Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarlara dəstək məqsədilə bir çox fərman və sərəncamlar imzalayıb. Prezidentin 2018-ci il 14 dekabr tarixli fərmanı ilə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını, emalnı stimullaşdırmaq, satın alınmanı mərkəzləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bütün dövlət sifarişləri ilə bağlı alqı-satqı əməliyatları ATT-nin elektron portalında qeydiyyatdan keçməlidir. Bir müddət bu qaydalara əməl olunsa da, lakin bəzi qrumlar, dövlət orqanları və nazirlikləri portaldan kənar Prezidentin fərmanına zidd olaraq öz daxili sistemlərində tenderlər elan edir və istədikləri adamları qalib edirlər. Misal olaraq , Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tender keçirib və “REM SERVİS” şirkətini tenderin qalibi elan edib. Tenderin şərtlərinə görə, həmin şirkət pilot layihə adı ilə bağçaları gündə 3 dəfə isti yeməklə təmin etməlidir.
Azinforum.az-ın araşdırmasına görə, hələlik Bakının 4 rayonu: Nəsimi, Nərimanov, Səbail və Nizami rayonundakı dövlət bağçalarını əhatə edən bu layihə yalnız kağız üzərində icra olur. Yenə adi, köhnə qaydada ərzaq daşınır və yeməklər köhnə qayda ilə bağçalarda hazırlanır. Məlum məsələdir ki, əvvəlki 1 uşaq normasına ayrılan dövlət vəsaiti ilə indiki arasında bir günə azı 2 manat çox pul xərclənir. Yəni, dövlətə dəyən ziyanın hesabına kimlərsə varlanır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2022-ci ilin dekabr ayından başlayaraq bağçalara isti yemək verilməsinin icrasına “başlayıb”. İsti yeməklərin çatdırılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 oktyabr tarixli 393 nömrəli qərarı ilə “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması qaydalarına uyğun olaraq Xüsusi Katerinqlər tərəfindən icra edilməsi nəzərdə tutulurdu. Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev çıxışında qeyd edib ki, ketrinq şirkəti qəbul edilən vahid standartlara uyğun, əvvəlcədən razılaşdırılmış menyu və qramajlarla yeməyi bişirir və bağçalara təqdim edir. Bağçalarda isə vəziyyət hec də belə deyil. Yenə köhnə qayda da təzə menyu əsasında yeməklər bağçanın mətbəx işçiləri tərəfindən bişirilib, hazırlanır.
Misal olaraq , Nizami rayonunda 23 bağça, Səbail rayonunda isə 15 bağça fəaliyyət göstərir. Onlardan ancaq 3-4 bağçaya (əsasən uşaq sayı az olan, 1 və 2 qruplu bağçalara və şəraiti olmayan bağçalara isti yemək göndərilir). E.Ömərov küçəsindəki 48 saylı uşaq bağçası, Günəş uşaq bağçası, 129 saylı uşaq bağçası, 91 saylı uşaq bağçası , 44 saylı uşaq bağçası , 130 saylı uşaq bağçası və s. Əgər “REM SERVİS” ketrinq xidməti göstərirsə , nəyə əsasən Nizami və Səbail rayonu bağçalarına pilot layihə əsasında isti yemək çatdırılmır? Nəyə görə digər bağçalara İcra hakimiyyətinin tabeliyində olduğu kimi ərzaq daşınır və yeməklər bağçalarda bişir? Əgər qidaların hazırlanması ketrinq şirkətinə verilirsə demək ki, bütün bağçalara yeməklər normalara uyğun olaraq, məhz bu şirkət tərəfindən bişirilməli və pilot layihənin adına uyğun olaraq “hazır yemək”lərin daşınması təmin edilməlidir. Ancaq yenə bağçalara köhnə qaydalar ilə yalnız ərzaqlar verilir, bağçalarda yeməklərin bişirilməsi davam edir.
Reydlər keçirilib araşdırılmalıdır ki, 2022-ci ilin dekabr ayından 4 rayonu isti yeməyə tam kecibmi? Hələ 4 rayonda cəmi 3-4 bağçaya isti yemək verildiyi halda ,2024-cü ilin yanvar ayından paytaxtın digər 4 rayonunu da bu pilot layihəyə daxil etmək istəyirlər. Bağçalara isti yemək verilimirsə, digər rayonlarında isti yemək adı altında pilot layihəyə kecirilməsində əsas məqsəd nədir? Prezidentin sahibkarlara dəstək və şəffaflığı qorumaq məqsədilə yaratdığı qrumundan (ATT) kənar fəaliyyətlərin aparılması, Prezitentin fərmanına məhəl qoyulmadığın səbəbi mütləq araşdırılmalı və daxili tenderlərlə dövlət vəsaitlərinin mənimsənilməsinin əsl səbəbləri aydınlaşmalıdır. İndi söz əlaqədar qurumlarındır.
Məhəmmədəli QƏRİBLİ, Azinforum.az