Məlum olduğu kimi, jurnalist Fərahim İlqaroğlunun anasının klinikada ölməsi ilə bağlı araşdırma aparılır. Xəbərə görə, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Fərahim İlqaroğlu anasının həkim səhlənkarlığı səbəbindən öldüyünü iddia edir. O, hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət etdiyini bildirib.
Dia-az.info bildirir ki, jurnalist sözügedən olayla bağlı yeni açıqlama ilə çıxış edib.
O bildirib: " "Stimul Hospital"ın terapevti İlham Hüseyn anama əməkdaşlıq etdiyi bütün dərman firmalarının iynələrini aldırmışdı. Anam hər dəfəsində deyirdi ki, bala, aptekdə az qala yarı qiymətinə satırlar. Bunlar aptekdən almağa icazə vermirlər, deyirlər ki, bizdə onsuz da var.
Mən də hər dəfəsində deyirdim ki, ay mama, sən orasını fikirləşmə, müalicən davam etsin.
Bu gün iş yoldaşım dedi ki, mənim də anam eyni diaqnozla burda, Almaniyada müalicə aldı. Özü də onda daha ağır forması imiş. Təsəvvür edin, alman həkimlər heç bir ağır iynə, heç bir sistem vurmadan 2-3 aya qadını sağaldıblar.
Bax, budur Azərbaycan Səhiyyəsinin mənzərəsi... Özəl klinikalarda normal maaşa çalışan həkimlər belə, dilənçilik edirlər. Öz ciblərini doldurmaq üçün insanları qırırlar... Və buna DUR deyən yoxdur..."(Dia-az.info)