"Bildiyiniz kimi, Bakı Metroploiteninin fəaliyyəti hələ ki, bərpa edilməyib. Bu mənada hələ ki, qərar verilməyib. Növbəti mərhələlərdə bu qərar verilərsə, bu halda V-IX siniflərin açılması daha məqsədəuyğun olar. Çünki nəzərə almalıyıq ki, xeyli sayda məktəb müəllimi və işçisi məhz bu nəqliyyat vasitəsindən istifadə edir".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev yanvar ayının 22-də keçirilən brifinqdə demişdi. Metro fəaliyyətə başlamasa da, Təhsil Nazirliyinin qərarı ilə ötən gündən, yəni fevralın 15-dən etibarən Bakı, Abşeron və Sumqayıt da daxil olmaqla bütün bölgələrdə V-IX siniflər əyani dərslərə başlayıblar.
Bu isə o deməkdir ki, E. Əmrullayevin "məhz metrodan istifadə edirlər" dediyi bütün məktəb işçiləri, onsuz da xeyli sıx hesab olunan avtobuslardan istifadə edəcək. Şübhəsiz bu hal, yoluxmaların artmasına, bəlkə də yenidən karantin rejiminin sərtləşməsinə gətirib çıxaracaq.