Axtarış...

Gəncənin icra başçısının qəbuluna yazılıb, AMMA... - onu qəbul eləyən olmayıb...

Gəncənin icra başçısının qəbuluna yazılıb, AMMA... - onu qəbul eləyən olmayıb...


Gəncə sakini Cənnət Həsənova Meydan TV-yə deyir ki, illərdir sağlamlığında ciddi problemlər var, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Buna baxmayaraq, işləmək məcburiyyətindədir. Çünki nə pensiya ala bilir, nə də ona maddi yardım edəcək kimsə var.

59 yaşlı Cənnət Həsənova Gəncədəki yataqxanalardan birində nimdaş otaqda tək yaşayır.

Danışır ki, otaqdakı rütubət, şəraitsizlik onsuz da ağır olan səhhətinə daha da pis təsir göstərir:

“Kanalizasiya yox, su yox, divarlar uçub tökülür… Rütubətli, şəraitsiz, qaranlıq bir otaqdır. Heç xəstəliklərimi müalicə eləməyə imkan yoxdur, şəraitimi necə düzəldim. Beləcə, özüm də burada çürüyürəm. Başımda boynumun arxasında 5 millimetr ölçüdə ocaqlar var. Sol qoluma maye yığılıb. Ürəyimdə ciddi problemlər var. Böyrəyim büzüşür. Xəstliklərimi saymaqla bitmir. Normal müalicə də ala bilmirəm”.

Cənnət Həsənova Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləyir, xadimədir, yolların təmizliyi ilə məşğul olur.

Əsasən, gecələr işlədiyini deyən Cənnət Həsənovanın sözlərinə görə, maaşı az olsa da, acından ölməmək üçün buna məcburdur:

“Yolları süpürürəm. Adətən, gecə saat 1-dən səhərə yaxın 4-5-ə qədər işləyirik. O vaxtlar küçədə maşın da, adam da az olur. Maaşım 320 manatdır. Bu, birtəhər dolanmağa zorla çatan puldur. Amma dolanışıqdan kəsib, bəzi dərmanlarımı alıram. Amma bu, tam müalicə deyil axı… Xəstəliklər mənə işləməyə də imkan vermir. Bəzən işləyəndə başım fırlanır, huşumu itirib yıxılıram. Sol tərəfim az qala, işləmir, hiss eləmirəm, bir də baxıram ki, yıxılmışam”.

Cənnət Həsənovanı şikayətləndiyi əsas məsələ isə bir çox xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, ona əlillik təyin olunmamasıdır.

O iddia edir ki, bir neçə il öncə müayinələrdən keçsə də, onun nəticələrilə bağlı sənədlərdən başqası üçün istifadə olunub və həmin şəxsə əlillik təyin olunub, pensiya alır:

“Həmin adamın kim olduğunu da bilirəm. O vaxt başım hərləndi, yıxıldım. Həkim məni MRT müayinəsinə göndərdi. Gəncədəki Beynəlxalq Xəstəxanada müayinədən keçdim. Başımda və boynumda ocaqlar aşkarlandı. Bakıya – Mirqasımov adına Respublika Xəstəxanasına göndərdilər. Sonra Gəncəyə – Abbas Səhhət adına Xəstəxanaya göndərdilər. Başıma oyun gətirdilər. Mənim diaqnozumdan başqasının xeyrinə istifadə elədilər. 3 ay 15 günlük bülletenim də cəmi 20 gün yazıldı…”.

17 il əmək stajı olduğunu deyən Cənnət Həsənova gileylənir ki, sağlamlığı işləməyə imkan verməyəndə bülletenə də çıxa bilmir, çünki ona icazə vermirlər:

“Deyirlər ki, “işləyə bilmirsənsə, çıx”. Mən də işdən çıxım, bəs nə yeyim?”

O əlavə edib ki, bir neçə dəfə Gəncənin icra başçısının qəbuluna yazılıb, lakin onu qəbul eləyən olmayıb.

Cənnət Həsənova dövlət başçısı və onun xanımından kömək istəyir. Deyir ki, xəstəlik sənədlərinin ciddi araşdırılmasına ehtiyac var:

“Xahiş edirəm ki, Mehriban xanım xəstəlik sənədlərimin ciddi araşdırılmasında mənə kömək eləsin. Mən bu vəziyyətdə zülm çəkə-çəkə yaşayıram. Üstəlik, məni hədələyirlər ki, şikayətlərimi dayandırmasam, nəticəsi daha ağır olacaq”.

Gəncə Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bu qurumda bütün vətəndaşların müraciətinə, problemlərinə həssas yanaşılır:

“Kimliyindən asılı olmayaraq, icra hakimiyyətinə müraciət edən hər bir vətəndaşa həssas münasibət var. Mümkün deyil ki, kimsə Gəncə Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət eləsin, ona əhəmiyyət verilməsin”.

Gəncədə yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasından da bildirilib ki, Cənnət Həsənovanın diaqnozunun başqasının tibbi sənədlərində istifadə olunması və nəticədə həmin şəxsə əlillik təyin olunması haqda iddialar həqiqətəuyğun deyil.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz