Axtarış...

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Zakir Fərəcovun olan-qalan imicinə daha bir ağır zərbə
Bir aydan çoxdur başlayan bu çəkişmə “qəhrəmanları” da, sahibkarlarla Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçı Zakir Fərəcov arasında çoxdandır davam edən səs-küylü milyonlarla borc qalmaqalında adları daha çox hallanan, son vaxtlar isə, səksədə olduqları deyilən
icra başçısının sabiq müavini, Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini tutan Gündüz Əliyev və Memarlıq və Tikinti şöbəsinin müdiri — Baş memar Adil Xudadatovdur. Əsas səbəb də odur ki, barəsindəki müxtəlif iddia və ittihamlarla həbsə göndəriləndən əvvəl Gündüz Əliyev Zakir Fərəcovun baş trolu kimi, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, şirkət və firmalardan başçıya çatacaq “aylıq paketləri” toplayıb. Bir sözlə, başçının “qara işlərini” görməkdə adı daha çox keçib. Onun həbsindən sonra isə, hər şey əlindən çıxıb. İndi isə, “sükan Adil Xudadatovun əlindədir”. Aranı qarışdıran kimdir, bilirsiniz?! Başçının digər bir pul gətirəni kimi ad çıxaran, Sumqayıtın “tender kralı” kimi tanınan Hümbət Məmmədxanov.

Barəsində çox yazdığımız Gündüz Əliyev haqqında eyni mövzulu yazını bu yaxınlarda oxuya biləcəksiniz. Bu yazımızda isə, başlanan bu çəkişmənin əsas səbəbkarı olan Adil Xudadatov barəsində yazmağa qərar verdik. Uzun müddətdir adı ölkə mediasından düşməyən, Sumqayıtın icra başçısı Zakir Fərəcovun “sağ əli” kimi tanınan, hətta qısa müddət ərzində onun müavini olan və tez də, bu postunu itirən Adil Xudadatov karyera yüksəlişi həvəsində olub həmişə. O, bilmir ki, insanın şanı-şərəfi olan ləyaqət ona ictimaiyyət içində xətir-hörmət qazandırır. Amma adıçəkilən bu məmur heç bir insani keyfiyyətləri nəzərə almır, hətta Sumqayıtın icra başçısı olmağa hazırlaşdığı vaxtlar insanlara qarşı daha amansız olub. Onda bu pul hərisi özünə yaxın yuxarı dairələrin şirin vədlərinə uyaraq, istədiyini etməkdən çəkinməyib. Zakir Fərəcovun yerinə təyin olunması üçün, onun siyasi rəhbərliyə təqdimatı gedərkən, dosyesi təmiz çıxmadığı üçün, arzusu gözündə qalıb. İndi isə, Gündüz Əliyevin bu qara işlərini ələ keçirib. Elə, bu da, onun xətrinə dəyib. Axı, “qara pullar” yığarkən, o, nələr qazanmayıb?! Haram pullar onu qiymətsiz mal-mülk sahibi edib, sərvəti üstünə sərvətlər gətirib. Xeyirli bu işin əlindən çıxması isə, onu olduqca aqressivləşdirib.

Başlanan bu çəkişmə barədə etibarlı mənbələrimiz tərəfindən redaksiyamıza bu yaxınlarda ötürülən məlumat, jurnalist araşdırmalarımız zamanı da, öz təsdiqini tapdı. Məlum oldu ki, bu qalmaqalın arxasında duran Gündüz Əliyevin çoxdankı şəriki “tender kralıdır” və o, indi üzünü Adil Xudadatova tərəf çevirib. Əlimizdə olan dəlillər və faktlar isə, onu deyir ki, bu çəkişmədə baş verənlər təkcə başçıya “qazılan quyu” deyil, həm də onun olan-qalan imicinə ağır zərbədir.

Adil Xudadatov “sükanı ələ keçirəndən” sonra, “paket pulları” da xeyli qaldırıb. Bu isə, hədsiz narazılıqlar yaranmasına səbəb olub. Nə olsun, o, buna da məhəl qoymur. Xəbərlərə görə, əl-ayağa düşərək, yalnız özü haqda kristal reputasiya yaratmağa çalışır. Bilmir ki, haqq qaldırmaq məsələsinə görə, bir vaxtlar Gündüz Əliyevin başı çox ağrıyıb. Onun bu hərəkətinə, hətta ölkənin bu üçüncü şəhərində “Qüdrətin Xəzəri” kimi ad çıxaran “Xəzər” Səhmdar Cəmiyyətinin rəhbərinin özü də, qəti şəkildə etirazlarını bildirib. Üstəlik, öz narazılıqlarını yuxarılara da çatdırıb. Lakin Gündüz Əliyevi bu dəfə də, “dəmir barmaqlıqlar” arxasından qurtaran Zakir Fərəcov oldu.

Deyilənlərə baxmayaraq, Adil Xudadatov öz bildiyini edir. Onun haqq qaldırması, artıq, şəhərdə əsasən qarışıq malların alqı-satqısını həyata keçirən tanınan iri ticarət mərkəzlərinin — «Karvan» İstehsalat kоmmersiya şirkətinin, «Sumqayıt Ticarət Mərkəzi» ASC-nin, «Qalatasaray», «Piоner», «Elmar», «Оlimp» ticarət mərkəzlərinin, “Araz”, “Rahat”, “Tam”, “Bravo”… kimi yaxşı tanınan iri mağazaların,
«Yeni həyat», «Qubadlı», «Хarı Bülbül», «Büllür», «Dörd qardaş», «Şirvan», «Şəhanə»,
«Ülvü», «Nurlan», «Simurq», «Dədə Qоrqud», «Green Hоuse»… şadlıq saraylarının, «Vilvan», «Kalyоn», «Ramiks», «Çənlibel», «Bayatı»… restoranları rəhbərlərinin də, hədsiz narazılıqlarına səbəb olub. Məlumata görə, Adil Xudadatov Sumqayıt infrastrukturuna daxil olan poçt və rabitə xidmətlərindən, banklardan, “Azərsığorta” Dövlət Sığorta Şirkətinin, MBASK, “Kasko”… sığorta şirkətlərinin Sumqayıt şəhər filiallarından da haqq yığır.

Adlarını çəkdiyimiz və haqq verməyə “oturdulan” əksər qurumların “canları boğazlarına yığılan” rəhbərləri, hər şeydən bəzərək, son ümid yeri kimi, ölkənin Prezident Administrasiyasına üz tutublar. Adil Xudadatovun bu əməllərinə qarşı başçının birinci müavini Teymur Səmədovun, başçının müavini — Şəhər Təsərrüfatı şöbəsinin müdiri Fərid Ələkbərovun da, kəskin etiraz bildirdikləri deyilir.

Onu da qeyd edək ki, ölkə mətbuatında dərc olunan ciddi yazılarda da, Gündüz Əliyev kimi, Adil Xudadatovun da, sərvət və mal-dövlət hərisi olduğu xüsusi vurğulanıb. Qeyd olunub ki, onun pula and içməsi belə təəccüb doğurmaz. Yəni korrupsiyaya bulaşmış bütün məmurlar kimi, necə deyərlər, “qibləsi maddiyyatdır”. Yazılanlara görə, Adil Xudadatovun pulunu ver, sənə bütün qapıları açacaq, qarşında “yaşıl işıq yandıracaq”. Məlumatlarda, hətta onun nisyə dəftəri belə olduğu iddia edilir. Belə ki, hər hansı işi aşırmaq istəyəndə pul çatmırsa, Baş memar bunu öz nisyə dəftərinə qeyd edir, problemi yoluna qoyur, sonra möhlət verir ki, ona çatacaq bu pulları gətirib çatdırsınlar. Belə bir xarakterə malik məmur olması, onu nəinki Zakir Fərəcovun, hətta Gündüz Əliyevin gözündə də “ucaldıb”. Ona etimadı yaransa da, bir çox işlərin sövdələşməsində əlaltısı olsa da, indi Gündüz Əliyev Adil Xudadatovu özünün ən qatı düşməni gözündə görür. Sumqayıtda danışılır ki, belə xarakterizə olunduğuna görə, bu məmur böyük obyektlər, mal-mülk, biznes səltənəti sahibidir. Hətta iddialar var ki, o, əvvəl yük maşını sürücüsü olub, ardınca Dağıstan universitetləri adından saxta diplomlar alaraq, özünə dövlət qulluğunda iş tapıb. Sumqayıtda bütün tikinti, abadlıq-quruculuq işləri ilə bağlı məsələlər həmişə onun əlində olub. Onun icazəsi olmadan, daha doğrusu pulunu almadan, şəhərdə daşı-daş üstə qoymaq mümkün olmayıb. O, bəzən Sumqayıt şəhərinin başçısı adından da sərəncamlar verib. Baş memar bu əməllərini daha çox İcra başçısı səhhəti ilə bağlı məzuniyyətdə olduğu vaxtlarda həyata keçirib.

Adil Xudadatovun bizə təqdim olunan mal-mülk siyahısı adamı dəhşətə gətirir. Bu siyahıda nələr yoxdur?! Paytaxt Bakının 28 May küçəsindəki “Neptun” marketin üstündə və AAF Yaşayış Kompleksində yerləşən mənzillər, Sumqayıt şəhərindəki 21-ci məhəllədə villalar, şəhərin Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında tikilən 4 mərtəbəli bina, yenə eyni ünvandakı “Repaprik Pab”, 10-cu mikrorayondakı bir-neçə mağaza, 17-ci mikrorayonda yerləşən “5 fəsil” adlanan 4 mərtəbəli qeyri-yaşayış sahəsi…
Sumqayıtın kabusu kimi də özünü tanıdan bu məmur, bu mülklərdə özünə şərik olaraq, eynən Gündüz Əliyev kimi, “tender kralı” Hümbət Məmmədxanovu seçib. Onların ölkənin digər şəhər və rayon mərkəzlərində də, milyonluq belə mülkləri var. Gündüz Əliyev kimi, əyri yolda məsləkdaşı olan “tender kralı”nın əliylə, öz yaxınlarının adlarına rəsmiləşdirdiyi şirkət və firmaların tender qalibi olmaları, onun bu qədər mülk sahibi olmasında başlıca rol oynayıb. Onların siyahıları da əlimizdədir və növbəti yazımız elə bu barədə olacaq. Maraqlananlar araz.az-ı izləməyi unutmasınlar.(araz.az)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz