Axtarış...

 “20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir

Azərbaycan vətəndaşı Fətəliyev Ağamirzə Hacıbala oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. O, Türkiyənin “A life Park” hospitalından şikayətçidir. A.Fətəliyevin müraciətini olduğu kimi dərc edirik:

“Mən, Fətəliyev Ağamirzə Hacıbala oğlu, bildirirəm ki, 2022-ci il aprel ayının 14-də həyat yoldaşım Gülgəz Fətəliyevanın sağ dizində olan protez bərpa olundu. 15 aprel tarixində yoldaşımı evə gətirdim.

16 aprel 2022-ci il tarixində insult keçirdi. O vaxtdan bəri daha iki dəfə, 2022-ci ilin dekabr ayında və 2024-cü ilin mart ayında insult keçirib. Bu səbəbdən, hərəkətsiz qaldığı üçün sağ dizində olan protez yararsız hala düşdü, xəstə ayaq üstə dura və hərəkət edə bilmədi. Hal-hazırda xəstə 1-ci qrup əlildir.

Sağ dizindəki protezi dəyişdirmək üçün tanınmış travmotoloq , ortoped həkimlərə müraciət etdik. Onlar dedilər ki, xəstə müəyyən müayinələrdən keçəndən sonra biz qərar verə bilərik. Ən əsas müayinədən biri də boyun damarları oldu. Hansı ki, beyni qanla təmin edirlər.

Kompüter tomoqrafiyası zamanı aşkar olundu ki, sağ tərəfdə damar 100 faiz, sol tərəfdə isə 30 faiz tutulub.

Bakıda olan 4 tanınmış damar cərrahından heç biri bu damarları əməliyyat etməyə razılaşmadılar. Dedilər ki, o damarlara əl vurulsa xəstə öləcək.

2 il 5 aydan sonra qərara aldıq ki, Türkiyənin ya İstanbul, ya da Ankarada olan klinikalarının biri ilə əlaqə saxlayaq, bəlkə bu əməliyyatı apara bilən həkim tapıldı. 17 avqust 2024-cü il tarixində Azərbaycanda uzun müddət çalışmış Avni və Mehmetali Metin adlı tanışlarıma müraciət etdim. İki gün keçmiş Mehmetali Metin mənə zəng edib dedi ki, Türkiyənin Ankara şəhərində yerləşən tanınmış “A life Park” adlı hospital var, sənədləri göndər, baxıb qərar versinlər.

Mən də rentgen və tomoqrafiya çəkilmiş diskləri ona göndərdim. Əlavə olaraq dedim ki, boyun damarları tıxanıqlı olduğuna görə buradakı həkimlər protezi dəyişdirməyin qeyri-mümkün olduğunu dedilər. Bildirdim ki, professorlar göndərdiyim sənədlərə, disklərə diqqətlə baxıb, sonra qərar versinlər. Müsbət qərar verdikləri halda əməliyyatın dəyərini də dəqiqləşdir ki, hazırlıqlı gələk. Onu da xahiş etdim ki, dəqiqləşdirsin, ora gələndən sonra deməsinlər ki, əlavə bu qədər ödəməliyik.

İki gün sonra Mehmetali Metin mənə zəng edib dedi ki, əməliyyatların qiyməti hər şey daxil 22 min dollar olacaq. Bura gələndən 2 gün sonra sol damar, 5 gün sonra sağ boyun damarı, 7 gün sonra protez dəyişdiriləcək. 7 gün sonra durub, ayağı ilə Bakıya gedəcək.

Biz həm kədərləndik, həm də sevindik. Kədərləndik, ona görə ki, 22 min dollar tapılacaqmı?! Qızım birotaqlı evini təcili olaraq 45 min manata satdı. Sentyabrın 8-də Ankaraya getdik. Axşam saat 23-də xəstəxanaya çatdıq. Mehmetali Metinin iştirakı ilə 20 min dolları (depozit yatırımı) köçürdük.

9 sentyabr 2024-cü il tarixindən qan analizləri, dizin rentgeni, baş-boyun tomoqrafiyası və s. müayinələrə başladılar. Bu proses sentyabrın 12-ə kimi davam etdi.

Həkimin 10 dəqiqə konsultasiyasına görə, 13 587.04 TL (399.62 dollar) ödəniş yazıblar. Konsultasiyanın nəticəsi yoxdursa, o ödəniş olunmamalıdır. Yaxud fizioterapiya və reabilitasiya (A qrupu) – 2 683.44TL (79 dollar). Hansı fizioterapiyadan söhbət gedə bilər? Diaqnoz qoyulmadan fizioterapiya və reabilitasiya necə oluna bilər? Bir halda ki, müayinələrin nəticəsi olmadı, biz onlara ödəniş etməməliyik. Nazmiyə xanım (baş müdirin köməkçisi) anladı ki, əməliyyat baş tutmayacaq.

Müxtəlif bəhanələrlə bizi 15 gün orada saxladılar. Ödədiyimiz pulları rahatlıqla həzm etdilər. Mən Mehmetali Metinə dedim ki, bizim bu günə qədər nə qədər xərcimiz çıxıb? Nazmiyə xanım axşam mənə dedi ki, 21 min 730 dollar xərclənib. Lkain heç bir əməliyyat baş tutmadı. Bir sözlə, 20 min dollar pulumuzu “yedilər”, nəticəsi isə sıfırdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz