Abşeron rayonu Ceyranbatan qəsəbəsinin sakinləri növbəti dəfə eyni problemlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. Bir surəti də Yenixeber.org-a daxil olan müraciətdə qəsəbə sakinləri yenə də Ceyranbatan qəsəbə 2 №-li tam orta məktəbdə yaşanan şagird sıxlığı problemindən bəhs edir və dövlət başçısından məktəb üçün yeni tədris korpusunun tikintisini xahiş edirlər.
Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli cənab prezident,
Biz-Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Məhəllənin sakinləri-bütün seçkilərdə Sizin rəhbərlik etdiyiniz siyasi hakimiyyətin namizədinə səs vermişik. Sizin fəaliyyətinizi yüksək qiymətləndirmiş, ölkəmizin sabahına daha da ümüdlə baxmışıq. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsindəki ardıcıl və yorulmaz fəaliyyətiniz bütün ölkə ictimaiyyəti kimi bizi də ruhlandırır. Elə bu səbəbdən də qarşılaşdığımız problemin həllində Sizdən kömək umuruq.
Cənab prezident, bizim problemimiz təhsillə, məktəbimizdəki vacib sayılan problemlərlə bağlıdır. Ceyranbatan qəsəbəsinin demək olar ki, yarısını təşkil edən bizim yaşayış massivində bir-2 saylı orta ümümtəhsil məktəb- var. 11 (On bir) sinif otağından ibarət iki mərtəbəli bir korpusdan ibarət məktəbdə 240 (İki yüz qırx) şagirdin təhsil alması nəzərdə tutulsa da, hazırda 1000-ə (Bir min) yaxın uşaq təhsil almaq məcburiyyətindədir. Uşaqların sayının ilbəil artması ilə problemin ciddiliyi də artır. Bu səbəbdən də siniflərdə uşaqların sayı məlum normadan çox, tədris qrafiki isə daha da sıx olur. Tədris məcburiyyət səbəbindən gündə 3 (Üç) növbəlilik olmaqla, həftədə 6 (Altı) gün olur. Bu isə təbii olaraq birbaşa tədrisin səviyyəsinə kəskin şəkildə mənfi təsir edir.
Məktəbdə kompyuter kabinetlərindən, idman zalından, futbol meydançasından isə danışmağa dəyməz. Sizin idmana bunca qayğınızın qarışılığında bizim uşaqlar idman dərslərinin tədrisindən belə məhrum olublar. Cənab prezident, Sizin təhsilə və idmana yüksək qayğınıza baxmayaraq Bakıətrafı qəsəbədə-Ceyranbatan qəsəbəsi 2 saylı orta məktəbdə-intellektli və yetkin nəslin yetişməsində ciddi problemlər var.
Yeni tədris korpusunun və idman zalının tikilməsi üçün məktəbin ərazisində lazımı qədər torpaq sahəsi də var. Nədənsə məsul şəxslər, müvafiq vəzifə sahibləri bu imkana baxmayaraq lazımı addımları atmaqda maraqlı görünmürlər.
Hörmətli, cənab prezident, bizim ümüdümüz Sizədir. Xahiş edirik ki, bizim uşaqların təhsil probleminin həllinə, yeni tədris korpusunun tikintisinə, məktəbimizin müasir standartlara uyğun təminatına kömək edəsiniz.
Əvvəlcədən minnətdarlığımızı bildiririk.
Yenixeber.org