“Bu günlərdə səhifələrdən birindən onlayn yolla mobil telefon aldım. Qeydiyyatlı və zəmanətli olduğunu bildirib, talonuna qədər vermişdilər. Üstündən 2 gün keçəndən sonra mənim mail ünvanıma Vergilər Nazirliyindən məlumat gəldi ki, siz iyulun 8-nə qədər telefonu qeydiyyatdan keçirməlisiniz. Mən də onlara müraciət etdim. Telefonu satan şirkət dedi ki, narahat olmayın, 14 gün ərzində biz bunu həll edəcəyik. 14 gün keçdi, mən 15-ci gün onlara yenidən müraciət etdim. Dedim ki, mən internetdən baxmışam, siz telefonu nə gömrükdən qeydiyyatdan keçirmisiz, nə də mail qeydiyyatından. Dedi ki, mail ünvanını yollayın araşdıraq. O gündən zəng edirəm, mesaj yazıram telefonuma cavab vermirlər. Başqa nömrələrdən də zəng etmişəm, götürmürlər”.
Bunu Moderator.az-a açıqlamasında şikayətçi Nərmin Nəbiyeva deyib. O bildirib ki, aldığı telefonun qiyməti 2 min manatdır.
“Mən məbləğin yarısını,1000 manatını kart vasitəsilə onlara ödəmişəm. “Prime mobile” şirkətidir, ünvanı da Xətaidədir. Mən ora gedəcəyəm, sadəcə olaraq hazırda işdən çıxa bilmirəm. Çox güman ki, telefonu Dubaydan gətiriblər. Onlar bir gün endirim kampaniyası etdilər. Gördüm ki, qiyməti sərfəlidir, üstündə də hədiyyə verirlər. Ucuzlu telefon da deyil, 2 min manatdır. Mən belə başa düşürəm ki, onlar telefonu gömrükdən icazəsiz keçiriblər ki, vergi ödəməsinlər. Bunu mənim üstümdən çıxmaq istəyiblər. Onlar qaçaq yolla telefon gətiriblər. Bunu bilsəydim gedib rəsmi şirkətdən telefon alardım da. Mən niyə özümü bəlaya salırdım ki? Mən telefon həvəskarı deyiləm, sadəcə istədim ki, normal bir telefon alıb köhnəni dəyişim. Telefon almağıma peşman oldum. Məsələ ilə bağlı polisə müraciət edəcəm, onlar qanunsuz iş görürlər”, - deyə şikayətçi bildirib.
Problemlə bağlı “Prime mobile” şirkəti ilə əlaqə yaratmaq istəsək də cəhdlərimiz boşa çıxdı. Vatsapda onlayn olmalarına baxmayaraq nə mesajımıza, nə də telefon zəngimizə cavab verən tapılmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.