Axtarış...

Ağır Cinayətlər Məhkəməsinin bəraət verdiyi şəxsə Apellyasiya Məhkəməsi 5 il iş verdi - Hakim 10 min rüşvət alıb?


Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun 10 min manat rüşvət müqabilində günahsız şəxsi həbsə atdırdığı iddia olunur. Hadisə bu il avqustun əvvəllərində baş verib.
Bu barədə Neftçala rayonu, Xıllı kənd sakini Ülviyə Məhərrəmovanın Bakupost.az -a daxil olan şikayət məktubundan aydın olur.

Ü.Məhərrəmovanın sözlərinə görə, həyat yoldaşı Vüqar Məhərrəmov qanunsuz olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib:
"Yoldaşım Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (dələduzluq, külli miqdarda ziyan vurduqda) ittiham olunub. Bu maddə ilə onun işinə əvvəlcə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldı. Məhkəmə əməlində cinayət tərkibi olmadığını əsas gətirərək, ona bəraət hökmü çıxardı".
Ülviyyə Məhərrəmova daha sonra qeyd edib ki, sonradan zərərçəkmişin apellyasiya şikayəti və prokurorun apellyasiya protesi əsasında işə hakim Həsən Əhmədovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılıb.
Ü.Məhərrəmovanın sözlərinə görə, məhkəmə iclasları yekunlaşana yaxın həyat yoldaşı Vüqar Məhərrəmov ona deyib ki, zərərçəkmiş şəxs hakimə və prokurora pul verib. O, bu barədə zərərçəkmiş şəxsin oğlunun danışdığını bildirib:
"Vüqar mənə dedi ki, zərərçəkmişin oğlu onun tanıdığı adamlara atasının hakimə 10 min manat, prokurora 3 min manat verdiyini və Vüqarı tutduracaqlarını bildirib. Məhkəmədə Vüqara söz veriləndə o, bunları dilə gətirdi. Ancaq buna inanmadığını və hakimlərin ədalətli qərar verəcəyinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmünü qüvvədə saxlayacaqlarına ümid etdiyini bildirdi. Lakin hər şey Vüqarın şübhələndiyi kimi oldu. Onun barəsində olan hökm dəyişdirildi və Vüqar 5 il 6 ay müddətinə azadlıqdan məhrum edildi".
Ü.Məhərrəmova şikayət məktubunda məhkəmə prosesinin obyektivliyinə xələl gətirən digər məqamlardan da bəhs edib. Onun sözlərinə görə, Apellyasiya Məhkəməsinin hakimi ilə şikayətçinin vəkili arasında açıq dostluq münasibətləri hiss olunurdu. Ü.Məhərrəmova qeyd edib ki, hakimlə vəkilin məhkəmə prosesindən öncə mehriban söhbəti, zarafatlaşması da bundan xəbər verirdi.
Onun redaksiyamıza ünvanladığı müraciətdə o da qeyd olunur ki, qanunvericiliyə əsasən, apellyasiya məhkəmə iclaslarından əvvəl məhkəmə istintaqı təzələnmir. Şikayətçi bildirir ki, hakimlər qərar çıxarmağa hazırlaşsalar da, sonradan bilinməyən səbəbdən məhkəmə istintaqı təzələnib, ancaq heç bir araşdırma getməyib:
"Proses zamanı nə sənədlər ətraflı araşdırılıb, nə də məhkəməyə şahidlər dəvət olunub".
Müraciətində qanunun aliliyinin hər şeydən üstün olduğunu vurğulayan Ü.Məhərrəmova yeganə istəyinin həyat yoldaşının işi ilə əlaqədar ədalətli hökm çıxarılması olduğunu qeyd edir: "Qanun qarşısında hamımızın boynu qıldan incədir. Mən yalnız ədalətin bərpa olunmasını istəyirəm".

Qeyd edək ki, artıq Vüqar Məhərrəmovun sifarişlə, hakim və prokurorun əlbir olaraq 13 min manat rüşvət almaları nəticəsində qanunsuz həbs olunması ilə əlaqədar Məhkəmə-Hüquq Şurasında da müraciət edilib.
Əldə etdiyimiz məlumata görə, bu, Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun çıxardığı ilk qərəzli və ədalətsiz hökm deyil. Onun əvvəllər də maddi maraq müqabilində qanunsuz qərarlar çıxardığı bildirilir. Təsadüfi deyil ki, 2022-ci il aprelin 22-də Məhkəmə-Hüquq Şurasının iclasında barəsində qərar çıxarılan 3 hakimdən biri də Həsən Əhmədov idi. Həmin qərara əsasən, hakim Habil Məmmədova töhmət verilmiş, Həsən Əhmədov və İlqar Murquzova isə xəbərdarlıq edilmişdi.
Son illər məhkəmə sistemində şəffaflığın təmin edilməsi, eləcə də rüşvət və korrupsiyaya şərait yaradan, vətəndaşlarda haqlı narazılıq doğuran neqativ halların aradan qaldırılması üçün qətiyyətli tədbirlər görülsə də, təəssüf ki, bəzi hakimlər, xüsusən də uzun illər məhkəmə sistemində kök salanlar qanunsuz əməllər törətməkdən çəkinmirlər. Elə Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov da öz çıxışlarının birində məsələyə toxumuş və bildirmişdi ki, bəzi hakimlər təqaüdə çıxmaq ərəfəsində yanlış qərarlar verməkdən çəkinmirlər. O, belə hakimlərə təqaüdə cıxacaqlarına arxayın olmamağı tövsiyə etmişdi. Görünür, hakim Həsən Əhmədov da təqaüdə göndəriləcəyini düşünərək, apardığı son proseslərdə qanunun aliliyi və ədaləti deyil, "qabağa düşməyi" üstün tutub. Amma hüququn, haqq-ədalətin sınaqdan çıxmış düsturu var: Cinayət heç zaman cəzasız qalmır!
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz