində köhnə tikilinin ikinci mərtəbəsinin tikintisinə başlanması müşahidə olunub. Evdə heç kim olmadığından tikilinin sahibini müəyyən etmək mümkün olmur.
Növbəti fakt: Buzovna-Ramana neft kəmərinin mühafizə zolağında (12-ci kilometr) biznes məqsədilə obyektin tikilməsi faktı aşkarlanıb. Aparılmış araşdırmalar zamanı tikintinin Mustafayev İlyas İsmayıl oğluna məxsus olduğu müəyyən edilib. Qeyd edək ki, qanunsuz tikinti apardığına görə Mustafayev İlyas İsmayıl oğlu haqqında məhkəmə iddiası qaldırılıb. Lakin bu da onu əməlindən çəkindirməyib.
Göründüyü kimi, karantin rejimi dövlətin torpaqlarını qanunsuz olaraq mənimsəyən bəzi işbazlar üçün əsl “fürsətə” çevrilib. Onları dayandırmaq üçün isə konkret addımların atılması zərurəti yaranır. Çünki bu prosesin davam etməsi həm neft və qaz kəmərlərinin mühafizəsi, həm də bu evlərdə yaşayan insanların həyatı üçün çox ciddi təhlükə mənbəyi olaraq qalacaq.