Axtarış...

Elxan Nəcəfov kimdir: Ustadına kəm baxan “şəyird”, yoxsa Naxçıvan MR Təhsil naziri? - İLGİNC GƏLİŞMƏ...


“Hədəf” kurslarının redaksiyamıza göndərdiyi rəsmi təkzib məktubunda maraqlı məqamlar var. Məktubdan anlaşılır ki, Naxçıvan MR məktəblərində məcburi keçirilən sınaq imtahanlarının “Hədəf” kurslarına dəxli yoxdur.

Qeyd edək ki, bənzər fikirlər kursların rəhbəri Şəmil Sadıqovun Naxçıvan müəllimləri tərəfindən redaksiyamıza göndərilən şikayət məktubunun altında yazdığı rəydə də öz əksini tapmışdı. Hətta Ş. Sadiqov Naxçıvan MR Təhsil Nazirliyinin özgə kurslara tanıdığı bu imtiyazdan incikliyini də gizlətməmişdi. Prinsipcə, bu inciklik dolaylı və daha incə şəkildə rəsmi təkzib məktubunda da keçir: “Bəli, Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri vəzifələrini icra edən Elxan Nəcəfov “Hədəf”in yetirməsidir, 15 ilə yaxın Hədəf Kurslarında müxtəlif vəzifələrdə çalışıb, lakin hazırda heç bir əməkdaşlığımız yoxdur və bu sahədə də olmayıb!”.

Şəmil Sadiqov bu incikliyində haqsızdırmı? Məncə, yox. Təsəvvür edin, adam 15 il əziyyət çəkib öz həmkəndlisini yetişdirsin, “şəyird”in əli çörəyə çatanda isə öz ustadını tanımasın. Siz olsanız, “şəyird”inizdən inciməzsinizmi?

Yəqin siz də razılaşarsınız; Naxçıvanda faktiki Təhsil naziri vəzifəsini icra edən Elxan Nəcəfovun dövlətin inzibati resurslarından başqa bir hazırlıq kursunun nəfinə faydalanması o deməkdir ki, özünün yetişdiyi ocağın rəqabət imkanlarını daraldıb, başqasının maraqlarına qulluq edir. Bu sözləri deyərkən, biz iddia etmirik ki, Muxtar Respublikanın Təhsil naziri başqasına yox, məhz “Hədəf” kursuna imtiyaz tanımalı idi. Əsla və qətiyyən o fikirdə deyilik. Bizim Təhsil Nazirliyi kimi bir dövlət müəssisəsindən gözləntimiz ondan ibarətdir ki, bu qurumu idarə edənlər öz vəzifələrini unutmamalı və heç kimin tərəfini tutmamalı, istənilən şəxsə imtiyaz verməməlidir. Əksinə, təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün lazım gələndə hazırlıq kursları arasında ədalətli rəqabət şəraiti yaratmalı, hətta ümumi maraqlar naminə fərdi repetitorların fəaliyyətlərinin də qarşısını almamalıdırlar. Elxan Nəcəfov isə bunların tam əksini edir. Bir tərəfdən məktəblərdə müəllimlərin fərdi hazırlıqlarını əngələyir, digər tərəfdən isə hansısa hazırlıq kursunun sınaq imtahanını məcburi hala gətirərək, öz keçmiş dostlarının, ozan dili ilə desək, ustadının da əməyini baltalayır.

Bu yerdə Aşıq Ələsgərin məşhur sözləri yada düşür:

“Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə ağ damar, damar”.

Cənab “canişin” həzrətləri, bu kiçik qissədən sizə də bir hissə düşür. Yanınıza gələn kimi öz ustadına kəm baxan bir “şəyird”dən siz nə gözləyirsiniz, maraqlıdır. Əminsinizmi ki, o, sabah sizin özünüzə də kəm baxmayacaq?

Heydər Oğuz, Ovqat.com
Text-to-Speech

DİNLƏ






Şərh yaz