Axtarış...

“Almadığım maaşa görə məndən vergi və sığorta haqqı tutulub” – AAAF RƏHBƏRLİYİ VERGİDƏN NECƏ YAYINIB?..


Abşeron sakini Asif Lətifov deyir ki, “Zirvə İnternational Sport Clubs” MMC-də idman məşqçisi kimi çalışdığı 1il 3 ayın maaşını ala bilməyib

“Mənim adımdan tabelə saxta qol çəkərək, mənə yazılan məvaciblər mənimsənilib”

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2 B, mənzil 40-da yaşayan Lətifov Asif Aydın oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, DTX rəisi Əli Nağıyevə və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə müraciət edən şikayətçi Xırdalanda yerləşən AAAF Yaşayış Kompleksinin vəzifəli şəxslərindən şikayətçidir.

“Hörmətli Prezident!

Hörmətli Cənablar!

Dəfələrlə mətbuatda və sosial şəbəkələrdə Xırdalanda yerləşən AAAF Yaşayış Kompleksində yaşanan problemlər və haqsızlıq haqda məlumatlı olsam da, bilməzdim ki, bu film kimi olayı mənim də başıma gətirəcəklər. Cünki, özlərinin bir sözü var, “gələn vergi və digər yoxlamaları “yağlayıb”, lazımı qaydada yola salırıq".

2019-cu ilin fevral ayından peşəkar idmancı olduğuma görə, AAAF Yaşayış Kompleksində yerləşən “Zirvə İnternational Sport Clubs” MMC-yə məşqçi olaraq dəvət aldım. 12.06.2024-ci ilə qədər orada müəllim kimi xidmət etdim. Hətta pandemiya dönəmində də səhər 06:00-dan axşam 18:30-a qədər məşqçi kimi işimin başında olmuşam. Sıravi vətəndaşlarla yanaşı, güc strukturlarının əməkdaşlarına da dərs deyib, bilik və təcrübəmi bölüşmüşəm.

2024-cü il, iyun ayının 12-də “Zirvə” fitness zalının yeni icarədarının yanlış hərəkətlərinə, səhlənkarlığına və işlədiyim dönəmdə məvacibimin verilməməsinə etiraz etmişəm. Abrımı saxlayaraq, dərs dediyim tələbələrin bir qismini də götürərək, şəhərdə yerləşən diğər idman zalına getmişəm. Hal-hazırda da dərs dediyim tələbələrin bir qismi imtahandan uğurla keçərək, DİN-in Polis Akademiyasında, FHN-nin Akademiyasında və DTX-nın Akademiyasında təhsil alırlar.

Bildirirəm ki, 2022-ci il, may ayının 15-dən AAAF Yaşayış Kompleksində yerləşən “Zirvə İnternational Sport Clubs” MMC-də növbəti dəfə məşqci kimi ştata qəbul edilmişəm. Şəxsiyyət vəsiqəm və diplomumla mühasibatlıqda rəsmi məşqçi-müəllim işimlə bağlı sənədə qol cəkmişəm. Məvacibim də 400 manat göstərilib.

20.09.2023-cü ildə bizi mühasibatlığa çağırıb, ştatdan çıxmağımız təklif olundu. Sənədə qol çəkdirən Ülkər xanım bildirdi ki, “vergiyə görə bundan sonra qeyri-leqal işləyəcəm”. Bizə ödənilməyən 1 il 3 ayın məvacibini tələb etdikdə isə dedilər ki, hamısı birdən ödəniləcək. Digər illərin məvacibini isə almışam, portalda rəsmi qeyd olunub.

Ödənilməyən əmək haqlarımla bağlı dəfələrlə AAAF Yaşayış Kompleksinin sədri Tofiq Heydərova rəsmi məktub göndərsəm də, hec bir cavab verilməyib. Məcbur olub 04.11.2024-cü ildə Əmək Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdindəki Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişəm. Xahiş etmişəm ki, mənə ödənilməyən əmək haqqımla bağlı müvafiq araşdırma aparılsın. Həmin Xidmətdən sosial arayışımı alanda mənə bildirdilər ki, almadığım əmək haqlarına görə məndən vergi və sığorta haqqı tutulub. Hətta tabelə saxta qol çəkilərək, mənə yazılan məvaciblər mənimsənilib.

Qeyd etmək istəyirəm ki, məvacib bizə mühasibatlığın tabel kağızına qol çəkdikdən sonra nəğd təqdim edilirdi. Bu barədə Prezident Admnistrasiyasında Natiq müəllimin köməkçisinin qəbulunda oldum. Kiməsə zəng edərək məvacibimin dərhal ödənilməsini xahiş etsə də, artıq 7-ci aydır ki, pulumu ala bilməmişəm.

Mən borc və ya kredit istəmirəm, halal məvacibimi istəyirəm, hansı ki, kimlər tərəfindənsə mənimsənilib. İnanıram ki, Tofiq məllim Heydərovun bəlkə də bundan xəbəri yoxdur. Heç kim müəyyən olunmuş çərcivəni aşa bilməz. Dəfələrlə AAAF sədri Tofiq məllimin qəbuluna düşmək istəsəm də, oranın mühafizə rəisi buna imkan vermədi. Mənə bildirdi ki, "Tofiq kimdir, Zirvəni mən idarə edirəm". Rəhbərin adından danışmaq yaxşı hal sayılmır.

14.11.2024-cü ildə yenidən Əmək Müfəttişliyinə dəvət olunaraq ətraflı izahat yazsam da, bu günə qədər heç bir nəticə yoxdur. Azərbaycan Respublikası vətəndaşını 1 il 3 ay müddətində gün ərzində 13 saat işlədərək, ona rəsmi yazılmış 400 manat məvacibini mənimsəyənlər haqda qanunun tələblərinə uyğun niyə tədbir görülmür? Kimlərsə niyə mənim aylarla almadığım əmək haqqım mənimsənilməlidir?! Bu hansı qanunda var? Bu qanunsuzluğu edənlər niyə cəzalandırılmır? Günahsız vətəndaş kimi mən haqqımı istəyirəm.

12.07.2024-cü ildə AAAF-ın Emin adlı hüquqşünası 3 gün ard-arda mənə zəng edərək bildirdi ki, gəlim hansısa sənədə qol çəkim. Yalnız məvaciblərim mənə təqdim ediləndən sonra sənədə imza atacağımı bildirmişəm.

Bu barədə ətraflı Dövlət Təhlükəsizlik Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik İlham Əliyevə də şikayət etmişəm. Lakin nəticə yoxdur.

Hörmətli Prezident!

Hörmətli Cənablar!

Xahiş edirəm, bu məsələdə köməyinizi əsirgəməyəsiz”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.









Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz