Axtarış...

AYNA-ya ETİRAZ: “Bu yiyəsizlik nə qədər davam edəcək?”


Yazıçı, Xırdalan sakini Jalə İsmayıl 199 saylı marşrut avtobusunun intervalının uzunluğundan şikayət edib.

Yenicag.az xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

O, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə bu sualları ünvanlayıb:

“Kim nəzarət etməlidir xətdəki avtobus sayına? Avtobusların hansı vəziyyətdə olmağına? Bu yiyəsizlik nə qədər davam edəcək? “Faiqoğlu”nun 199-unda deyirlər ki, bir avtobus axırıncı dayanacağa girməmiş (Bakı Mühəndislik Universiteti – J.İ) dispetçer avtobus buraxmır xəttə.
Bu məntiq sərnişindaşımanın qaydasıdır? Hamısı belə işləyir? Sumqayıt yolu boyu əhali üst-üstə yığılıb gözləyir ki, son dayanacağa nə vaxt avtobus girəcək. Biz hər səhər hansı vəziyyətdə işə gəlib çıxırıq, düşünən var oralarda? Adamlıqdan çıxırıq! İnterval 8 dəqiqə olmalıdır, amma heç bir halda olmur!”

O,bu gün 4-cü avtobusa minə bilmədiyini qeyd edib

“Və sonuncudan 3-cü dayanacaqda gözləyirəm! O yol kənarında nə qədər əhali yaşadığından xəbəriniz varmı?

Hər səhər millət bir-birini yeyir avtobuslarda. Sükandakı sürücü sərnişinlə dava edir, sərnişinlər bir-birini qırır. Bu biabırçılığın sonu olacaq, ya yox?
“Faiqoğlu”nun 65-ində də uzun bir interval var. Şirkətin avtobuslarında kondisioner mütəmadi şəkildə işləmir. Sürücü deyir, kondisionerin gücü çatmır. Niyə? Bəlkə camaatı normadan iki dəfə artıq yığdığına görə? Bu gözüdoymaz şirkət daha nə qədər rentabelli olmaq istəyir??
Şikayətçini sosial mediada bloklamağı bacarır ancaq bu şirkət. Xırdalana tərəf bütün böyük marşrutları qapazlayıb, heç biri də normal işləmir. O qədər əhali sayına görə intervalı hələ 5 dəqiqəyə endirsə belə, azdır, bunlar interval uzadır ki, avtobus doldursunlar”.

Qeyd edək ki, 199 saylı marşrut avtobusun hərəkət yolunun uzunluğu 28 km, dayanacaqlarının sayı isə 31-dir. Bakı Mühəndislik Universitetindən Yaşıl bazara qədər gedən avtobusda ən çox sərnişin Xırdalan şəhərinin Bakı-Sumqayıt yolundakı yaşayış hissəsi və Masazır qəsəbəsindən olur. Nəzərə alsaq ki, bu ərazilərdə yaşayan əhali sayı ilbəil artır, bir marşrut xətti ilə sərnişin daşınmasının öhdəsindən gəlmək olduqca çətindir. Bu ərazilərdə yaşayan sərnişinlər bir neçə il əvvəl Bakı Mühəndislik Universitetindən “20 Yanvar” metrostansiyasınadək işləyən 200 saylı avtobusdan istifadə edirdi. Bəlli olmayan səbəblərdən həmin maşrut xətti ləğv edildiyindən bu ərazidə avtobus problemi yaranıb. Bu da insanların səhərlər işə gecikməsinə, axşamlar isə avtobus minə bilməmələrinə səbəb olur.

Ümid edək ki, bu problemi nəzərə alan əlaqədar qurumlar onun həllinə çalışacaq. Yazıda adı keçən qurumların da mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
Text-to-Speech

DİNLƏ






Şərh yaz