Yerimizi dar edən tariximiz: Dağıdılan abidələr - SİYAHI

Yerimizi dar edən tariximiz: Dağıdılan abidələr - SİYAHI

Tarixi abidələrimizi qorumaq hamımızın işidir.

Bu abidələr xalqımızın milli sərvəti və keçmişdən bizə bir körpüdür. İstənilən tarixi abidəyə qədim tikili kimi deyil, dəyəri ölçülməyən müqəddəs mənəvi sərvət kimi yanaşılmalıdır. Təəssüf ki, Azərbaycanda tarixi-mədəni irsə yanaşma tərzi birmənalı deyil. Yerlərdə mədəni irs abidələrimizin əhəmiyyəti hələ ki, yetərincə başa düşülmür. Dövlət tərəfindən mühafizə olunmalarına rəğmən dağıdılır, korlanır, zibillənir. Baxımsız vəziyyətdə olan bu abidələr nə dövlətin, nə də xalqın marağındadır.

Son vaxtlar bölgələrimizdə tarixən mövcud olmuş qala, ev və ya tarixi abidələr dağıdılır, yaxud birdəfəlik məhv edilir, daşları ərazi sakinləri tərəfindən daşınır. Tamamilə yararsız vəziyyətə salınan abidələr isə müvafiq qurumlar tərəfindən restavrasiya edilmir.

İndi keçək məhv edilməkdə olan tariximizə:

Ağcabədi rayon Kəhrizli kəndində Həmidə xanım Cavanşirin ev muzeyi...

Evin geniş həndəvəri addım-addım satılmaqdadır. Vəziyyət o həddə gəlib ki, evin həyətində yalnız çinarlar və cüzi daşlar qalıb. Hansı ki, həmin ağac və daşlar mülkədar Əhməd bəy Cavanşirin (1828-1903) vaxtından qalıb.

Azərbaycanın ilk xeyriyyəçi və maarifçi qadınlarından olan Həmidə xanım Cavanşirin Ağcabədi rayonunun Kəhrizli kəndində fəaliyyət göstərən ev-muzeyi ağcabədililərin və rayonun qonaqlarının həvəslə üz tutduqları məkanlardan olub.

Məlumat üçün bildirək ki, Həmidə xanım Cavanşir 1873-cü ilin yanvarın bu evdə - Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşirin nəticəsi Əhməd bəyin ocağında dünyaya gəlib. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetməlik illərində rus dilini səlis öyrənərək o dövrün qızları üçün səciyyəvi olmayan yüksək intellekti, geniş dünyagörüşü ilə seçilib. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə edib. 1905-ci ildə atasının şeirlər kitabını nəşr etdirmək üçün Tiflisə gedən Həmidə xanım burada Cəlil Məmmədquluzadə ilə tanış olub. 1907-ci ildə Həmidə xanım Mirzə Cəlillə ailə qurub və ədibin ömrünün sonunadək çətin və kəşməkeşli həyat yollarında həmişə ona dayaq olub.

Həmidə xanım Cavanşir Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və sədr müavini olub.

Ağdam rayonunun inzibati mərkəzi olan Quzanlı qəsəbəsində XIX əsrə aid tarixi bina...

Bir neçə gün bundan öncə bu bina sökülüb. İcra Hakimiyyətindən bildiriblər ki, 200 il yaşı olan bu bina qəsəbə sakinləri üçün təhlükə yaradırmış.

Qeyd edək ki, binanı 19-cu əsrdə mülkədar Firudin bəy Aslanbəyov tikdirib.

Qırmızı kərpicdən tikilmiş iki mərtəbəli bu bina Sovet dövründə müxtəlif məqsədlər üçün istifadə olunub. 1930-cu ildən 1961-ci ilə kimi binada “26 Bakı komissarı” adına kolxozun idarəsi yerləşib. 1961-1986-ci illərə kimi bina Quzanlı kənd xəstəxanası kimi fəaliyyət göstərib. Yerli sakinlərin dediyinə görə, binanın heç bir yerində çat olmayıb. Dəfələrlə qəsəbədə yeraltı təkanlar olsa da binaya heç bir zərər dəyməmişdi.

Ağdamın Xındırıstan kəndində Qasım bəy Zakirin evi...

Uzun illərdir qəzalı vəziyyətdə olan tarixi binanın yerində yeni musiqi məktəbi tikilir. 1815-ci ildə Ağdamın Xındırıstan kəndində inşa olunan bu binada bu günə qədər uşaq musiqi məktəbi fəaliyyət göstərirdi.

Sözügedən bina 1830-cu ildə, Xurşudbanu Natəvanın atası Mehtiqulu xan Cavanşir tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, dövrün satirik şairi Qasım bəy Zakirə hədiyyə edilib. O vaxtlar bir mərtəbədən ibarət olan evin ikinci qatı 1904-cü ildə əlavə olunub. Sovet hakimiyyəti illərində, tikili anbar, xəstəxana, məktəb və ən nəhayət musiqi məktəbi rolunu oynayıb. Yaşı iki əsrə yaxın olan bəy evi təhlükəli vəziyyətə düşdüyündən onun hələ 2013-cü ildən yenisi ilə əvəzlənməsi nəzərdə tutulub. Amma hələki bununla bağlı heç bir iş aparılmır.

Ağdam Rayon Mədəniyyət şöbəsinin bildirdiyinə görə binanın təmiri üçün dəfələrlə aidiyyatlı qurumların mütəxəssisləri tikilidə olublar. Binaya baxış keçirən mütəxəssislər bəy evinə təmir məqsədilə müdaxiləni məqbul hesab etməyiblər. Ona görə də, bina sökülüb.

Şəki rayonun Bideyiz və Baş Küngüt kəndləri yaxınlığında yerləşən Bideyiz məbədi...

Bu alban kilsəsidir. Kilsə şirindaşdan inşa edilib. Yarımdağılmış vəziyyətdə olan kilsə vaxtilə yarımdairəvi tağ formalı örtüyə malik olub. Kilsənin interyeri arka və nişlərlə bəzədilib. Bu kilsənin altında yeraltı yol var.

Yerli sakinlər həmin tarixi abidəni öz hesabına qoruyur.

Şamaxı rayonunda Şirvanşahlar dövrünə aid Gülüstan qalası...

Qalanın (IX-XII əsrlər) divarları dağılma təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, Böyük Xınıslı kəndinin bir qrup sakini Gülüstan qalasının daşlarını oğurlayır və tövlə tikintisi üçün istifadə edir. Baxımsız vəziyyətdə qalan tarixi abidəyə isə heç bir qurum nəzarət etmir.

Qusar rayonunun Həzrə kəndində Şeyx Cüneydin türbəsi...

Bu tarixi abidə də dağılmaqda davam edir. İllər keçdikcə türbənin məhv olma ehtimalı daha çox artır.

Səfəvilər sülaləsinin nümayəndələrindən biri olan Cüneyd 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olmuş və Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə Cüneydin müridləri onun meyitini Samurun sağ sahilinə keçirərək Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi) dəfn etmişlər. Türbə 1544-cü ildə Şah İsmayıl Xətainin göstərişi ilə inşa olunub. Sonradan şeyxin nəşinin qalıqları çıxarılaraq Ərdəbil şəhərinə aparılıb.

Bişmiş kərpicdən inşa edilən abidə daxildən və xaricdən düzbucaqlı plana malikdir. Şeyx Cüneydin məzarı üzərindəki sənduqə bərk ağacdan nəfis işlənmiş şəbəkəli çərçivə içərisinə alınıb, üzərində mənbər qoyulub.

Bu türbədən bir zamanlar məscid kimi istifadə ediblər. Tədqiqatçıların dediyinə görə, Şeyx Cüneyd türbəsi böyük aşırımlı günbəzlə örtülü imiş. Sonralar ona bitişik məscid tikilməsi və damın dəyişdirilməsi nəticəsində türbə öz əvvəlki görkəmini itirib. Türbənin içərisi əvvəlki görkəmini qoruduğu üçün daha maraqlıdır və burada hər şeydən əvvəl günbəzə keçid təşkil edən stalaktitlərin məharətlə həlli diqqəti cəlb edir. Türbənin daxili divarları 2 metrə qədər bənövşəyi və firuzəyi kaşı ilə örtülüdür.

Qəbrin yaxınlığında yerləşən hücrənin yuxarı mərtəbəsində həkk olunmuş kitabədə yazılır: "Əgər dünya bir adamdan ötrü əbədi olsaydı, onda (ölməz) peyğəmbərlər üçün bu həmişəlik olardı. Çətin ki, bir adam ölümdən xilas ola, o zaman Məhəmmədin (ə.s.) silahdaşları ölümdən xilas olardılar".

Məhv edilən və dağılma təhlükəsi ilə üz-üzə qalan tarixi abidələrimizin siyahısını uzada da bilərik. Amma tariximizi bizə unutduran həmvətənlərimizin siyahısını heç də uzatmaq istəməzdik. Tarixi irsimizi məhvə üfürənləri biz bağışlasaq da, gələcək nəsil inanmıram ki, bağışlaya...

Ümid edirik ki, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Arxeologiya və Etnoqrafiya İnstitutu, Abidələrin mühafizəsi ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, eləcə də ayrı-ayrı rayonlar üzrə icra hakimiyyətlərinin tərkibində Memarlıq və tikinti şöbələri bu məsələni öz nəzarətlərinə götürəcəklər.
Cebhe.info
Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət