Axtarış...

Susuzluqdan əziyyət çəkən vətəndaş müraciətləri diqqətə alınmır - Su agentliyindən şikayətlər çoxalıb


Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların ən böyük şikayət ünvanına çevrilib. Sosial mediada daha çox bu agentliyin və ya təşkilata tabe olan qurumların fəaliyyətindən giley-güzar diqqət çəkir. Vətəndaşlar hər gün yüzlərlə müraciət yazır. Nadir hallarda hansısa müraciətə müəyyən reaksiya verilməsi gözə dəyir.

Bizimyol.info xəbər verir ki, payız günlərində şikayətlər lap çoxalıb. Həm suyun verilməsi, həm də kanalizasiyanın işi ilə bağlı çox şikayət oxumaq olur. Vətəndaşlar dərdini deyə biləcək yer tapmır. Dövlət Su Ehtiyatları Agentliyindən narazı vətəndaşlar həm də müraciətlərinə laqeyd yanaşılmasından gileylənirlər.

Murad Əlibəyli şikayətlənir ki, oktyabrın 18-dən Sabunçuda Bəhruz Kəngərli küçəsində kanalizasiya tutulub. Çirkab suları buradakı məscidin həyətinə axır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə hər gün müraciət olunur, amma deyilənlər qulaqardına vurulur.

Badamdardan xeyli yazan olub. İnsanlar “su” deyib imdad diləyir. Su təchizatı xidmətinin bütün paylaşımlarının rəy bölümündə bu qəsəbədən şikayət görmək olur. Cəmil Hasilov küçəsində günlərlə su olmur. Şikayətləri eşidən isə yoxdur.

Corat bağlarından da su agentliyindən kömək istəyən az olmur. Yazılanlardan anlaşılır ki, indiyə qədər çox müraciət olunub. Sadəcə, su təsərrüfatının funksionerləri insanları saymayıb. Buna görə də şikayətçilər aqressiv ifadələr işlətməkdən də çəkinmir. Çünki boğaza yığılıblar.

Dövlət Su Ehtiyatları Agentliyi COP29 konfransı ilə bağlı paylaşımlar edir. Şikayətçilərdən biri yazır ki, su təsərrüfatını bu dərəcədə bərbad idarə edən qurumun beynəlxalq tədbirdən danışmağa haqqı yoxdur. Əvvəlcə daxili tələbatı ödəmək lazımdır.

İnsanlar susuzluqdan əziyyət çəkir. Hətta paytaxtın mərkəzi ərazilərində su tapılmaması halları olur. Su agentliyinə bu qədər pullar ayrılır. Təşkilat daim büdcə pullarına möhtac qalır. Zərər üst-üstə yığılır. Ortada işdən əsər yoxdur. Bunun nə vaxta qədər davam edəcəyi də bilinmir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz