Xəzər rayonunda yerləşən “Rahat” marketin qabağında şam ağaclarının kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verdiyi açıqlama Buzovna sakinlərində ciddi narazılıq yaradıb.
Millitv.az AzToday.az-a istinadla xəbər verir ki, Buzovna sakinləri adıçəkilən marketin qarşısındakı 6 agacın kəsilməsi ilə bağlı ETSN-nin mətbuat xidmətinin verdiyi açıqlamanı təkzib edirlər.
Qurumun mətbuat katibi İradə İbrahimova dünən mediaya açıqlamasında bildirib ki, rayon ərazisində müxtəlif ünvanlarda quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı Xəzər rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub.
“Rayonun bir neçə yerində, o cümlədən Buzovna qəsəbəsindəki “Rahat” marketin qarşısında Agentlik tərəfindən qurumuş şam ağaclarının götürülərək əvəzinə yeni ağacların əkilməsi şərtilə rəy verilib.”
Sakinlər isə ağacların quru olması ilə bağlı ETSN rəsmisinin dediklərinin yalan olduğunu və sözugedən açıqlamanın baş verən qanunsuzluğun ört-basdır edilməsinə xidmət etdiyini bildirirlər. Yayılan video-görüntülərdə də agacların tam saglam olduğu görünür.
Məlumata görə, parkinq yerinin genişləndirilməsi üçün kəsilən agacları ulu öndər Heydər Əliyevin birbaşa tapşırığı ilə adıçəkilən ərazidə əkilibmiş. Ekologiya Nazirliyinin iddia etdiyi kimi, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Rahat Market”in qarşısında ağacların kəsilməsi heç də həmin ağacların qurması ilə bağlı deyil. Sakinlərin sözlərinə görə, Heydər Əliyevin əkdiyi həmin ağaclar Ekologiya Nazirliyinin Tərlan və Fariz adlı əməkdaşlarının icazəsi ilə kəsilib. Və 6 ağacın kəsilməsinə görə Tərlan və Farizə 50 000 manat ödənildiyi iddia olunur. Prosesdə Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyevin və qəsəbə icra nümayəndəsinin müavini Vüqar Sadıqovun da iştirak etdiyi bildirilir.
Sakinlərin narazılığı ilə bağlı ETSN-nin mətbuat xidməti ilə əlaqə saxladıq, yayılan görüntüləri təqdim etdik. Qurumun mətbuat katibi İradə İbrahimova AzToday.az-a bildirib ki, dünən bununla bağlı açıqlama veriblər. Amma yayılan görüntülər və sakinlərin narazılığı ilə bağlı sualları cavablandırmadı.
Göründüyü kimi, oğul Əliyevin prezidentliyi müddətində Heydər Əliyevin əkdiyi ağacları kəsməyə cəsarət edənləri cəzalandıran çətin tapılsın…
Həmin görüntüləri təqdim edirik: