Axtarış...

Alimlər `ƏLƏKDƏN KEÇİRİLİR`: İllər öncə elmi ad alanları nə gözləyir? - "Bizim dərdimizi Emin Əmrullayev anlamaz"


Bu günlərdə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev elmi işlərin maliyyələşdirilməsi ilə bağlı maraqlı açıqlama ilə çıxış edib.
"Hər oxuyan Molla Pənah olmaz"
"Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik", deyə nazir çıxışında bildirib.
Emin Əmrullayev deyib ki, ayrılan elmi xərclərin əsas hissəsi əməkhaqlarının ödənişidir.
"Biz ödənişi elmi nəticələrə bağlamalıyıq. Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir. Biz elmi nəticəsi olan 100-ə qədər alimə əlavə ödənişlər etməyə başlamışıq. Burada elmi adlara yox, ölçülə bilən elmi fəaliyyətə görə ödəniş olunsun. İslahatların əsası budur ki, pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürüləcək", deyə nazir vurğulayıb.
Bəs görəsən, elmi ad alan alimləri gələcəkdə nə gözləyir?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin elmi katibi, Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri Sputnik Azərbaycan-a elmin maliyyələşməsində tətbiq edilən yeni yanaşmanı şərh edib.
S.Xavəri deyib ki, hazırda tətbiq edilən elmi fəaliyyət sahəsində maliyyələşmə iki səviyyəyə bölünür. Bunlardan biri baza, digəri isə ünvanlı maliyyələşmə sistemidir. S. Xavərinin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində bu maliyyələşmə metodlarının hər ikisi tətbiq edilir. Onun sözlərinə görə, ünvanlı maliyyələşmə qrant layihələr əsasında aparılır.
"Sovet təhsil sistemində elmdə əsasən baza maliyyələşmə mexanizmi olub. Amma dünyada həm baza, həm də ünvanlı maliyyələşmə mexanizmi tətbiq edilir. Hazırda elmdə baza maliyyələşməsindən ünvanlı maliyyələşməyə keçidə başlanılıb. Düşünürəm ki, ünvanlı maliyyələşmə mexanizmi doğru yanaşmadır", - deyə müsahibimiz bildirib.

AMEA səlahiyyətlisi bununla belə bildirib ki, amma elmdə tamamilə baza maliyyələşməsindən imtina etmək də olmaz. Çünki baza maliyyə elmin inkişafı üçün mühüm rol oynayan elmi mühitin mövcudluğunu, yəni elmi konteksti qoruyub saxlayır. Ünvanlı maliyyələşmə isə bu mühitdə yeni elmi ideyaların yaramnmasına təkan verir: "Biz elmdə baza maliyyələşmə mexanizmini saxlamaqla ünvanlı maliyyələşməni inkişaf etdirməliyik. Bu halda elmdə baza və ünvanlı maliyyələşmə stimullaşmaya səbəb ola bilər".
"Əlavələrin kəsilməsi radikal addım olar"
O ki, qaldı elmi dərəcələrə görə alimlərə əlavələrin verilməməsinə, AMEA-nın Elm və təhsil şöbəsinin müdiri bunu düzgün hesab etmir. Onun qənaətinə görə, elmi dərəcələrə görə əlavələr hazırda qüvvədə olan elm və təhsil sahəsindəki fəaliyyəti tənzimləyən normativ hüqqi bazaya əsaslanır.
"Elmi dərəcələrə görə alimlərə əlavələrin verilməsinin ləğvi, radikal addım olardı. Daha doğru yanaşma odur ki, elmi dərəcələşmə ilə real elmi fəaliyyət və elmi nəticəliliyin bir-birinə düz mütənasibliyi təmin edilsin. Bu istiqamətdə isə elm və təhsil sahəsində dövlət siyasətinə məsul qurumlar- Elm və Təhsil Nazirliyi, AMEA və Ali Attestasiya Komissiyası qarşılıqlı əməkdaşlıq şəraitində tədbirlər həyata keçirilməkdədir", deyə Sərxan Xavəri əlavə edib.
Elmdə differensial yanaşma olmalıdırmı?
"Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a bildirib ki, elmi ad alan şəxslər elmi tədqiqat və ali təhsil müəssisəsində çalışdıqda ona elmi dərəcələrə görə əlavələr verilir. Onun sözlərinə görə, əgər fəaliyyəti sırf elmi tədqiqatla bağlı deyilsə, bu zaman həmin şəxs elmi dərəcəyə görə ödənilən vəsaiti almır. İ. Orucov deyir ki, əmək haqqına münasibətdə differensial yanaşmaya gəlincə, elmi tədqiqatla məşğul olanlara münasibətdə differensial yanaşma yoxdur: " Dünyada elm humanitar və elmlərə ayrılır. Xaricdə elm dedikdə daha çox həyat və texniki elmlər nəzərdə tutulur. Bəzi ölkələrdə humanitar və fundamental elmlər sahəsində çalışanların əmək haqqı fərqli olur. Fundamental elmlər sahəsində çalışanların əmək haqqı daha yüksək olur".

Müsahibimiz bildirir ki, elmdə differensial yanaşma olmalıdır, amma bunun bir yolu tapılmalıdır. İ. Orucov qeyd edib ki, artıq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində olan elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan bir sıra tədqiqatçıya müvafiq olaraq hər ay 1000 manatadək vəsaitin ödənilməsinə başlayıb. Mükafatlandırma Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən hazırlanmış "Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası" əsasında pilot qaydada elmi tədqiqat institutları tərəfindən tətbiq edilir.
"Bu yaxşıdır, amma mən bunu da ideal hesab etmirəm. Bu fəaliyyətinə görə insan əməyinin qiymətləndirilməsidir. Ona görə ideal deyil ki, Azərbaycan mühitində xaricdə indeksli jurnallarda məqalələrin çapı ilə bağlı da xeyli sui-istifadə halları var. Mən adam tanıyıram ki, yüksək indeksli jurnallarda ayda iki məqaləsi çıxır, amma onların heç birindən xəbəri yoxdur. Xarici müəlliflərlə, elmi tədqiqatçılarla münasibətləri olduğundan, o məqalələrə öz adlarını da yazdırırlar. Həmin məqalələrə nəzər salsaq görərik ki, o tədqiqatları aparmaq üçün Azərbaycanda nə avadanlıq, nədəki laborator şərait yoxdur. Belə hallar kifayət qədərdir. Reytinqli nəşrlərdə çap olunmaq üçün bəzi adamlar sui-istifadə hallara yol verir. Xüsusilə qrup halında tədqiqatlara azərbaycanlı alimləri də daxil edirlər ki, həmin tədqiqatlarda azərbaycanlı alimlərin rolunu müəyyənləşdirmək çətindir. Bununla mübarizə aparmaq da çətindir. Qiymətləndirənlər bunu müəyyən edə bilmirlər ki, o araşdırmada azərbaycanlı müəllifin nə qədər rolu var. Bu artıq elmi etika məsələsidir ki, bizdə bununla bağlı problemlər mövcuddur", - deyə İlqar Orucov bildirib.
Bununla belə İ.Orucov deyir ki, əmək haqqına yanaşmada diferensiallaşma mütləq olmalıdır. O, hesab edir ki, indiki halda nazirliyin yanaşması doğrudur, amma bunu təkmilləşdirməyə ehtiyac var.
"Bizim dərdimizi Emin Əmrullayev anlamaz"
Dosent Zaur Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirin elmə, alimlərə yönəlik fikirləri ilə razı deyil.
"Cənab nazir qeyd edir ki, elmi dərəcələrə görə pul artırmağın mənası yoxdur. Bəs yaxşı bu lazım deyilsə, onda niyə universitetlərdə elmi dərəcəsi olmayanların müəllim işləməsinə icazə verilmir? Yaxud alimlərdən məcburi xarici reytinqli jurnallarda məqaləsinin çıxması tələb olunur? Yaxud elmi iş müdafiə edəndən sonra Ali Attestasiya Komissiyası ağır şərtlər irəli sürür ki, bunların hamısı xərc tələb edir. Alimə elmi dərəcəsinə görə əlavə verilmirsə, alim bu xərcləri necə qarşılasın? Emin Əmrullayev deyir ki, alimə ödəniş olmaz, əlavə olmaz, yüksək maaş olmaz. Onda birdəfəlik deyin ki, ölkəyə elm və alim də lazım deyil. Alimin elmi dərəcə almasının necə ağır şərtlərlə başa gəldiyini elm və təhsil naziri anlamaz. Çünki, o özü alim deyil, elmi iş yazmayıb və elmdən xəbəri yoxdur! Elmin və alimin dərdini alim anlaya bilər, menecer nazir yox!", deyə dosent bildirib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz