Avropa Siyasi İcmasının İspaniyanın Qranada şəhərində keçirilmiş Zirvə Toplantısında Almaniyanın kansleri Olaf Şolts "vasitəçi" olmaq fikrinə düşmüşdü. O, Fransa prezidenti Emmanuel Makronun sövqetmələrindən və dilətutmalarından sonra Avropa İttifaqının Siyasi Şurasının sədri Şarl Mişellə birlikdə "moderator tərəf" rolunu oynayacağını, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı eyni masa arxasında görəcəyini düşünürdü.
Alınmadı, çünki Qranadada Makronun ssenarisi ilə hazırlanan "beştərəfli görüş" baş tutmadı, rəsmi Bakı bu tragifarsdan imtina etdi və sonucda Makron-Mişel-Şolts-Paşinyan kvarteti "birgə bəyanat" qəbul etməklə kifayətlənməli oldular.
Qranada fiaskosu Olaf Şoltsun xarici siyasətdəki uğursuzluqları arasında sadəcə, növbəti mərhələ idi. İspaniyadakı məzhəkədən əvvəlki uğursuzluqlarını Şolts indi də davam etdirir, amma Cənubi Qafqazda regional geosiyasətə müdaxilə etmək və proseslərə önəmli təsir elementlərinə yiyələnmək istəklərindən əl çəkmir.
Halbuki...
Avropa İttifaqında (Aİ) lider statusunu Almaniya çox böyük sürətlə itirməkdədir. Olaf Şolts hökumətinin daxili siyasətdə problemləri həll edə bilməməsi, xarici siyasətdə tam diletantlığı Aİ ilə yanaşı, NATO daxilində də ciddi başağrılara səbəb olub.
Aşkar görünür ki, sabiq "bundeskanslerin" Angela Merkelin səviyyəsinə çata bilməyən Olaf Şolts siyasi "nəhəng" yox, "cırtdan"dır.
10 il əvvəl, zəifləmiş Aİ bir böhrandan çıxıb digərinə yuvarlananda Avropada sadəcə, bir siyasi lider vardı. Almaniya və ölkənin kansleri Angela Merkel digər Avropa ölkələri ilə avropalı siyasətçilərin diqqətlə dinlədikləri, baxdıqları liderlərdi.
Cənubi Avropa ölkələri maliyyə və bank böhranlarında çabalayır, Şərqi Avropa ölkələri enerjidaşıyıcıları təminatı problemlərini həll etməyə çalışır, Mərkəzi Avropa ölkələri yardımları azaltmaq istəyirdilər. Onların hamısı haqlı idilər, amma heç biri Angela Merkelə əks mövqe tutmağa, Almaniyanın maraqlarına qarşı çıxmağa cürət etmirdilər.
İndi Brüsseldə tam fərqli müzakirələr aparılır: Almaniyanın zəifləməsindən, kansler Olaf Şoltsun qorxaqlığından və bacarıqsızlığından bəhs edirlər. Almaniyanın özündə Olaf Şoltsun rəhbərlik etdiyi, üç partiyadan ibarət koalisiyadakı qarşıdurmalar sonradan metastazlar kimi bütün Avropa İttifaqına yayılır, Brüsselin fəaliyyətində əngəllər yaradır.
Berlində hakimiyyə koalisiyasını təşkil edən Almaniya Azad Demokratik Partiyası (Freie Demokratische Partei, FDP), Almaniya Sosial-Demokrat Partiyası (Sozialdemokratische Partei Deutschlands, SPD) və "Yaşıllar" Partiyasından (Bündnis 90/Die Grünen) ibarət sttrukturda tərəflər arasındakı qarşıdurmalar əsla səngiməyərək düşmənçiliyə çevrilib. Köhnə alyanslar görkəmlə mahiyyətini dəyişir, bir zamanlar Almaniyaya dost olduğunu bəyan edən ölkələrsə indi Berlindən yan keçməyə üstünlük verirlər.
Angela Merkeldən fərqli olaraq, Olaf Şolts səbrlə və bacarıqla anlaşmalara nail olmaq istedadına malik deyil.
Aİ sammitərində o, sırf Almaniyanın mövqelərindən çıxış edir və sonra da başqalarının onu dinləmək istəmədiklərinə təəccüblənir.
Olaf Şolts ölkəsinin Cənubi Qafqazdakı maraqlarından bəhs edir, ancaq hətta Ermənistanın baş naziri, bivecliklə və yarıtmazlıqda ad çıxarmış Nikol Paşinyan belə, Almaniyanın kanslerini istehza ilə dinləyərək, rişxənd edir.
Almaniyanın Avropada liderlik arzusu yaxın perspektivdə reallaşan plana bənzəmir. Hakimiyyət koalisiyasındakı didişmələr, məhkəmələrdəki qərar problemləri, üstəlik ölkənin federal quruluşu - bütün bunlar Berlində qərarların qəbulunu uzunmüddətli və üzücü edir.
Olaf Şolts Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Almaniyanın xarici siyasətində köklü dəyişikliklərin başlandığını söyləyərək "Zeitenwende"ni elan edəndə də tələsdi. Almaniya dəyişməyə başladı, söz yox.
Rəsmi Berlin silahlı qüvvələrində yenilənmə və modernləşdirməyə start verdi, üstəlik təbii qaz, xam neft və daş kömür təminatında Rusiyadan asılıığını azaltmaq üçün real addımlar atdı. Berlin enerji siyasətində də dəyişikliklərə başladığını vurğuladı və az sonra təbii qaz təminatı ilə bağlı Azərbaycanla danışıqları intensivləşdirdi.
Bir qədər keçdi, Olaf Şolts çox qəribə şəkildə Fransa prezidenti Emmanuel Makronun çılğın, volüntarist və bir qədər sərsəm xarici siyasət təşəbbüslərinə qoşulmağa başladı. Xüsusilə də Fransada növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarından sonra E.Makron əslində Olaf Şoltsun siyasi nüfuzuna ağır zərbə vurmuş oldu.
Makron öz ampluasına və şüuruna sadiq qalaraq Olaf Şoltsu "zəif", Almaniyanı "Fransadan kiçik" ölkə sayır. Halbuki bütün problemlərinə rəğmən, Almaniya çəki və təsir imkanları baxımından Avropa İttifaqı ölkələrinin hamısından üstündür hələ ki. Rəsmi Berlinin dəstəyi olmadan Avropa İttifaqının gündəmindəki bir sıra məsələlər heç bir halda tənzimlənə bilməz.
Amma önəmli məsələlərdə Olaf Şolts tələsir. Məsələnq, o, Ukrayna, Moldova və Gürcüstanın üzvlüyə qəbulu hesabına Avropa İttifaqının böyüməsini "Avropa üçün geosiyasi prioritet" elan edib. Halbuki genişlənmək üçün Aİ ilk əvvəl özündə ciddi islahatlar aparmalı, üzv ölkələrin veto hüquqlarına yenidən baxmalı, imtiyaz və dotasiya siyasətini yeniməlidir. Kapital bazarları ittifaqının formalaşması da çox ciddi səylər və resurslar tələb edir.
ABŞ-Çin qarşıdurmasının gücləndiyi, Vaşinqtonla Parisin postsovet məkanında, xüsusilə də Cənubi Qafqazda aqressiv geosiyasi fəaliyyətlə məşğul olduqları zamanda Avropa İttifaqının daxili və xarici siyasətinin mövcud çağırışlara hansı səviyyədə cavab verə bilməsi də müzakirə mövzusudur.
Olaf Şolts indi "sadiq müttəfiqi"nə, Avropa Komissiyasının son onillərdəki ən nüfuzlu sədri sayılan Ursula fon der Lyayenə güvənir.
Ursula fon der Lyayenin rəhbərlərindən biri olduğu Avropa Xalq Partiyası onun vətəni Almaniyada müxalifətdə qalsa da, Avrokomirssiyanın sədri Almaniyanın maraqlarını və problemlərini özünə yad bilmir.
Postuna 5 il müddətinə ikinci dəfə seçilən frau Ursula indi çox böyük siyasi nüfuza və kapitala malik olduğundan Berlinə ünvanlanmış dəstəyini əsirgəməyəcək.
Zaman Olaf Şoltsun və Almaniyanın əleyhinədir.
Almaniyada hakimiyyət koalisiyasını təşkil edən partiyalar Avropa Parlamentinə keçirilmiş seçkilərdə ağır zərbə aldıqlarından onlar sentyabrda keçiriləcək regional seçkilərə hazırlaşır, nüfuzlarını və reytinqlərini bərpa etməyə çalışırlar.
Üstəlik, ölkədəki partiyaların diqqəti 2025-ci ilin payızında keçiriləcək ümumxalq seçkilərinə yönəlib. Belə şəraitdə təbii ki, Almaniyadakı hakimiyyət koalisiyasındakı partiyalar daxili siyasətdəki məsəllələri xarici siyasətdə yaşanan problemlərdən üstün tutmağa çalışacaqlar.
Geosiyasi risklər artır, Avropa İttifaqı ölkələrində iqtisadiyyat yeni staqnasiya dövrünə girir - alman partiyaların davranışı ciddi risklər yarada bilər.
Olaf Şolts ciddi yeniliklərə əl atmasa, onun durumu ağırlaşacaq.
Xüsusilə də xarici işlər naziri Annalena Berbok artıq aşkar rəqabətə başladığı üçün rəsmi Berlinin yürütdüyü diplomatiyada "maraqlı anlar" yaşanacaq.
İyul ayında NATO-nun Vaşinqtonda keçirilmiş yubiley sammitinə qatılmış Berbok ölkədə bundestaqa keçiriləcək seçkilərdə kansler postuna namizədliyini irəli sürməyəcəyini bildirib.
Almaniyadakı siyasi reallıqları və ənənələri xatırlasaq, bu o deməkdir ki, Berbok mənsub olduğu “90 İttifaqı/Yaşıllar” (Bündnis 90/Die Grünen) partiyasında sədr olmaq niyyətindədir. Almaniyanın vitse-kansleri Robert Habek də həmin post uğrunda mübarizə aparmaq niyyətindədir.
Berlinin Cənubi Qafqazda yürütdüyü geosiyasi strategiyaya və xüsusilə də Azərbaycanla bağlı diplomatiyasına gəldikdə isə, Berbokun rəhbərlik etdiyi XİN aşkar şəkildə proatlantik mövqe tutub. Daha doğrusu, Annalena Berbokun özünün dediyinə görə, “feminist diplomatiya” seçilib. İdeyanın mahiyyəti odur ki, Berbok özündən əvvəlki, Almaniya Sosial-Demokrat və Almaniya Azad Demokratlar partiyalarının mənsubları olan XİN başçılarından fərqli olaraq onun mövqelərini təqdir etməyən, nəzər nöqtəsini paylaşmayan şəxslərlə, habelə dövlətlərlə açıq qarşıdurumaya gedir.
Heç təsadüfi deyil ki, A.Berbok XİN başçısı postuna təyinat alan kimi Almaniyanın ilk kansleri, alman xarici siyasətinin banisi Otto fon Bismarkın ideyalarını rədd etdi. Almaniya XİN-nin binasındakı “Bismark otağı”nın adı dəyişdirilərək “Alman vəhdəti otağı” oldu.
Berbokun Bismara olan antipatiyasının səbəbi də məlumdur: Bismark diplomatiyasının əsasını Berlinin maraqları olan bölgələrdəki dövlətlərlə normal əlaqələrin qurulması taktikası təşkil edirdi.
Almaniyanın bir sıra bölgələrdə, o cümlədən Cənubi Qafqazdakı siyasətinin və xüsusilə də regionda sülhlə stabilliyin təminatı üçün Ermənistanın zəruri addımlara sövq edilməsi məsələsində Berlinin apatiyası bütünlüklə Annalena Berbokun “xidmət”idir.
Olaf Şoltsla Annalena Berbok arasındakı anlaşılmazlıqlar artmaqdadır və bunun bariz misalı Berlinin bölgəmizdəki siyasətinin zəifliyidir.
Hadisələrin inkişaf məcrası göstərir ki, Annalena Berbok postunu yaxınlarda tərk edəcək.
Fəqət, gediş Berlinin Cənubi Qafqazdakı yarıtmaz siyasətini dəyişə biləcəkmi?
Cavab üçün hələ çox tezdir...(TREND)