Paytaxtın Suraxanı rayon icra başçısı Əziz Əzizov, müavini Fuad Cəbrayılov və şöbə müdirləri ilə birgə Vətən müharibəsi qazisi Qurbanov Əbülfət Tanverdi oğlunu ziyarət edib. İlk baxışda burada adi bir məlumat keçir. Amma informasiya İH-nin rəsmi saytında elə təqdim olunub ki, böyük hadisə baş verib. Qazi ilə birgə çəkilmiş fotoda başçı Əzizov və müavini Cəbrayılov var. Və əlavə məlumat verilmir ki, qazi hansı arzusunu, hansı problemini dilə gətirib, başçı ziyarət zamanı ailəyə nə kimi köməklik göstərib. Digər tərəfdən, axı burada hansı informasiya yükü var? Bir məmurun vəzifə borcu elə vətəndaşla maraqlanmaq, görüşmək, problemini dinləməkdir. Xüsusən də bu qazidirsə…
Tribunainfo.az xəbər verir ki, Əziz Əzizov isə qazi ilə görüşü reklam xarakterli təqdim edib. Əgər belə olmasaydı, adi bir ziyarəti gözə soxmazdı. Sanki qeyri-adi əməli olub. Hər bir məmur, icra başçısı qazilərimiz, şəhid ailələrimizlə görüşməlidir və bunun piarını aparmağa ehtiyac yoxdur. Çünki hər bir dövlət məmurun fəaliyyəti, mənəvi borcu torpaqlarımızın azadlığı üçün qəhrəmanlıq edənlərə diqqət göstərmək olmalıdır. Lakin Suraxanı icra başçısı Əzizov və müavini Cəbrayılov yuxarıların gözünə girmək üçün qazi ilə olan fotonu yayıb bunu xüsusi fəaliyyət kimi qələmə verməyə çalışıblar. Üstəlik, İH-lərdə Vətən müharibəsi qaziləri və şəhid ailələri ilə işin təşkili şöbəsi var. Suraxanı İH-də həmin şöbəyə Elmar Hüseynov sədrlik edir. Yəni şöbə müdirinin qazimizlə görüşü kifayət edir, amma yox, Əziz Əzizov özünü göstərmək üçün müavini ilə birgə foto çəkdirib xəbərini tirajlayıb. Üstəlik, başçının müavini kifayət qədər gündəmdə olmuş məmurdur. Fuad Cəbrayılov daha əvvəl Abşeron rayonunda fəaliyyəti ilə medianın diqqət mərkəzində olub. KİV-də yayılmış məlumatlara görə, Fuad Cəbrayılov vaxtilə BTİ ( Bakı Texniki İnventarizasiya ) idarəsində, Dövlət Reyster Xidmətinin Abşeron şöbəsində “kupça” satmaqla, rayonunun kənd təsərrüfatı təyinatlı torpaqlarının böyük əksəriyyətinə çıxarışlar verməklə külli miqdarda pul qazanıb və Abşeronda xeyli sayda obyektə sahib olub. Xəbər portalları yazır ki, indi də Suraxanıda kim qanunsuz ev tikmək, hasar çəkmək, mansar artırmaq istəyirsə, ilk növbədə Fuad Cəbrayılovun cibinə əl uzadır və ondan xeyir-dua alır. Məlumat üçün bildirək ki, F.Cəbrayılov Abşeron rayon icra hakimiyyətində Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. Sabiq başçı İradə Gülməmmədova dövründə əsas güc sahibi imiş. Mediada gedən məlumatlara görə, Abşeronda tikinti, təhsil və bağça sektorunu tam nəzarətdə saxlayıb. O dönəm həbslər olanda, baş memar Akif Əliyev həbs ediləndə Cəbrayılov bu prosesdən yaxasını qurtara bilib. Amma Abdin Fərzəliyev Abşerona başçı təyin olunanda onunla işləmədi və Suraxanıya müavin gəldi. Onu da bildirək ki, F.Cəbrayılovla Ə.Əzizov arasındakı əlaqədə ölkənin vaxtilə məşhur “əmlak kralları” olmuş Arif Qaraşov-Kərəm Həsənov faktoru bağlayır. İndisə başçı və müavini Suraxanıda tandem qurublar, arada qazilərlə foto da çəkdirməyi unutmurlar. Bütün bu tənqid, iradlara, iddialara baxmayaraq, müstəqil media orqanı olaraq hər iki hörmətli məmurun mövqeyini işıqlandırmağa hazırıq.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır