Xəbər verdiyimiz kimi, müğənni Dəniz Əsədova axtarışa verilib. Bununla bağlı Globalinfo.az-da yazı dərc olunduqdan sonra ölkədə əksər saytlar, o cümlədən məşhur sosial şəbəkə səhifələri bu xəbəri tirajladılar.
Bunun ardından D.Əsədova saytın təsisçisi və baş direktoru Azər Ayxana zəng edib və onlar arasında bir dialoq olub. Belə ki, hədə və şantaj ritorikası ilə danışan müğənni sayt rəhbərinin səsini onun icazəsi və xəbəri olmadan yazıb. Daha sonra isə həmin səsi özünün İnstaqram səhifəsində paylaşıb.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, bu əməl D.Əsədova üçün hüquqi məsuliyyət yaradır.
Globalinfo.az-a danışan vəkil Elçin Sadıqov deyib ki, konstitusiyanın 32-ci maddəsinə görə, razılıq olmadan səsi yazmaq yolverilməzdir.
Vəkil qeyd edib ki, şəxsin icazəsi olmadan səsin yazılması və yayılmasına görə qarşı tərəf məsuliyyətə cəlb oluna bilər:
“Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi həyatın toxunulmazlığı barəsində də bununla bağlı deyilir. Qarşı tərəfin etdikləri avtomatik cinayət məsuliyyəti yaradır. Həmin maddədə göstərilir ki, şəxsi və ailə həyatı sirri olan məlumatları əks etdirən video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması, başqasına ötürülməsi, qanunsuz toplanılma da daxil olmaqla 1 ilədək islah işləri ilə cəzalandırılır”.
Vəkil şantaj məsələsinə də aydınlıq gətirib:
Elçin Sadıqov
“Azər Ayxanın hədələnməsi konstitusiyanın 163-cü maddəsinə aid olan haldır. Bu, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaqdır. Buna görə isə Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulub. Orada göstərilir ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaq – zor tətbiq və ya hədələməklə məlumatı yaymaqdan imtinaya vadar etmək 1 ilədək müddətdə islah işləri ilə cəzalandırılır”.
E.Sadıqov xəbəri yaymaqla bağlı məsələyə də toxunub:
“Məhkəmə qərarına istinad edib müğənninin ölkədən çıxışına qadağa qoyulması barədə yazmaq cinayət məsuliyyəti daşımır. İstər Ali Məhkəmənin, istərsə də Mülki Məcəllənin 23-cü maddəsi olsun, birinci şərt ondan ibarətdir ki, yayılan məlumat həqiqətə uyğundursa, sübut varsa, o xəbəri yayan şəxs heç bir məsuliyyət daşımır”.
Qeyd edək ki, müğənni Dəniz Əsədova axtarışa verilməsi ilə bağlı sübutun olmadığını iddia edir.
Onun axtarışı ilə bağlı çıxarılan məhkəmə qərarını təqdim edirik: