Axtarış...

Hansı bankların biznes kredit faizləri çox YÜKSƏKDİR? - ARAŞDIRMA


Son vaxtlar Azərbaycan bankları tərəfindən mirko sahibkarlara təqdim olunan kreditlərlə bağlı ciddi narazılıqlar var. Xüsusilə də kiçik biznes sahəsi qurmaq istəyən və ya məşğul olmaq istəyən şəxslər məbləğinin, ödəmə müddətinin az, faiz dərəcələrinin isə çox yüksək olduğunu bildirir və narazılıqlarını açıq şəkildə ifadə edirlər.

Bəs, real vəziyyət necədir? Kredit faizlə nə qədər yüksəkdir?

Bizim.Media bu suallara cavab tapmaq üçün 11 aparıcı bank arasında kiçik araşdırma aparıb.

Nəticələri sizə təqdim edirik:

Kapital Bank

Kiçik sahibkarlar üçün təklif etdiyi mikro-kreditin məbləği 1 000 - 100 000 manat arasında dəyişir. İllik dərəcəsi 16 faizdən başlayır və ödəmə müddəti 36 aya qədərdir. Bunun üçün müraciət edən şəxslər üçün yaş həddi 20-dən yuxarı olmalıdır, üstəlik girovsuz və zaminsiz kredit alma imkanı əldə edə bilir.

Unibank

Öz müştərilərinə 50 manatdan 50 000 manata qədər mikro-kredit təklif edir. İllik dərəcəsi 5 faizdən başlayır, ödəmə müddəti isə 9 aydan 48 aya qədərdir. Kredit prosedurlarına görə 1 və ya 2 faizlik komissiya haqqı tutulur.

İstehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarında istənilən fəaliyyət növü ilə məşğul olan istənilən sahibkarlar bu vəsaiti əldə etmək imkanına malik olur.

“Bank of Baku”

Öz müştərilərinə 500 manatdan 50 000 manata qədər mikro-kredit təklif edir. Ödəmə müddəti minimum 3 ay, maksimum isə 36 aydır. İllik dərəcəsi isə məbləğinə görə 14-25 faiz arasında dəyişir. Rəsmiləşdirmə komissiyası - 0.5%-dən başlayır.

20-70 yaş arası bütün fiziki və hüquqi şəxslər kredit əldə etmək banka müraciət edə bilərlər. Bank isə onlardan adşınmaz əmlak, qızıl zinət əşyaları və ya üçüncü şəxsin zaminliyini təminat kimi tələb edə bilər.

Access Bank

Müştərilərinə 5 mikro-biznes krediti növü təklif edir.

“Sürətli mikro-biznes” krediti üçün müraciət edən mikro və ya orta sahibkarlıq subyektinə 10 000 manata qədər kredit götürmək imkanı tanınır. Müddəti 36 aya qədərdir, illik dərəcəsi isə 24 faizdən başlayır. Biznes fəaliyyəti olan şəxslər müraciət edə bilərlər.

“Maksimum dəstək” mikro-biznes kreditinin ümumi məbləği 100 000 manat təşkil edir. İllik dərəcəsi 16 faizdən başlayır, ödəmə müddəti isə 48 aya qədərdir. Bununla belə 9 aya qədər güzəşt müddəti təyin olunur. Girova malik biznes fəaliyyəti olan bütün şəxslər müraciət edə bilərlər.

“Girovsuz mikro-biznes” krediti üçün banka müraciət edən şəxslərə 50 000 manata qədər vəsait təklif olunur. İllki dərəcəsi 17 faizdən başlayır və ödəmə müddəti 48 aya qədərdir. Sahibkarlara 9 aya qədər güzəşt müddəti təyin olunur.

“Mövsümi mikro-biznes” kreditinin məbləği 15 000 manata, ödəmə müddəti isə 48 aya qədərdir. İllik dərəcəsi 12 faizdən başlayır və 9 aya qədər güzəşt müddəti təyin olunur.

Sonuncusu isə “My card” mikro-kreditidir.

Belə ki, bankın sahibkarlar üçün təklif etdiyi eyni adlı kredit kartında 15 000 manata qədər vəsait ola bilər. Kartın istifadə müddəti 60 ay, kredit limiti isə 24 aydır. 50 günə qədər güzəşt müddəti təyin edilir. İllik dərəcəsi 22-24 faiz arasında dəyişir.

VTB Bank

Mikro-biznes üçün müəyyən etdiyi ən yüksək məbləğ 15 000 manata, kreditin geri qaytarılma isə müddəti 26 aya qədərdir. İllik dərəcəsi isə 18 faizdən başlayır. Əvəzində isə heç bir girov və ya təminat tələb edilmir.

BTB Bank

Azərbaycanın bütün inzibati rayon ərazilərində yaşayan və mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə 500 manatdan 50 000 manata qədər həm milli, həm də xarici valyuta ilə kredit təklif edir.

Yalnız müştəridən cari iş yeri üzrə minimum 12 aylıq iş stajı tələb olunur. Ödəniş müddəti 1-48 ay arasında dəyişir. Rəsmiləşdirmə zamanı 1-18 ay müddətli kreditlər üzrə 1 faizlik, 19-48 ay müddətli kreditlər üzrə isə 1,5% nağdlaşma komissiyası tutulur.

Girov təminatı üçünsə bunlar tələb olunur:

Rəsmi gəliri olan zamin (müştəri), depozit, qızıl, daşınmaz əmlak, nəqliyyat, rəsmi gəliri olmayan zamin, ev əşyaları, dövriyyə malları, əsas vəsaitlər.

Bank Respublika

Mikro sahibkarlar üçün 500 manatdan 50 000 manata qədər, xarici valyutada isə 10 000 ABŞ dollarına qədər kredit təklif edir. Ödəmə müddəti 36 aya qədər, illik dərəcəsi isə 10 faizdən başlayır. Rəsmilləşdirmə zamanı 0-1.5 faiz komissiya haqqı tutulur. Güzəşt müddəti 12 aya qədərdir, hətta şirkətin strukturundan və kreditin növündən asılı olaraq fərqli müddət təklif edilə bilər.

Təminatı üçünsə zamin, qızıl, daşınmaz əmlak (yaşayış və qeyri yaşayış sahələri), depozit, nəqliyyat vastələri, ev əşyaları, dövriyyə malları və əsas vəsaitlər tələb olunur.

Yelo Bank

Öz müştərilərinə 500 manatdan 100 000 manata qədər mikro-biznes krediti təklif edir. Ödəmə müddəti 6-48 ay, komissiya dərəcəsi isə 0-2 faiz arasında dəyişir. Ancaq illik dərəcəsi 16 faizdən başlayır.

Bank ilk müştərilərinə 12 ayadək güzəşt müddəti təyin edir. Təminat kimi də zamin, nəqliyyat vasitəsi, daşınmaz əmlak tələb olunur.

Azərbaycan Beynəlxalq Bankı

Mikro sahibkalıq fəaliyyəti üçün təklif etdiyi kreditin ümumi məbləği 20 000 manata qədərdir. İllik dərəcəsi 19 faizdən başlayır. Ödəmə müddəti 36 aya, güzəşt müddəti isə 12 aya qədərdir. Rəsmiləşdirilməyə görə 1 faiz həxmində xidmət haqqı tutulur və heç bir girov tələb olunmur.

Naxçıvan Bank

Öz müştərilərinə 100 000 manata qədər mikro-kredit təklif edir. Ödəmə müddəti 6 aydan 36 aya, illik dərəcəsi isə 14 faizdən 16 faizə qədərdir.

Bank Avrasiya

Sahibkarlara təqdim etdiyi kreditin maksimum məbləği 30 000 manatdır. İllik faiz dərəcəsi 15 faizdən başlayır və geri qaytarma müddəti 36 aydır. Rəsmiləşdirmə zamanı 5 faizlik komissiya haqqı tutulur.

Rövşən Ziya, Bizim.Media
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz