Elm və təhsil naziri Emin Əmrullayev İctimai Televiziyaya müsahibəsi zamanı ümumtəhsil məktəblərinin yuxarı sinifləri ilə bağlı dəyişikliklər olacağını deyib. Dəyişikliklərin detalları barədə danışmayan nazir söyləyib ki, rəhbəri olduğu nazirlik 10-11-ci siniflərin məzmununa yenidən baxacaq.
“Düşünməliyik və müzakirə aparmalıyıq ki, 10 və 11-ci siniflər nə üçün lazımdır? Bu, ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlayaq. Biz deyiriksə, 10 və 11-ci siniflər yalnız ali təhsilə hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür, o zaman başqa bir model seçməliyik. Bu istiqamətdə müəyyən ilkin çalışmalar var. Lakin indidən detallar barədə danışmaq istəmirəm. Ancaq inanıram ki, 2024-cü ilin əsas istiqamətlərindən biri məhz bu olacaq”, - deyə Əmrullayev vurğulayıb.
Əlavə edib ki, təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir: “Elmi tədqiqatların nəticəsinə görə, tədris müddətinin çox olması akademik göstəricələrə müsbət təsir edir. Bura məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi də aiddir. Azərbaycan ictimaiyyəti tədris müddətinin artırılması məsələsini müzakirə etməlidir. Amma onu da təəssüflə demək lazımdır ki, mediada aparılan monitorinqlərin nəticəsinə görə, ölkəmizdə ictimai müzakirənin keyfiyyətində də problem var. Elə buna görə də qərar verməkdə çətinliklər meydana çıxır. Bu hal təkcə təhsil sahəsində deyil, digər sahələrdə də mövcuddur”.
Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, professor Şahlar Əsgərov mövzuya dair AYNA-ya açıqlamasında bildirib ki, təhsil sahəsində ciddi islahatlar aparılmalıdır: “Əsas islahat isə ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsi ilə bağlı olmalıdır. Təsəvvür edin ki, yuxarı sinif şagirdləri bütün günü repeditorların yanında olurlar. Eyni zamanda dərslərdə də iştirak edirlər. Onlara heç bir güzəşt olunmur. Elm və təhsil naziri Emin Əmrullayevin söylədiyi fikirlər də təsdiq edir ki, bu sahədə islahatlar aparılmalıdır. Azərbaycanda kifayət qədər universitet mövcuddur və hər il 60 minə yaxın tələbə qəbulu nəzərdə tutulur”.
“Elə isə biz hansı səbəbdən xarici təcrübəni ölkəmizdə tətbiq etmirik? İllərdir bəyan edirik ki, universitetlərə qəbul sistemi sadələşməlidir. Biz universitetlərin giriş qapısını açıq, çıxış qapısını isə bağlı saxlamalıyıq. Yalnız bu yolla təhsildə inkişafa nail olmaq olar. Məqsəd nədir? Peşəkar mütəxəssislər yetşdirmək. Biz tələbələri qəbul edək, onlar peşəsini öyrənsinlər və mütəxəssis olsunlar. Bütün dünyada belədir. Türkiyədə də həmçinin”, - deyə həmsöhbətimiz izah edib.
Əsgərovun sözlərinə görə, sovet dövründə Azərbaycan cəmiyyəti əsasən orta təhsilli cəmiyyət idisə, indi bütün dünya çalışır ki, ali təhsilli cəmiyyətə sahib olsun: “Statistik göstərəcilərə nəzər salsaq, görərik ki, inkişaf etmiş ölkələrdə hər 100 gəncin 90-nı ali məktəblərdə təhsil alır. Mən son 10-15 ildir deyirəm ki, ali məktəblərə qəbul imtahanları ləğv edilməlidir. Bu, sovet dövründən qalma bir ənənədir. Biz nə istəyirik? Daha çox ali təhsilli mütəxəssis olsun? O zaman niyə abituriyentəri çətinə salırıq? Yaxud müasir dünya bu üsuldan istifadə etmir? Çünki yararsız üsuldur. Məqsəd mütəxəssis yetişdirmək olmalıdır. Bütün bunlar açıq qalan suallardır və cavabını tapmalıdır. Yaxşı olar ki, bu istiqamətdə addımlar atılsın və təhsildə keyfiyyət dəyişikliyinin əsası qoyulsun”.
Elm və təhsil nazirinin açıqlamasını AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədov hesab edir ki, təhsil müddəti ilə bağlı müzakirələr yanlış müstəvidə aparılır: “Nazir bildirir ki, 10 və 11-ci siniflərlə bağlı yeni model seçilməlidir. Əslində isə əsas diqqət aşağı siniflərə yönəldilməlidir. Təhsil ekspertləri olaraq illərdir təklif edirik ki, ümumtəhsil məktəblərinə qəbul 6 deyil, 5 yaşdan həyata keçirilsin. Əgər biz təhsil müddətini artırmaq istəyiriksə, ibtidai siniflərdə bunu həyata keçirməliyik”.
“Bu, həm də işləyən valideynlərə əlavə problemlər yaradır. Bəzi halllarda məktəb və bağça olmadığına görə valideynlər də işləyə bilmirlər. Bu da ailələrin büdcəsinə ciddi təsir göstərir. Eyni zamanda ibtidai siniflərdə tədris yükü ağırdır. Bunun üçün də ibtidai sinif müddətinin 4 ildən 5 ilə qaldırılmasına ehtiyac var. Bütün bunlar isə kompleks şəkildə həyata keçirilməlidir”, - deyə müsahibimiz söyləyib.
Əsədov ali məktəblərə qəbulla bağlı da yeniliklər gözlənildiyini diqqətə çatdırıb: “Bu il universitetlərə 60 min tələbənin qəbul olunması nəzərdə tutulur. Hansı ki, təxminən 13 il öncə bu rəqəm 30 min civarında idi. Bu, iki dəfə artım deməkdir və müsbət göstəricidir. Şübhəsiz ki, keçid ballarında da enmələr olacaq. Bunun bir səbəbi qəbul yerlərinin artırılmasıdırsa, digər səbəb ali məktəbə daxil olmaq üçün müraciət edənlərin sayının azalmasıdır. Qəbul qaydası isə ənənəvi şəkildə aparılacaq”.