Naxçıvan DİN Daxili Qoşunlarının nəzdnində mitinq, yaxud kütləni dağıtmağa cavabdeh olan bölmələrin sayı artırılır. Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi adlanan bu bölmələr zəhərli qaz, su şırnağı, rezin güllə tətbiq etməklə “daxili asayiş”i qorumaq üçün nəzərdə tutulub. Bu bölmələr xüsusi tapşırıq keçdikdən sonra, cəbhə bölgəsində də döyüşə bilir. Naxçıvanda bu cür bölmələrin sayının, dayaqları hələlik zəif olan yeni yerli hakimiyyətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə artırıldığı bildirilir.
Millitv.az bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a Naxçıvan MR DİN-dəki mənbələr məlumat verib. Mənbənin bildirdiyinə görə, bu bölmələrin sayının iki dəfə artırılması nəzərdə tutulur:
„İndiyə kimi Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi (XVTD) taborunda 4 bölmə var idi. Bakıdan yeni ştatlar ayrılıb, bölmələrin sayı 8-ə qaldırılacaq. Artıq, rayonlara tapşırıq verilib, yaşı 25-ə kimi, həqiqi hərbi xidmət keçmiş, boyu 175 santimetrdən yuxarı, idman təcrübəsi olan cüssəli gənclər qeydiyyata alınır. Xüsusi seçmə mərhələsindən sonra kriteriyalara cavab verən şəxslər işə götürüləcək. Bölmələrin sayını artırmaqda məqsəd, daxili təhlükəsizliyi möhkəmlətməkdir. Yeni hakimiyyət qarışıqlıq ola biləcəyindən ehtiyat edir“.
XVTD taboruna gənclərin yığılmasını yerli sakinlər də təsdiqləyir. Onların sözlərinə görə, bu gənclər əsasən Babək rayonunun Nehrəm qəsəbəsindən toplanır. Naxçıvanın yeni daxili işlər naziri Süleyman Neymətov da Nehrəmdə doğulub. Qəsəbə sakini B. Məmmədov deyir ki, Süleyman Neymətov xeyli sayda nehrəmi gənci nazirliyə dəvət edərək, onlarla söhbət aparıb:
“ Aralarında bizim qohumlar da var. Süleyman müəllim onlara deyib ki, yerli hakimiyyətin təhlükəsizliyi üçün xüsusi bölmələrin sayını artırırlar və belə cüssəli gənclərə ehtiyacları var. Bunun qarşılığında yüksək maaş vəd olunur. Qəsəbədə artıq xeyli sayda gənc sənədlərini toplayaraq, təqdim edib“.
Naxçıvan MR DİN Daxili Qoşunlarının nəzdnindəki XVTD taboru 2011-ci ildə yaradılıb.