Axtarış...

“Lexsus”, “Honda” və “Mazda”nın Bakı nümayəndələri Rusiyaya GİZLİ maşın satır? - ARAŞDIRMA

“Lexsus”, “Honda” və “Mazda”nın Bakı nümayəndələri Rusiyaya GİZLİ maşın satır? - ARAŞDIRMA

Rusiya-Ukrayna müharibəsi fonunda Moskvaya qoyulmuş sanksiyalar məsələsi Qərb tərəfindən diqqətlə izlənilir. Məqsəd bu və ya digər formada sanksiyaların yarılmasında xidməti olan ölkə və şirkətlərin müəyyən edilməsi və onlara qarşı tədbirlərin görülməsidir.
Tribunainfo.az xəbər verir ki, zaman-zaman Rusiyaya tətbiq olunmuş sanksiyaların yarılmasında Ermənistanın adı davamlı olaraq çəkilir. Buna səbəb isə son iki ildə İrəvanla Moskva arasında ticarət dövriyyəsinin iki dəfə artaraq, 5 milyard dollara çatmasıdır. Beynəlxalq ekspertlər hesab edirlər ki, Ermənistanın ticarət dövriyyəsinin bu qədər artması yerli istehsal baxımından mümkün deyil. Onlar bildirirlər ki, rəsmi statistikada gizlədilsə də, realda Ermənistan ayrı-ayrı iş adamlarının əli ilə xaricdən bir sıra mal və məhsulları Rusiyaya ötürməklə bu qədər imkan əldə edə bilib.
Amma Rusiyaya qoyulmuş sanksiyaların yarılmasında təkcə, Ermənistanın adı çəkilmir. Həm də son günlər Azərbaycanın da adı hallanır. Tribunainfo.az xəbər verir ki, Britaniyanın nüfuzlu “Sky News” telekanalı bununla əlaqədar xəbər yayaraq, İngiltərənin, eləcə də ayrı-ayrı avtomobil istehsalçısı olan ölkələrin maşınlarının Azərbaycana idxal səviyyəsinin xeyli artdığını qeyd edib. TV iddia edir ki, bu artımın başlıca səbəbi həmin avtomobillərin sanksiyalar altında olan Rusiyaya satılmasıdır. “Təkcə 2023-cü ildə Böyük Britaniyanın Azərbaycana avtomobil ixracı tammiqyaslı müharibənin başlanmasından əvvəlki beş illik dövrlə müqayisədə demək olar ki, 2000% artıb. Bu da tamamilə görünməmiş bir sıçrayışdır”.
TV onu da iddia edib ki, Cənubi Koreya, Yaponiya, Almaniya kimi ölkələrin də istehsalı olan avtomobillərin Azərbaycana gətirilib, buradan Rusiyaya idxal edilir. Bu isə həmin avtomobil şirkətlərinin Azərbaycanda olan nümayəndəliklərinin Rusiyaya qarşı sanksiyaları yan keçirmək, işğalçı müharibə aparan dövlətə dəstək verməsi kimi dəyərləndirilir.
Tribunainfo.az bununla əlaqədar araşdırma aparıb. Bu zaman məlum olub ki, bəzi iri istehsalçı şirkətlərin Azərbaycandakı nümayəndəlikləri daxili avtomobil satışlarını məhdudlaşdırıb. Məsələn, “Lexus Azərbaycan” şirkəti Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ölkəyə “LX600” model maşınların gətirilməsini intensivləşdirsə də, onun daxili bazarda satışını məhdudlaşdırıb.
Həmin araşdırma nəticəsində o da üzə çıxıb ki, şirkət uzun müddətdir satış üçün internet saytlarına elan qoymur. Eyni zamanda, alıcılar “Lexus Azerbaycan” mərkəzinə müraciət etsələr də, avtomobil olmadığı cavabını alırlar. Hətta iddialar var ki, maşın üçün qeyri-qanuni əlavə ödəniş də istənilir.
Güman edilir ki, “Lexus Azərbaycan” şirkəti sözügedən avtomobilləri daxildə ucuz qiymətə satmaq yerinə, onun Rusiyada realizasiyasını həyata keçirir. Yəni, Rusiyada daha baha qiymətə sata bildiyi üçün Azərbaycan bazarını kiçildib, ölkəmizdən “körpü” kimi istifadə edir.
Maraqlı məqamlardan biri də odur ki, analoji vəziyyət təkcə, “Lexus Azərbaycan”dakı kimi deyil. Həmçinin “MAZDA” VƏ “HONDA” üçün də keçərlidir. Tribunainfo.az-ın araşdırmalarına görə, Masazır yolunun üzərində böyük satış mərkəzi olan hər iki şirkət bəzi avtomobilləri gətirmədiyini iddia edir. Ona görə də, onun Azərbaycanda satışını azaltdığını, yalnız sifariş əsasında gətirə biləcəklərini bildiririlər. Halbuki Azərbaycana istər “MAZDA”, istərsə də “HONDA” mütəmadi olaraq, avtomobil gətirir. Lakin nə hikmətdirsə, həmin yeni model avtomobillər Azərbaycanda satılmır və küçələrdə belə müşahidə edilmir. Bəs, o zaman gələn maşınlar hara “yoxa çıxır”?
Təbii ki, biz sayt olaraq bu şirkətlərin öz avtomobillərini Azərbaycan üzərindən Rusiyaya satdığını iddia etmirik. Lakin bəzi şirkətlərin yanaşması, satış strategiyası belə bir gümana düşməyimizə səbəb olur. Və ümid edirik ki, adları çəkilən “Lexus”, “Mazda” və “Honda” şirkətlərinin ölkəmizdəki təmsilçiləri olan şirkətlər bu məsələyə aydınlıq gətirəcək və saytımızı suallarına cavab verəcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz