Qusarda irigövdəli, çoxillik ağacların olduğu meşə ərazisində ağaclar kəsilib.
Bu barədə “Ecofront” təşkilatı məlumat yayıb. Ağacların kəsildiyini lentə almaq istəyən rayon sakininin iradlarına cavab verən şəxs çıxarışı olduğunu bildirməklə çəkilişin aparılmasına imkan verməyib.
Görüntülərdə bir neçə ağacın kəsildiyi əksini tapıb. Kəsilən ağacların yerində tikinti aparılacağı güman edilir.
Qusar sakinləri Meydan TV-yə bildiriblər ki, ağacların kəsilməsi halları tez-tez baş verir. Kəsilən ağacların yerində evlər, kafe, restoranlar tikilir.
“Qaz olmayan kəndlərdə sakin öz həyətindəki ağacı kəsəndə belə cəzalandırılır, amma meşələrin, yaşıllıq zonalarının məhv edilməsinə göz yumurlar”,-sakinlərdən biri danışıb.
Qusar İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, sözügedən videogörüntülərdən xəbərdar deyillər. Yəqin ki, məsələ araşdırılacaq.
Bununla belə, rayon ərazisində icra hakimiyyəti tərəfindən daim ağac əkmə aksiyası keçirildiyinə dair qurumun rəsmi səhifəsində məlumatlar paylaşılır. Yol kənarında, mərkəzi küçələrdə, turizm obyektlərinin girişində, o cümlədən kəndlərə gedən yollarda yerli ağac növlərindən olan tinglər əkildiyi ilə bağlı məlumat yerləşdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə suallar cavablandırılmayıb.