Ötən aylarda Lerik sakinlərini rayondaxili yolların təmiri ilə bağlı şikayətini dərc etmişdik.
Həmin şikayətdə sakinlər bildirirdilər ki, bir müddət öncə rayondaxili yolların təmiri və yeni asfalt çəkilməsi üçün Lerik rayonuna dövlət büdcəsindən 1.200 000 (bir milyon iki yüz min) manat vəsaiti ayrılıb, amma təyinatı üzrə xərclənməyib.
Onlar iddia edirdilər ki, ayrılmış bu pulun Rayon İcra Hakimiyyətinin başçısı və Yol İstismar İdarəsinin müdiri Elxan Əliyev tərəfindən necə və hansı yollarla mənimsənildiyi məlum deyil.
Rayon sakinləri "Anaxeber.info"ya deyiblər ki, bu şikayətdən sonra rayonda bir neçə küçədə yollara görüntü xatirinə alfalt örtüyü çəkilib. Halbuki Lerik rayonunda bərbad vəziyyət və keçilməz halda olan ara küçələrin sayı yüzlərlədir.
Sakinlər deyirlər ki, asfaltlanmış 3 küçə isə rayonda icra başçısına yaxın olan, onun əsas "ideoloq"larından sayılan İmanovlara məxsusdur.
İcra başçısı Əkbər Abbasovun "ağsaqqalı" sayılan rayon maliyyə idarəsinin rəisi Hafiz İmanovun, Su- Kanalizasiyya İdarəsinin müdiri Asif İmanovun atasının evinə gedən küçə və bu işlərdə başı qalmaqalda olan Rayon Yol İstismar idarəsinin müdiri, İmanovların yaxın qohumu Elxan Əliyevin atasının evinə gedən küçələr az qala evin pilləkəninə kimi asfaltlanıb.
Sakinlər bunu özlərinə gözdağı saymaqla yanaşı, rayon sakinlərinə etinasızlıq kimi də dəyərləndirirlər: "Görünür, əvvəlki rəhbərlərin bu işlərə ya gücü çatmayıb, ya da onların evi olmayıb. Bax, budur, rayonda tərəfbazlıq, mənimsəmə, korrupsiya hallar. Soruşan, maraqlanan yoxdur ki, bu məmurlar sadə vətəndaşlardan nəyi üstündür? Vəzifəsimi? Axı o vəzifə dövlətindir və məmura məhz vətəndaşa xidmət etmək üçün verilir".
Sakinlər ümid edirlər ki, onların şikayətlərinə ölkə rəhbərliyi mütləq reaksiya verəcək və Lerikdəki bu acınacaqlı duruma əncam qılınacaq.