Axtarış...

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -PREZİDENTƏ MÜRACİƏT


Müvafiq dövlət orqanının qərarı ilə bir-neçə dəfə ləğv edilmiş tenderlər nəticəsində qalib elan edilmiş bir sıra təchizatçılara mal anbara daxil olmadan ödənişlər aparılır, elektron qaimələr ödənilir...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İqtisadiyyat şöbəsində böyük mütəxəssis vəzifəsində çalışmış Osmanov Azər Nəsib oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. Bir surəti də Yenixeber.org-a daxil olan müraciətdə müəllif qanunsuz olaraq işdən çıxarılmasından, məmur özbaşınalıqlarından və bu qurumda dövlət vəsaitinin mənimsənilməsindən bəhs edir...

Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

Hörmətli cənab Prezident,

Hər bir Azərbaycan vətəndaşı kimi mən də, Sizin apardığınız müdrik və uzaqgörən daxili və xarici siyasəti bəyənir və dəstəkləyirəm.

Lakin əfsuslar olsun ki, bəzi məmurlar öz qanunsuz hərəkətləri, özbaşınalıqları, məmur adına yaraşmayan hərəkətləri ilə Sizin vətəndaşyönümlü, humanist, ədalətli daxili siyasətinizə kölgə salmağa çalışır.

Belə ki, mən 2022-ci ilin may ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İqtisadiyyat şöbəsində böyük mütəxəssis vəzifəsində çalışmış, nümunəvi və qüsursuz xidmətimə görə fərdi qaydada mükafatlandırılmışam.

Lakin 2024-cü ilin iyun ayında Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin göstərişi, İdarə Heyətinin sədr müavini Hasil Abbasovun və qurumun digər vəzifəli şəxslərinin hədə-qorxu, aldatma və digər üsullarla özlərinin özbaşınalıq, sui-istifadə və bu kimi digər əməllərinin ört basdır edilməsi üçün işdən çıxarılmışam.

Belə ki, 2024-cü ilin birinci rübündə işlədiyim şöbəyə sürücü vəzifəsinə işə götürülmüş Qarabağ müharibəsi qazisi, döyüşdə yaralanmış Elmar Şərifovla iş yoldaşlığı münasibəti zəminində aramızda dostluq münasibəti yaranmış, sonuncu mənə mütəmadi olaraq Hasil Abbasov tərəfindən istismara məruz qaldığını, gecə saatlarında demək olar ki, hər gün onu zəng edərək müxtəlif kafe, bar, restoran, hotel və digər məişət-iaşə obyektlərinə çağırdığını, faktiki olaraq ondan ayıq sürücü kimi və müxtəlif “xidmətlər” göstərən şəxslərlə vasitəçi qismində istifadə etdiyini, gündüzlər isə faktiki olaraq onun ailə sürücüsü kimi fəaliyyət göstərdiyini, onun özünün, qaynının, qaynanasının və digər qohumlarının evlərini artıq öz ünvanı kimi tanıdığını bildirirdi. Elmar Şərifovun danışdığı digər faktlar milli mentalitetimizə, ailə dəyərlərimizə zidd olduğundan onları səsləndirməkdə çətinlik çəkirəm.

Məlumat üçün bildirirəm ki, Elmar Şərifov qurumun sürücüsü olmuş, ona əməkdaşları 5 saylı DOST Mərkəzinə və müxtəlif xidməti binalara aparmaq üçün “Mercedes E 240” minik markalı, 90AU790 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təhkim edilmişdi. Lakin həmin avtomobil və bu avtomobil üçün ayrılmış yanacaq faktiki olaraq yalnız Hasil Abbasovun şəxsi işlərinin həllinə və gecə həyatına sərf olunurdu. Elmar Şərifov isə bütün gün boyu istismar olunduğundan çox az hallarda qurumun binasında olur və buna görə də onunla yalnız mənim, şöbə müdirinin və bir-neçə əməkdaşın ünsiyyəti var idi.

Müvafiq normativlərə əsasən iş vaxtından sonra qarajda olmalı olan avtomobillə bağlı qeyri-iş günlərinə dair inzibati xəta protokolları quruma daxil olduqca kollektiv arasında söz-söhbətlər yaranır, məsələnin üstü açılırdı. Həmin avtomobillə bağlı qəza hadisəsi baş verdikdən sonra Elmar Şərifov əmək müqaviləsinin bitməsi əsası ilə işdən çıxarıldı, halbuki bütün digər əməkdaşların müqaviləsi müddətli idi və yalnız onun müqaviləsi uzadılmadı. Bundan sonra Elmar Şərifov məruz qaldığı istismarla bağlı müxtəlif instansiyalara şikayət verməyə başladı və ajiotaj yarandı. Məhz bundan sonra Hasil Abbasov və Elnur Səfərli Dövlət Məşğulluq Agentliyinin hazırki sədri, qurumun o vaxtkı kurasiya şöbəsinin müdiri Sadiq Əliyevin himayəsi ilə iz itirmək və şahidləri təmizləmək məqsədilə Elmar Şərifovla ünsiyyəti olan bütün əməkdaşları müxtəlif bəhanələrlə işdən çıxarmağa başladılar. Onlar Elmarın baş verən hadisələri, ələxüsus da Hasil Abbasovun gecə həyatını ünsiyyətinin olduğu əməkdaşlara nəql etmək ehtimalından narahat idilər.

Sadalanan şəxslər əvvəlcə müxtəlif bəhanələr əsasında hədə-qorxu, təzyiq altında şöbə müdirimiz K.Rəhimovu işdən çıxartdılar. Daha sonra isə özlərinə yaxın əməkdaşlar vasitəsilə məni hədələməyə, işdən çıxmaq üçün ərizə yazmağa məcbur etməyə başladılar. Hasil Abbasov isə məni inandırırdı ki, ərizə yazıb heç yerə şikayət vermədən işdən çıxdığım halda məni İqtisadiyyat Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyinə və ya özü transfer olunacağı təqdirdə Dövlət Məşğulluq Agentliyinə işə düzəldəcək. Mənə ünvanladıqları hədə-qorxu və təzyiq ondan ibarət idi ki, qurumun maliyyə-təsərrüfat sistemində və anbar təsərrüfatında güya mənim əmək funksiyalarımla bağlı müəyyən çatışmazlıqlar var və özüm ərizə yazmasam məni ƏM 70-ci maddənin Ç bəndi ilə işdən çıxaracaqlar.

Halbuki mən vətənpərvər, dövlətini sevən bir insan kimi dövlət əmlakına daim göz bəbəyi kimi yanaşmış, hər bir inventarın, hər bir dövlət əmlakının üzərində əsmişəm.

Qurumun maliyyə-mühasibat uçotunda və təsərrüfatında mövcud olan bütün çatışmazlıqlar məhz adıçəkilən şəxslərin özlərinin tamahı, sui-istifadə halları, dövlət əmlakını şəxsi məqsədləri üçün istifadəsi ilə bağlı idi.

Belə ki, məsələn surəti məndə olan “Əmlakların (qiymətlilərin) buraxılışı” Tələbnaməsindən görünür ki, qurumun büdcəsi hesabına 3 ədəd, hər birinin qiyməti 3004 (üç min dörd) manat olmaqla cəmi 9012 (doqquz min on iki) manat vəsait hesabına texniki göstəriciləri 13 QHD (2880x1920) IPS 120 Hz/ İntel Core i5 – 1145G7 LPDDR4 8 GB və s. əlavə olaraq elektron qələm, keybord və çanta Tablet alınmış, həmin planşetlərin üçü də özlərinə yaxın əməkdaşın adına qeydiyyata alınmış, lakin hər üçü şəxsi məqsədlər üçün satın alınmışdır. Yeri gəlmişkən həmin əməkdaş da iz itirilməsi üçün sonradan başqa Nazirliyə transfer edildi. Belə ki, həmin planşetlərdən birini Elnur Səfərlinin tapşırığı ilə mən aparıb Sadiq Əliyevə, onun kabinetində təhvil vermişdim və Sadiq Əliyev mənim yanımda zəng edərək Elnur Səfərlini acılamışdı ki, “bəs bunun adaptoru hanı, bunu nəyə taxacam?”. Halbuki, sırf xidməti istifadə məqsədilə, yəni sorğuların keçirilməsi üçün alınan planşetlərin dəyəri 300-500 manat civarında, texniki parametrləri isə bundan qat-qat aşağı idi. Başqa sözlə, xidməti istifadə və sorğuların keçirilməsi üçün 300-500 manatlıq və orta seqmentli texniki parametrlərə malik planşetlər də kifayət edirdi.

Təkcə elə cari 2022-cil ərzində Azpetrol Ltd MMC-yə benzin yanacağının alınması üçün 7475,20 manat xərclənmişdi. Halbuki, qurumun regionlarda heç bir filialı və ya nümayəndəliyi mövcud deyildi, qurum vətəndaşlara birbaşa xidmət göstərmir və yerlərdə vətəndaş qəbulu da keçirmirdi. Həmin ildə AR NK 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş xidməti minik avtomobilləri üçün yürüş həddi normalarına düzgün əməl olunmaması nəticəsində qurumun istifadəsində olan 2 avtomobil üzrə 595,80 manat dəyərində 297,90 litr benzin (!!!) artıq silinmişdir.

Yaxud, qurumun istifadəsində olan “Toyota Camry” minik markalı 99 PT 642 nömrə nişanlı avtomobil müvafiq ezamiyyə əmrləri olmadan inzibati ərazidən kənarda, Şamaxı və Hacıqabul rayonlarında olmuş, 186 manat dəyərində premium markalı benzin sərf edilmişdir.

2022-ci ildə Observatoriyanın 3 illik yubileyi adı altında minlərlə manat dövlət vəsaiti israf edilmiş, müxtəlif təchizatçılara çap materialları, dəftərxana ləvazimatları, tədbirin təşkili, videoçəkiliş aparılması və s. adlar altında silinmişdir. Halbuki, qurum 2020-ci ilin martın 25-də yaradılmış, həmin tarixdə hüquqi şəxslərin reyestrində qeydə alınmış, beləliklə 2022-ci ildə qurumun ümumiyyətlə cəmi 2 yaşı vardı və 3 illiyi tamam olmamışdı. Hətta 3 illiyi tamam olsaydı belə yubiley tədbiri məhz 5, 10, 15, 20, 50, 100 kimi yuvarlaq rəqəmlərlə ifadə olunan müddətlərdə keçirilir və praktikada hələ 3 illik “yubileyini” keçirən müəssisə və təşkilat mövcud olmamışdır. Təşkilat uşaq deyil ki, 3 yaşı tamam olanda qohum-əqrəbanı toplayıb ona ad günü keçirəsən. Təbii ki, burada əsl məqsəd aydındır. Həm də həssas sosial qruplar, işsiz və işaxtaran şəxslər, aztəminatlı ailələlərin maddi-məişət şəraitinin yaxşılaşdırılması baxımından Observatoriyanın 3 illik “yubiley” təntənəsinin nə əhəmiyyəti ola bilərdi?

Bununla yanaşı, şübhəli, mübahisəli, hətta müvafiq dövlət orqanının qərarı ilə bir-neçə dəfə ləğv edilmiş tenderlər nəticəsində qalib elan edilmiş bir sıra təchizatçılara mal anbara daxil olmadan ödənişlər aparılır, elektron qaimələr ödənilir, nəticədə anbar uçotunda defisitlər yaranır, bu defisitləri bir-birilərinin üzərinə atmağa çalışır, bu da mümkün olmayanda mütəxəssis heyətinin adına çıxmağa çalışırdılar.

Qurumun Nizamnaməsində, təsis sənədlərində dövlət qulluqçularının və digər əməkdaşların attestasiyası, imtahanlara cəlb olunması ilə bağlı bircə kəlmə olmadığı halda Elnur Səfərlinin təşəbbüsü ilə 200 min manatdan artıq vəsait imtahan mərkəzinin yaradılmasına, bunun üçün kompyutet avadanlıqlarının alınmasına xərclənmişdi. Halbuki, belə imtahanların Observatoriya tərəfindən mandatına uyğun olmadığı halda keçirilməsini şərti zərurət kimi qəbul etsək belə, bunun üçün dövlət vəsaitlərinə qənaət baxımından DOST mərkəzlərinin infrastrukturu artıqlaması ilə kifayət edirdi. Təsadüfi deyil ki, həmin imtahan mərkəzinin yaradılmasından əvvəl belə imtahanlar şənbə günləri məhz 4 saylı DOST Mərkəzində keçirilirdi və mərkəzin infrastukturu, kompyuter avadanlıqları belə imtahanların təşkilinə artıqlaması ilə kifayət edirdi. Həm də cənab Nazirin də tapşırığı ondan ibarət idi ki, büdcəyə qənaət baxımından bu və ya digər tədbirlər mövcud resurslar əsasında təşkil edilsin.

Təkcə onu qeyd etmək kifayətdir ki, Nazirliyin özünün müvafiq maliyyə monitorinqi nəticələri haqqında arayışına əsasən Milli Observatoriyada maliyyə çatışmazlığı və uyğunsuzluq 82,3 faiz həddində olmuşdur. Məhz elə buna görə publik hüquqi şəxs kimi yaradılmış və perspektivdə təsərrüfat hesablı müəssisəyə çevrilməsi və özünümaliyyələşdirməsi nəzərdə tutulan qurum zərərlə işləməkdə və faktiki olaraq dövlət büdcəsinə və minlərlə muzdlu işçinin və işəgötürənin aylıq ödənişlər apardığı İşsizlikdən Sığorta Fonduna yük olmaqda davam edir.

Beləliklə, “İsgəndərin buynuzu var” taktikası ilə yaralı qazi E.Şərifovun başına gətirdiklərini, habelə özlərinin sui-istifadə hallarını isti izləri itirmək, şahidləri işdən çıxarmaq məqsədi ilə Elmarın özünü, məni, şöbə müdirimi, onunla ünsiyyəti olan iki departament müdirini hədələyən və işdən çıxaranlar unutmuşdur ki, bu ölkənin qətiyyətli, müdrik, ədalətli dövlət başçısı var.

Hörmətli cənab Prezident,

Bu gün Sizin dahi sərkərdəliyiniz altında doğma torpaqlarını işğaldan azad etmiş Azərbaycan Qarabağda misilsiz tikinti-quruculuq, abadlıq işləri aparır, Qarabağımıza həyat qayıdır, Qarabağımız həyata qayıdır. Hər bir qəpik, hər bir manat dövlət vəsaitinin xüsusilə dəyərli olduğu belə məqamda hər bir qurum rəhbərinin, hər bir vəzifəli şəxsin ən ümdə borcu dövlət vəsaitlərinə xüsusilə qənaətlə, həssaslıqla yanaşmaq, onlardan mümkün qədər səmərəli istifadə etməkdir. Lakin əfsuslar olsun ki, adıçəkilən məmurlar bunu anlamır, anlamaq istəmir, bununla kifayətlənməyərək təcrübəli, peşəkar və dürüst əməkdaşları da iz itirmək, şahid saxlamamaq üçün işsiz qoyur. Sizdən bir Azərbaycan vətəndaşı, vətənini, dövlətini sevən bir mütəxəssis kimi qeyd olunan halları şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm.(Yenixeber.or.org)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz