200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva həbs olunub.
Bu barədə Gununsesi.info-ya İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzindən bilgi verilib.
Bildirilir ki, haqqında üç ay öncə həbsli axtarış qərarı çıxarılan S.Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdə saxlanılaraq aparılıb.
İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Cəfərov deyir ki, S.Əliyevanın səhhətində ciddi problemlər var.
Onun sözlərinə görə, bu barədə sənədlər də rəhbərlik etdiyi təşkilata təqdim olunub: “Üç aydır onun haqqında axtarış qərarı vardı. Hamı da bilirdi ki, bu adam xəstədir, evindədir. 70 yaşlı xəstə qadını bayram axşamı gəlib bayram günü gecə aparmaq doğru hərəkət deyil. Biz onun vəziyyəti ilə əlaqədar Ali Məhkəməyə, Baş Prokurorluğa, Bakı Ağır Cinayətlər Məhkəməsinə və başqa qurumlara müraciət etmişdik. Müraciətlərimiz nəticəsiz qaldı”.
Qeyd edək ki, Sümbülə Əliyeva akademik Cəlal Əliyevin vəkili kimi məşhurlaşmışdır.