Vəkil Ceyhun Yusifov həmkarı Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovu məhkəməyə verib.
Oxucularımızın adını daha tez-tez eşitdiyi bu vəkillər arasında yaranan qalmaqal diqqətləri cəlb etdi. İllərdi məhkəmələrdə vəkil kürsüsündə oturan bu şəxslər hazırda bəhs etdiyimiz prosesdə yerlərini dəyişirlər.
Lent.az vəkilləri məhkəməlik edən bu proseslə bağlı araşdırma apardı. Əvvəlcədən deyək ki, artıq bu qalmaqal rəsmi xarakter daşıyır. Ona görə də rəsmi araşdırma imkanları kifayət qədər məhduddur. Sağolsun rəsmi strukturlarımız “məhkəmənin işinə qarışa bilmərik deyib” bir çox suallardan yayındılar. Beləliklə, Ceyhun Yusifovun xüsusi ittiham qaydasında verilmiş şikayəti Nərimanov Rayon Məhkəməsi icraata götürüb.
Şikayətçi vəkil iddia edir ki, Adəm Məmmədov onu ağır cinayətdə ittiham edir. Söhbət Adəm Məmmədovun təsisçisi olduğu, qardaşının isə rəhbərlik etdiyi saytda dərc olunan xəbərdən gedir. Onu da qeyd edək ki, həmin xəbər bir neçə saytda və sosial şəbəkə platformalarında da yayılıb. Xəbərdə qeyd olunub ki, Ceyhun Yusifov yaxın qohumuna, daha dəqiq söyləsək həyat yoldaşına xəsarət yetirib.
Ceyhun Yusifov isə həmin məlumatın yalan olduğunu deyir. Vəkil Yusifov hesab edir ki, peşəkar fəaliyyətinə qara yaxmaq üçün ona böhtan atılır. Bu səbəbdən də o, Adəm Məmmədovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə cəzalandırılmasını tələb edir. Məsələ ilə bağlı dünən məhkəmə prosesi də keçirilib. Bu ilk iclasda məhkəmədə hakimlər qərar veriblər ki, iş araşdırılmalıdır. Hüquqi dillə desək, şikayət icraata qəbul edilib.
Bəs Adəm Məmmədov Ceyhun Yusifovun ona qarşı yönəltdiyi ittihamda özünü günahkar hesab edirmi? Vəkil Məmmədov məsələ ilə bağlı Lent.az-a bildirib ki, həmkarının cinayət törətməsinə dair dövlət sənədi olan qərar var:
“Sözügedən məlumatı mənim təsisçisi, qardaşımın isə baş redaktoru olduğu “qanunla.az” saytı “qafqazaz.com” saytına istinadla yayımlayıb. Həmin məlumatda hətta hadisənin baş verməsinə dair dövlət sənədi olan qərar da sübut kimi yerləşdirilib. Ancaq orada müstəntiqin imzası və adı göstərilməmişdi. Ona görə də Ceyhun Yusifov qərarı ciddiyə almadı. Bildiyimə görə, həmkarımın xəsarət yetirməsi ilə bağlı iş hazırda prokurorluqda polisin işinə nəzarət şöbəsindədir. Sonradan həmin qərar necə ləğv edilib orası naməlumdur.
Saytımızda yayılan həmin məlumata görə, əslində məsuliyyət daşımıram. Çünki başqa sayta istinadla verilib. Texniki işlər də mənə aid deyil. Lakin qarşı tərəf məni və qardaşımı məhkəməyə verdiyi üçün biz də tədbir görəcəyik. Belə olduğu təqdirdə əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik. Həmin qərarın əslini məhkəməyə verəcəyik. Yeri gəlsə, zərərçəkən qadını hüquqlarının pozulması ilə bağlı danışdırıb, səsini ictimaiyyətə çatdıracağıq. Burada görünür ki, qadına şiddət var”.
Ceyhun Yusifovun cinayət törətməsi ilə bağlı qərarın olub-olmaması ilə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu göndərdik. Nazirlik isə hazırda tərəflər arasında məhkəmə çəkişməsi olduğu üçün məsələyə münasibət bildirilmək istəmədi. Qeyd olundu ki, yalnız məhkəmə sorğusu əsasında adı çəkilən qərarın olub-olmaması ilə bağlı hakimə cavab verilə bilər.
Bu məsələ ilə bağlı ən doğru cavabları təbii ki, Ceyhun Yusifovun həyat yoldaşı verə bilər. Onunla əlaqə saxlamaq cəhdlərimiz isə uğursuz alındı. Bununla yanaşı hazırda məhkəmə prosesi getdiyi üçün onu hakimdən əvvəl dindirmək ədalət mühakiməsinin işinə qarışmaq olardı. Hesab edirik ki, yaxın gələcəkdə bu məsələnin üzərinə işıq düşəcək və hakimlərimiz şikayətlə bağlı ədalətli qərar verəcək. Vəkillərimizi müttəhim yox, həmişə ədalət müdafiəçisi kürsüsündə görmək ümidi ilə...