Şərur rayonuda yeni yaradılmış Sənaye Məhəlləsindəki qarğıdalı yağı istehsalı üçün nəzərdə tutulan fabrikdə yanğın baş verib. Bu yanğının milyonlarla manat yeyintini ört-basdır etmək üçün qəsdən törədildiyi bildirilir. Bu haqda
“Gündəlik Naxçıvan”a Şərur rayon İcra Hakimiyyətindəki mənbə məlumat verib. Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, tikinti və digər işlər üçün nəzərdə tutulan həmin pulların mənimsənilməsində icra başçısının əli var:
“Pullar Kamal Cəfərovun əli ilə mənimsənilib. Bizdə olan məlumata görə, yanğında da onun əli var. Məsələ ondadır ki, 2019-cu ildə bu kompleksin tikilməsi üçün milyonlarla manat pul ayrılmışdı. Həmin pullar yeyildiyindən, tikinti vaxtında təhvil verilə bilmirdi. Tikinti başa çatmasa da, sənədlərdə göstərilir ki, guya təhvil verilib. Bu yaxınlarda Bakıdan yoxlama gələcəkdi. Fabrikin yanması bu yeyintini ört-basdır üçündür. Əlavə olaraq göstəriblər ki, guya yanğından öncə zavodda 100 min ton qarğıdalı olub. Kilosu bir manatdan hesablayanda, 100 min də belə silmək istəyirlər”.
Adı çəkilən kompleks Şərur şəhərində yerləşir.
Məsələ ilə bağlı Şərur rayon İcra Hakimiyyətindən münasibət bildirmək istəmədilər.