"Azərbaycan təhsilinin qarşısında duran vacib çağırışları həll etmək baxımından “Ali təhsil haqqında” qanun layihəsi mühüm əhəmiyyət kəsb edir". Bunu Təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib. Nazir bildirib ki, ali təhsilin əlçatanlığı, bərabər imkanların əldə edilməsi diqqətdə olan məsələlərdir: "Bundan başqa, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar bizi narahat edir". O qeyd edib ki, Azərbaycanda artıq yaradılmasının 100 illiyini qeyd edən ali təhsil sistemi mövcuddur:
"Bu baxımdan ənənələrimiz və bizə qalan miras var. Amma həyat sürətlə inkişaf edir və yenilikləri də özü ilə gətirir. Biz yeni qanun layihəsini ortaya qoymaqla təhsilin pillələri və səviyyələri anlayışlarından imtina etmirik. Təhsilimizdə təsnifat mütləq lazımdır”. Təhsil naziri vurğulayıb ki, burada üç əsas məqam var: "Belə ki, qanun layihəsinin böyük hissəsi ənənələrə söykənir. Tədqiqatlar, araşdırmalar, mütəxəssislərin rəyləri məsələnin ikinci tərəfidir. Bir də məsələnin emosional tərəfi var. Seçim zamanı əsas hədəf şəffaflığın təmin olunmasıdır".
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrəndik. Ekspert "Şərq"ə açıqlamasında bildirib ki, Təhsil naziri Emin Əmrullayev bu iradda haqlıdır:
"Belə ki, son illər qəbul imtahanlarında istifadə edilən test tapşırıqları orta ümumtəhsil məktəblərinin proqramında şagirdlərə verilən biliklərin məzmunundan daha fərqli formatda tərtib edilib. Çünki test tapşırıqlarını hazırlayan mütəxəssislər bir çox hallarda orta ümumtəhsil məktəblərində çalışmırlar. İkinci burda ən vacib məqam test tapşırıqlarındakı distraktorlar şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil. Yəni burda test tapşırıqları hazırlanan zaman daha çox şagirdlərdən diqqət və yaddaş bacarıqları ölçülürsə, orta ümumtəhsil məktəblərində tədris proqramlarında tamamilə fərqli minimum biliklər, eyni zamanda cəmiyyətdə ona qarşı çıxacaq problemli situasiyadan çıxış bacarıqları yoxlanılır".
Təhsil eksperti hesab edir ki, test tapşırıqlarının məzmunu və strukturu ilə bağlı müəyyən sadələşdirilmələr aparmaq lazımdır: "Biz son illər görürük ki, qəbul imtahanlarında istifadə edilən test tapşırıqlarının modelləri qəlizləşib. Daha çox şagirdlərin bilikləri yox, yaddaşları yoxlanılır. Ona görə də təhsil naziri bu fikrində tamamilə haqlıdır. Bu bizi birmənalı şəkildə narahat edir. Yəni biz düzgün yoxlama və ölçmə alətlərindən istifadə etmirik. Yaxud da üsul və vasitələrimiz doğru deyil. Hesab edirəm ki, biz qəbul imtahanlarında məhz sualların modellərində müəyyən qədər sadələşdirmələr aparmalıyıq ki, hər kəs üçün ali məktəblərə qəbul olmaq daha rahat olsun".