Bu günlərdə yerli iqtisadiyyat nazirliyi məlumat yayaraq bildirib ki, əhalinin təlabatnı ödəndikdən sonra, Naxçıvan xarici ölkələrə hər ay 200 tondan yuxarı soğan ixrac edir. Lakin, yerli sakinlər bu məlumatın həqiqəti əks etdirmədiyini, yerli məhsul qıt olduğundan soğanın başqa bölgələrdən gətirildiyini və yuxarı qiymətə satıldığını bildirirlər. Rəsmi məlumatda həmçinin bildirilirdi ki, istehsalın yüksəlməsi kənd təsərrüfatına göstərilən qayğının nəticəsindir.
Yerli fermerlər isə bunun tam əksini iddia edirlər. Onların „Gündəlik Naxçıvan“a verdiyi məlumata görə, nazirlik soğan və digər məhsulların yetişdirilməsinə süni maneələr yaradır. Elə, buna görə də son illər soğançılıqla məşğul olan, demək olar ki, qalmayıb.
Fermerlərdən Sahib Abbasov, iqtisadiyyat nazirliyinin yaydığı məlumatın saxta olduğunu iddia edir:
“Naxçıvanda əkinə yararlı daha çox əkinə yararlı torpaq sahəsi Şərur rayonunun payına düşür. İllər əvvəl bir neçə fermer soğan əkdi, çox yaxşı da məhsul götürüldü. Bu səbəbdən növbəti il kütləvi şəkildə soğan əkildi. Mən də həvəslənib soğan əkmişdim. Lakin, dövlət səviyyəsində satışına köməklik göstərilmədi, soğanın Naxçıvandan çıxarılmasına icazə verilmədi. Fermerlər bundan sonra çox az soğan əkirlər. İqtisadiyyat naziri bu qədər soğanı hardan alıb ki, xaricə ixrac edib. Statistika saxta statistikadır”.
Əvvəllər soğançılıqla məşğul Babək rayon sakini Nazim Qyliyev deyir ki, sərf etmədi üçün hazırda başqa məhsullar yetişdirir:
“Mən özüm indi soğanı bazardan alıram. Həmin soğan Azərbaycanın başqa bölgələrindən gətirilir, qiyməti 30 qəpikdir. Yerli soğan qıt olduğundan, ikiqat baha satılır. Çünki, yerli istehsal çox zəifdir. Rayonumuzda kifayət qədər əkinə yararlı torpaq var. Fermerlərin çoxu arpa, buğda, yonca və bostan məhsulları əkməyə üstünlük verirlər. Demək olar ki, soğan çox az istehsal olunur, daxili bazarın üçdən birini belə ödəmir.. Nazirliyin dediyi kimi Naxçıvan özünü soğanla təmin edirsə, niyə kənardan gətirilir, niyə yerli soğan bahadır. Dedikləri kimi bolluq olsa idi, yerli soğan ucuz olardı”.
Fermerlər onu da bildirdilər ki, əgər nazirlik onlara toxunmasa, lazımi şəraiti yaratsa, şişirdilmiş statistikadan da 2 dəfə çox xaricə soğan ixrac etmək mümkündür.
Naxçıvan İqtisadiyyat Nazirliyi məlumat yayaraq bildirmişdi ki, ötən ay Naxçıvandan İraq və Birləşmiş Ərəb Əmirliyinə 225 ton soğan ixrac olunduğunu. Məlumata görə, bu rəqəm 2023-cü ilin dekabrına nisbətən üç dəfə artıq olub.