Axtarış...

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT


Azinforum.az xəbər verir ki, sosial şəbəkələrdə özünü Azərbaycan Dövlət Televiziyasının (AzTV) “prezident müxbiri” kimi təqdim edən şəxs peyda olub. Əslində, AzTV-nin əməkdaşı olub, sosial şəbəkələrdən aktiv istifadə etmək bir qəbahət deyil. Ancaq gərək davranışın və əxlaqın elə olsun ki, işlədiyin qurumun adına xələl gətirməyəsən.

Özünü Zöhrab Baxşəliyev kimi təqdim edən bu şəxs “Tik-Tok” sosial şəbəkəsində “Nemoy” adlı profildən istifadə edir. İş burasındadır ki, bu adamın hədəf seçərək, təhqir və təhdid etdiyi insanlar içərisində peşəkar jurnalistlər də var. Bununla o, jurnalistləri peşəkar fəaliyyətindən və əsaslı tənqidlərdən çəkindirmək məqsədini güdür. Aşağıda təqdim edəcəyimiz videodan da görünür ki, bu şəxs öz dili ilə AzTV-nin “prezident müxbir”i olduğunu bəyan edir, hətta dövlət televiziyası tərəfindən ona verildiyini iddia edən vəsiqəsini də nümayiş etdirir.

Sonra isə onun bu davranışlarına irad bildirən jurnalist Məhəmmədəli Qəriblini ağır söyüşlərlə təhqir edir, onu öldürəcəyi, deşik-deşik edəcyini bildirir. Çox maraqlıdır ki, bu adam həm də AzTV-də mühüm post tutan Rüfət Həmzəyevin də adından danışır. Sanki belə təəssürat yaranır ki, Rüfət Həmzəyevin bu adamın bütün əməllərindən xəbəri var. Bütün bunlardan sonra belə bir nəticə hasil olur. Belə bir adam həqiqətən AzTV kimi mühüm bir dövlət qurumunda çalışırsa, onda bu nə əxlaq nümunəsidir ortaya qoyur? Yox, çalışmırsa, oranın adından istifadə edirsə, onda barəsində ciddi hüquqi ölçü götürülməlidir. Hər iki halda bu məsələ ilə bağlı son sözü AzTV-nin rəhbəri Rövşən Məmmədov deməlidir. Çünki özünü “prezident müxbiri” kimi təqdim edən bu adam həm də ölkə başçısının adı ilə lazımsız şəkildə manupuliyasiya etmiş olur.

Ona bu əməlləri ilə bağlı AzTV sədri Rövşən Məmmədova şikayət edəcəyimizi deyəndən isə “mən Rövşən zad priznavat eləmirəm”,-cavabını verir.
Mövzu ilə bağlı AzTV-nin də mövqeyini dinləməyə hazırıq və ümidvarıq ki, belə biabırçılıqdan sonra bu adamla bağlı lazımi ölçü götürüləcək.
Videodan açıq şəkildə görünür ki, bu adam eyni zamanda, jurnalist Məhəmmədəli Qəriblini öldürəcəyi, deşik-deşik edəcəyi ilə hədələyir. Bu da cinayət məsuliyyəti yaradan əməldir. Ümidvarıq ki, əlaqədar hüquq-müavizə orqanları bu faktla bağlı da lazımi hüquqi ölçü götürəcək.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, mətbuat katibi Rüfət Seyidov Azinforum.az-a açıqlamasında belə bir əməkdaşlarının olduğunu təsdiqlədi, lakin baş verən hadisədən təəssüfləndiklərini bildirdi: “Baş verən hadisə araşdırılır və mütləq lazımi ölçü götürüləcək. Qeyd etmək istəyirik ki, ləyaqətin alçaldılması və təhqir yolverilməzdir. Oxşar hadisənin təkrarlanmaması üçün intizam tədbirləri gücləndiriləcək”.

Azinforum.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz