“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeli bir qurumdur. Rəsmi internet portalında özlərinin də qeyd etdikləri kimi əsas missiyaları dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdir. Səhmdar Cəmiyyət hazırda Bakı və Abşeron ərazisində bayramlarda “Kənddən Şəhərə” yarmarkaları təşkil edir ki, güya burada birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçirilir. Habuki burada da qiymətlər paytaxtın bazarlarındakı qiymətlərlə heç nə ilə fərqlənmir.
Apardığımız araşdırmalar zamanı əldə etdiymiz məlumata görə “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti bir də rayon xəstəxanalarının ərzaqla təchizat işini həyata keçirir. İl ərzində bu xəstəxanaların ərzaq məhsulları ilə təmin edilməsinə nə qədər vəsait ayrıldığı heç kimə bəlli deyil. Çünki Səhmdar Cəmiyyət bunu heç bir tender keçirmədən, gizlin şəkildə həyata keçirir və ərzaq məhsullarının hansı qiymətlərə alınması ictimaiyyətə bəlli olmur.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınmasını həyata keçirmək üçün portal yaratmaq niyyətinə düşüb. Qurumun 27.01.2022-ci il tarixdə sözügedən portalda yerləşdirdiyi bildirişdə göstərilir.
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2021-ci il 22 dekabr tarixində “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalının (bundan sonra – Portal) hazırlanması xidmətlərinin satınalınması üzrə keçirilmiş açıq tenderdə “Smart Solyuşns Group” MMC qalib gəlmiş və həmin şirkətlə 708 000,00 (yeddi yüz səkkiz min manat 00 qəpik) AZN məbləğində, “06” yanvar 2022-ci il tarixli 06/01-22 nömrəli satınalma müqaviləsi bağlanmışdır.
Tenderin 22.11.2021-ci il tarixdə yekunlaşmış şərtlər toplusunun çatdırılma müddətində isə göstərilir ki, 1-3,5,6,8,10 və 12-ci bəndlərdə qeyd edilən iş və xidmətlər 01 mart 2022-ci il tarixə qədər və daha tez müddət ərzində, digər bəndlərdə qeyd olunanlar 2022-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulmalıdır. Amma artıq 2023-cü ilin yanvar ayı olmasına baxmayaraq “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portalı hələ də fəaliyyətə başlamayıb.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti portalın hazırlanmasına ayırdığı vəsaitdən əlavə iki dəfə də tender keçirib.
Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması məqsədilə yaradılan elektron portal ilə əlaqədar olaraq 2022-ci il may-iyun (30 gün) tarixlərində ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması zamanı iştirak qaydaları, elektron portalda qeydiyyat, zəruri sənədlərin, məlumatların yerləşdirilməsi üzrə satınalan təşkilatların, satıcıların maarifləndirilməsi xidmətinin keçirilməsinin təşkilati işlərinin və promo məhsulları ilə təmin edilməsinin satın alınması məqsədi ilə 13.05.2022-ci il tarixdə açıqlanmış məlumata görə “Aqrar tədarük və təchizat” ASC “ADMEDİA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 46 191.1 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
11.11.2022-ci il tarixdə verilmiş məlumatda isə “Aqrar tədarük və təchizat” ASC ilə “XCO” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 83 968.8 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı göstərilir. Bu tenderdə isə “Aqrar tədarük və təchizat” ASC “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” məqsədilə yaradılan elektron portalın istifadəsi ilə bağlı olaraq 2022-ci il oktyabr-dekabr (30 gün) ayları ərzində növbəti modullar üzrə elektron portalda qeydiyyat, zəruri sənədlərin yerləşdirilməsi, tərəflər arasında müqavilələrin bağlanması və alqı-satqı əməliyyatlarının aparılması üzrə satınalan təşkilatların və satıcıların maarifləndirilməsi məqsədi ilə tədbirin təşkili xidmətlərinin təmin edilməsinin satın alıb.
Elan olunmuş məlumatlardan da görsəndiyi kimi, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portalının hazırlanması xidmətlərinin satın alınması və təşkilatların və satıcıların maarifləndirilməsi məqsədi ilə tədbirin təşkili xidmətlərinin təmin edilməsinə ümumi olaraq 838 159 manat dövlət vəsaiti xərcləyib. Məlumatlardan da görsəndiyi kimi elektron portalda oktyabr-dekabr ayları ərzində zəruri sənədlərin yerləşdirilməsi və tərəflər arasında müqavilələrin bağlanması və alqı-satqı əməliyyatlarının aparılması nəzərdə tutulub.
Amma dövlət orqanlarının rəsmi internet resursları üzərindən apardığımız araşdırmalar zamanı “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin səkkiz yüz min manatdan çox vəsait ayırdığı elektron portalın fəaliyyəti ilə bağlı heç bir məlumat əldə edə bilmədik. Qurumun tedaruk.gov.az portalının yaxın zamanda aktiv olacağı göstərilir.
Buradan suallar ortaya çıxır. Səkkiz yüz min manatdan çox dövlət vəsait ayrılmış elektron portal niyə fəaliyyət göstərmir? Bir elektron portalı bir il ərzində aktivləşdirmək bu qədərmi çətindir? “06” yanvar 2022-ci il tarixli 06/01-22 nömrəli satınalma müqaviləsinin şərtləri niyə vaxtında icra olunmayıb? Yoxsa əlavə vəsaitin ayrılmasına ehtiyac yaranıb?
Qeyd edək ki, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aqil Quliyevdir. Dövrü mətbuatda onun Kənd Təsərrüfatı naziri İnam Kərimovun ən yaxın adamlarından biri olduğu barədə çoxsaylı məlumatlar yayılıb. Artıq bir il keçməsinə baxmayaraq səkkiz yüz min manatdan çox dövlət vəsaitin ayrıldığı elektron portalın niyə fəaliyyət göstərməməsinin səbəbi də məhz onlardan sorulmalıdır.
Aktualinfo.org