Mərkəzi Bankın vaxtaşırı müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlaması insanların Azərbaycandakı banklarla bağlı fikrinin hansı yerdə olduğunu göstərir. Bu, həm də bank sektorunda özbaşınalığın qarşısının alınması üçün nəticəli bir metoddur. 2024-cü ilin fevral ayı üzrə açıqalama isə xüsusilə maraq doğurur. Fevral ayı üçün yuxarı şikayət indeksi siyahısında (hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan) “Bank of Baku”, “Bank VTB (Azərbaycan)”, “Accessbank” və “Bank Avrasiya” yer alıb.
Orta şikayət indeksində isə “Yapı Kredi Bank Azərbaycan”,, “Azərbaycan Sənaye Bankı”, “Expressbank”, “Unibank”, “Yelo Bank”, “Rabitəbank”, “Bank Respublika” və “Azər-Türk Bank” yer tutublar. Aşağı şikayət indeksində (hesablama nəticəsində əldə olunan orta göstəricidən aşağı olan) isə “AFB Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “Xalq Bank”, “PAŞA Bank”və “Ziraat Bank Azərbaycan” yer tutublar. Milli Məclisin deputatı Vüqar İskəndərov son günlər güvənini qazanan banklardan bəhs edib: ” Bank sektorunda olan yeni yanaşmalar hər birimizə müsbət təsir edir. Banklara olan inamın artırılması məqsədilə dövlət, əsasən də Mərkəzi Bank tərəfindən çox ciddi addımlar atılır. Zaman ötdükcə daha da təkmilləşmə prosesi gedəcək. Son zamanlar güvəndiyim banklar içərisində “Kapital Bank”, “Paşa Bank” və “Beynəlxalq Bank” var. Bunlar daha güvəncli, dayanıqlıdırlar. Maliyyə portfeli və əmanətlərin sığortalanması sahəsində də adını çəkdiyim banklar qabaqcıl addımlar atıblar”. Deputat “Acces Bank”la problem yaşadığını bildirib: “Təbii ki, hər bir məsələmiz qanuni yolla öz həllini tapıb. Banklarla vətəndaşlar arasında münasibətlərdə müəyyən problemlər, düşünürəm ki, dünyanın hər yerində mövcuddur. Lakin Azərbaycan hüquqi dövlət olduğundan bütün məsələlər qanunla həllini tapmalıdır. Zaman ötdükcə hər sahədə inkişaf gedir. İslahatlar davamlı olaraq, yenilənir. O cümlədən bank sektorunda da yeniliklər davamlı və dayanıqlı olmalıdır. İnsanların bu sektora inamı zaman-zaman artmalıdır. İnamın artması həm dövlətin iqtisadi dayanıqlılığının təmin edilməsində, həm də insanların iqtisadi, maliyyə imkanlarının artırılması məsələlərində çox vacib rol oynayır. Bu da ölkəmizin hərtərəfli inkişafı üçün vacib məsələdir”.
Məlumat üçün cumhuriyyet.az bildirir ki, 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayan qurum 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20 faiz), Beynəlxalq Maliyyə Korporasiyası (20 faiz), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20 faiz), Almaniyanın KfW Bankı (20 faiz), “AccessHolding” (16,53 faiz) və “LFS Financial Systems GmbH” şirkəti (3,47 faiz) çıxış edirdi.
Kredit bazarını ələ almaq üçün “Access Bank” kredit bazarına daha çox yüksək faizli kiçik kreditlərlə daxil olmaq cəhətləri göstərib. Bununla bağlı məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, bank rəhbərliyi bazara daxil olmaq və mənfəət əldə etmək niyyətini güdərkən düzgün kredit mədəniyyətinin yaranması və qorunub saxlanmasını fikirləşməyib: “Biznes və digər kreditləri istehlak kreditləri qaydası ilə verərkən və beləliklə, onların vergi uçotuna durmasına mane olaraq maliyyə cinayətləri etməkdən belə çəkinməyiblər. Bu zaman bank həmçinin iş adamlarının kiçik bizneslərinin formal iqtisadiyyata qatılmasını təmin edir, amma danışanda Azərbaycanda qabaqcıl beynəlxalq bankçılıq mədəniyyətini yaydıqlarını söyləyirlər”. Mənbəmizin sözlərinə görə, “Access Bank” rəhbərliyi kredit işçilərinə kreditlərin verilməsinə dair çox yüksək plan qoymaqla, onları cinayətə sövq edir. Bankın ofis almaq qaydası da “maraqlı”dır: “20 milyon manata ofisi sənədləşdirib, 15 milyona alıblar. 5 milyon manatı sonradan ”şapka” kimi qayıdıb özlərinə”.
2018-ci ildə “AccessBank”ın faiz gəlirləri 2017-ci illə müqayisədə 15 milyon manata yaxın azalaraq, 102 milyon 475 min manatdan 88 milyon 71 min manata enib. Bankın qeyri-faiz əməliyyatlarından zərəri isə 8 milyon 974 min manat təşkil edib. Həmçinin, bankın balans kapitalı da 2017-ci ilin nəticələrinə nisbətdə 12 milyon manatdan çox azalaraq, 56.569 milyon manata enib. “Access Bank”ın maliyyə göstəricilərindəki ən çox narahatlıq doğuran məqamlardan biri isə bankın məcmu kapitalının 2017-ci ilə nisbətdə artmaq əvəzinə, azalmasıdır. Məlum olduğu kimi, Mərkəzi Bankın məcmu kapital tələbi 50 milyon manatdır. Lakin 2017-ci ilin 31 dekabr tarixinə bankın məcmu kapitalı 43 milyon 593 min olduğu halda, 2018-ci ilin eyni tarixinə 14 milyon manata yaxın azalaraq, 30 milyon 28 min təşkil edib. Bu, az qala bankın yavaş-yavaş “aradan çıxması” kimi də başa düşülə bilər…Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırma zamanı məlum olub ki, “Accessbank” yığılmış zərərdən canını qurtarıb mənfəət əldə edə bilmir. Belə ki, 2023-cü ilin sonunda “AccessBank”ın yığılmış zərəri 142 milyon 899 min manat olub. 2023-cü ilin sonunda zərərdən 22 milyon 323 min manat azaldan bankın bu azalmalarla başa çıxması üçün 2 ilə yaxın vaxt tələb olunur. 2 il ərzində bankın mənfəət əldə etməsi isə ehtimal olunur. Çünki, 2 il ərzində “AccessBank” zərər əldə etmədən mənfəət açıqlamalıdır. Bu isə 8 rüblük hesabatın müsbət nəticələnməsi deməkdir ki, sözügedən bankın bu qədər ayaqda dayana bilməsi şübhə doğurur.
“AccessBank”la sahibkar Odər Qəni arasında baş verən soyuqluq bankın onlarla hesabı bir gündə itirməsi ilə nəticələnib. Bu barədə sahibkar sosial şəbəkə hesabından məlumat verib. Sahibkar “Arqument.az”-a deyib ki, bu, şəxsi əlaqələr fonunda baş verən hadisədir: “”AccessBank”la olan bütün rəsmi əlaqələrimiz qarşılıqlı olaraq bitib. Bunun səbəbi bankın son günlərdə qeyri-professional iş siyasətidir. Buna görə də şəxsimə aid olan bütün şirkət hesabları sözügedən bankdan çıxarılaraq digər banka transfer olacaq”. Sahibkar həmçinin qeyd edib ki, bundan sonra “AccessBank”la qarşılıqlı münasibətlərdə heç bir rəsmiyyət olmayacaq. Məsələ ilə bağlı “AccessBank”dan münasibət öyrənmək mümkün olmayıb. Məlumat üçün bildirək ki, sözügedən bank yığılmış zərərdən canını qurtarıb mənfəət əldə edə bilmir. Belə ki, 2023-cü ilin sonunda “AccessBank”ın yığılmış zərəri 142 milyon 899 min manat olub. 2023-cü ilin sonunda zərərdən 22 milyon 323 min manat azaldan bankın bu azalmalarla başa çıxması üçün 2 ilə yaxın vaxt tələb olunur. 2 il ərzində bankın mənfəət əldə etməsi isə ehtimal olunur. Çünki, 2 il ərzində “AccessBank” zərər əldə etmədən mənfəət açıqlamalıdır. Bu isə 8 rüblük hesabatın müsbət nəticələnməsi deməkdir ki, sözügedən bankın bu qədər ayaqda dayana bilməsi şübhə doğurur.
cumhuriyyet.net