Fotoda gördüyünüz avtomobil Emin Uçara məxsusdur. Bu şəxsin kimliyi haqda dəyərli oxucularımıza məlumat verməzdən əvvəl onu qeyd edək ki, maşın Naxçıvan MR Ali Məclisinin binası qarşısında dayanıb. Üstəlik, bu avtomobilə həmin ərazidə tez-tez rast gəlmək olar.
Əlbəttə, ilk baxışdan oxucularımız elə düşünə bilər ki, yəqin bu Emin Uçar deyilən zat Ali Məclisin rəhbər şəxslərindən, yaxud da orada çalışan nüfuzlu məmurlardan biridir. Çünki Ali Məclisin binası qarşısında yalnız sözügedən şəxslərin maşını dayana bilər. Kənar bir vətəndaşın binanın önündə maşın saxlamasına mühafizəçilər heç 1 dəqiqə də imkan verməz. Təbii ki, bu da anlaşılandır. Çünki, ən azı təhlükəsizlik baxımından bütün dövlət binalarının qarşısında yalnız rəsmi şəxslərin, xüsusilə də orada çalışan vəzifəlilərin avtomobillərinin dayanmasına icazə verilir. Bu, Bakıda da, Naxçıvanda da belədir.
Lakin, fotodan da göründüyü kimi, haqqında bəhs etdiyimiz Emin Uçar deyilən şəxs heç bir rəsmi vəzifə daşımasa da, onun öz avtomobilini Ali Məhkəmənin binası qarşısında saxlamasına kimsə etiraz etmir. Doğrusu, bu, indi bir qədər də təəccüb doğurur. Şübhəsiz, Vasif Talıbovun Ali Məclisə sədrliyi dönəmində Emin Uçarın həmin ərazidə maşın saxlamasına kimsə etiraz edə bilməzdi. Hətta o dövrdə E.Uçara Naxçıvanda “gözünün üstündə qaşın var” deyən də tapılmazdı. Çünki onun arxasında məhz Naxçıvan “xan”ı dayanırdı.
Emin Uçarın kimliyinə gəldikdə, oxucularımızı çox da intizarda saxlamadan bildirək ki, əslən qardaş Türkiyədən olan bu şəxs Naxçıvanda çox tanınan iş adamlarından və “xan ailəsi”nə məxsus olduğu bildirilən “Gəmiqaya Holding”in rəsmi ortaqlarından olub. Onun indi bu şirkətdə pay sahibi olub-olmadığı barədə informasiyamız olmasa da, məlumat üçün bildirək ki, Vasif Talıbovla yaxınlığı, biznes şərikliliyi sayəsində son illərədək Muxtar Respublikada ən böyük layihələrin icrası məhz E.Uçara həvalə edilib. Bu baxımdan, onun böyük sərvət sahibinə çevrildiyi haqda informasiyalar var.
Təbii ki, Vasif Talıbov Ali Məclis sədrliyindən uzaqlaşdırılandan sonra, onun qanunsuz biznes şəbəkəsinin ortaqlarının da “vurulacağı” gözlənilən idi. Lakin Emin Uçarın hələ də öz avtomobilini Ali Məclisin binası qarşısında saxlaması çoxları tərəfindən təəccüblə qarşılanıb. Kimsə düşünə bilər ki, bu şəxs yəqin Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə də “yol tapıb”. Lakin əldə etdiyimiz məlumata əsasən, F.Nəcəfli Talıbov dönəmində qanunsuz yollarla Naxçıvanda “qaz vurub, qazan dolduran” digər iş adamları kimi, Emin Uçarı da yaxın buraxmır. O halda E.Uçar hazırda Ali Məclisə tez-tez kiminlə görüşə gedir? Bəlkə, o, Talıbovdan sonra özünə burada yeni “krışa” tapıb?! Hər halda, bu və digər suallara tezliklə cavab tapmağa çalışacağıq.
Hurriyyet.az