Bərdə rayonu, Lənbəran kənd sakini Həsənov İkram Şəfa oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Məktubunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini ittiham edən şikayətçinin müraciətini olduğu kimi dərc edirik:
"Mən, Həsənov İkram Şəfa oğlu, 1992-ci ildə N saylı hərbi hissəyə çağırılmışam. 1993-cü ildə döş qəfəsindən və beyin nahiyyəsindən ağır yaralanmışam. Bədənimdə müxtəlif sayda “askol” mövcuddur.
16.08.21-ci ildə Əlillərin Bərpa Mərkəzinə hərbi komissiyaya çağırılmışam, əlilliyim hərbi komissiya tərəfindən qiymətləndirilib. Mərkəzin sədri Anar Bayramov bildirdi ki, qiymətləndirmədən sonra axrıncı müalicə kağızı sistemə vurulsun və bura gəlmədən əlilliyini ala biləcəksən.
Çox təəssüf ki, bu günə qədər hələ də əlilliyim verilmir.
Bakı İnzibati Məhkəməsinə müraciət etdim, hakimdən hərbi komissiyanın verdiyi qərarı, yəni qiymətləndirməni gizlətdilər.
2022-cil ildə baş nazirdən xahiş etdim ki, hərbi komissiya tərəfindən qiymətləndirilən sənədim mənə verilsin. Baş nazir sağ olsun, 2022-ci ildə imzalı şəkildə göndərdi ki, qiymətləndirilən sənəd verilsin. Amma Əmək və Əhalinin Sosial Nazirliyi bugünkü günə qədər hərbi komissiyanın qərarını məndən gizlədir.”
Lənbəran kənd sakini Həsənov İkram Şəfa oğlunun müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavab verib. Nazirliyin “Hürriyyət”ə ünvanladığı məktubu olduğu kimi dərc edirik:
“Bərdə rayon sakini Həsənov İkram Şafa oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş əsasında 16.08.2021-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Agentliyin həkim-ekspertlərinin müayinəsi zamanı vətəndaşın sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən funksional pozuntular müşahidə edilməyib.
Nəticədə qanunvericiliyə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib.
Son 2 il ərzində isə İ.Həsənovun əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən heç bir forma-88 sənədi rəsmiləşdirilməyib.
Belə olan halda əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndiriləcək”.