Axtarış...

Dahilər ölməz!!!

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - Heydər Əliyev Tarixi yaradan dahi şəxsiyyətlərdir.

Böyük şəxsiyyətlər yaşamasaydı, bəşəriyyətin tarixi təsəvvürəgəlməz dərəcədə kasıb və maraqsız olardı. Tarix özünün yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə öz liderinin əsəridir. Azərbaycan xalqı özünü bütünlüklə xoşbəxt saya bilər ki, onun XX əsrin sonunda və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi ümummilli lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur. Məhz bu nadir şəxsiyyətin rəhbərliyi illərində Azərbaycan böyük və sürətli inkişaf mərhələsinə qədəm qoyaraq yeni cəmiyyət parametrləri kəsb etməyə müyəssər olmuşdur. Naxçıvan şəhərində dəmiryolçu ailəsində 10 may 1923-cü ildə dünyaya gələn bir körpə zaman ötəcək dünyaya böyük bir siyasətçi kimi adını həkk edəcəkdir. Çoxuşaqlı bir ailədə doğulan Heydər Əliyev o ailədə 8 övladdan dördüncüsü idi. Atası Əlirza Əliyev dəmir yol işçisi, anası İzzət xanım isə evdar qadın idi. Zaman təsdiqlədi ki, sadəliyi və işgüzarlığı ilə seçilən bir ailənin üzvü kimi yetişən uşaqlar gələcəyin böyük simalarına çevrildilər.
Heydər Əliyevlə bərabər olaraq gələcəyin akademikləri, xalq rəssamı, elmlər namizədləri boy atırdı bu sadə ailədə. Elə məktəb illərində yaşıdlarından fərqlənən Heydər Əliyev öz davranışı, təhsili ilə hər kəsin diqqətində olur. Şərəfli və ləyaqətli yolu ilə ən yüksək zirvələrə yüksələcək. 1939-cu ildə Heydər Əliyev Bakıda Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olur. Amma müharibə ona təhsilini başa vurmağa imkan vermir. O, xüsusi xidmətlərdə və təhlükəsizlik orqanlarında işə başlayır. Memar olmaq arzusu ilə yaşayır və 1941-ci ilə qədər orda uğurla təhsil alır. Ancaq təəssüf ki, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayır və o, təhsilini yarımçıq qoymalı olur. Elə həmin ildə Heydər Əliyev Naxçıvan MSSR Daxili İşlər Komissarlığı tərəfindən Naxçıvana çağrılır. Gənc olmasına baxmayaraq, o, Naxçıvanda Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində məsul bir vəzifə - şöbə müdiri vəzifəsində çalışır. 1944-cü ilə qədər bu vəzifədə işləyir.
1944-cü ildə rus dilini gözəl bildiyinə və çox məsuliyyətli olduğuna görə, irəli çəkilir və Dövlət Təhlükəsizlik Orqanlarında işə, elə həmin illərdə də Leninqradda Rəhbər Kadrların Hazırlığı Məktəbində xüsusi ali təhsil alır. 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilir. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur və 1957-ci ildə oranı müvəffəqiyyətlə bitirir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilir. Məsuliyyətli və şərəfli xidmətinə görə ona 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilir. 1964-cü ildən Heydər Əliyev Azərbaycan SSRİ Nazirlər Sovetinin yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri təyin olunur. 1969-cu il iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək 1982-ci ilədək Azərbaycan respublikasının rəhbəri olur. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969–1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə olunur. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olur. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutur. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyası Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Sovetinin SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edir. 1990-cı ilin qanlı 20 yanvar hadisələrini eşidən kimi, xalqın lideri yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edir.
O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edir. 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilir. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Beləliklə, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetini sədri vəzifəsini, iyunun 24-də isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı, oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilir. Beləliklə, Naxçıvanda böyüyən dəmirçi ailəsinin dördüncüsü Azərbaycan dövlətinin müstəqilliyinin qorunmasına nail olur, müstəqil Azərbaycanın memarı olur. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi istər sovet məkanında, istərsə də müstəqillik illərində bənzərsiz fəaliyyətilə Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutmasına mühüm töhfələr verdi. Dahi şəxsiyyət vətənini dərin bir məhəbbətlə sevdi, xalqın haqq səsini dünyaya çatdırdı, doğma Azərbaycanı dünyada layiqincə təmsil etdi.
Dahilər ölməz!!!
Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycan dövlətində hər bir sahədə böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Ən əsas hakimiyyətə gəlişi ilə Azərbaycanın parçalanması təhlükəsini yaratmış separatizmin, vətəndaş müharibəsinin qarşısı alındı, erməni təcavüzünün dərinləşməsi dayandırıldı, cəbhədə atəşkəs razılaşmasına nail olundu. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.
Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, ümummilli lider adını qazanmışdır. Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır. Ümummilli liderimiz həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik". Milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, onun daha da təkmilləşdirilməsində doğma dilimizin müstəsna rol oynadığı şübhəsizdir. Bu vacib amili nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. Ümummilli liderimiz müstəqillik illərində gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi irsini özündə yaşadan azərbaycançılıq ideyasının da təşəkkül və inkişafına diqqət yetirirdi. O, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür və milli-mənəvi dəyərləri bu ideologiyanın ən mühüm istiqamətlərindən və tərkib hissələrindən biri kimi qiymətləndirirdi. "Hər bir azərbaycanlı mənsubiyyətinə görə qürur keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq". Ulu öndərimizin bu söylədiyi artıq hər birimizin devizidir. Xarici ölkələrə hər səfərində soydaşlarımıza azərbaycançılığı təbliğ etməyi tövsiyə edirdi: "Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır". Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi və bənzərsiz liderlik keyfiyyətləri ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə - müstəqilliyi daimi, dönməz və əbədi etməyə müvəffəq olmuş, xalqımıza qürur və iftixar mənbəyi olan çoxsaylı tarixi nailiyyətlər qazandırmış, yeni, müasir və müstəqil Azərbaycan reallığını yaratmış müdrik dövlət xadimidir.

Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, ümummilli lider adını qazanmışdır. Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır. Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. İlham Əliyevi nəzərdə tutaraq Azərbaycan xalqına müraciətində Ulu Öndərimiz demişdir: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". Bu inam cənab İlham Əliyevin fəaliyyətində özünü doğrultdu və Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafında, beynəlxalq aləmdə qazanılan uğurlarda özünü göstərməklə Ulu Öndərin müdrikliyinin bir daha əyani ifadəsinə çevrildi. Heydər Əliyev siyasətinin zamanın sınaqlarından qaynaqlandığını, dərin zəka və ağıla söykəndiyini, xalqa və ölkənin tərəqqisinə, xoşbəxtliyinə yönəldiyini sübuta yetirdi. Azərbaycan xalqının prezidenti İlham Əliyev Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq. Məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir". Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı. Azərbaycan xalqının taleyində və tarixində silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyev sözün əsl mənasında, Ən Böyük Azərbaycanlı idi. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daima anılacaq və seviləcəkdir. Ruhun şad olsun, Ulu Öndər. Mirasın Azərbaycanı təməlini qoyduğun Azərbaycan ordusunun qeyrətli igidləri qorudu , azad etdik ki, hər birimiz həmişə fəxrlə deyə bilək:

Mən də fəxr edirəm ki, mən Azərbaycanlıyam!









Müəllif: Əlixanova Samirə Ramiz qızı



Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz