Qərbi Azərbaycan Xronikası: Paşinyanın “Qərbi Azərbaycan” iddiasının altında yatan məkrli planı - VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Süjetdə Ermənistanın baş naziri Nikol Paşinyanın ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən sessiyasının açılış mərasimində Qərbi Azərbaycanla bağlı iddialarını yenidən irəli sürməsindən bəhs olunur.
Bildirilir ki, onun iddiasına görə, “Azərbaycanın Ermənistan ərazisini rəsmi şəkildə Qərbi Azərbaycan adlandırması şübhəli görünür və rəsmi Bakının Ermənistana qarşı yeni hərbi əməliyyatlara hazırlaşdığı təəssüratını yaradır. Ermənistana qarşı hərbi təcavüz sülh gündəliyinin irəliləməsi yolunda əsas maneələrdən biridir”.
Qeyd olunur ki, Ermənistanın bir-birini təkzib edən mövqeyi artıq o qədər də təəcüblü deyil, çünki 44 günülük müharibədən sonra rəsmi İrəvanın əsas işi bölgədə sülh perspektivini məhv etmək, geosiyasi oyunçuların regionla bağlı planlarını icra etmək olub. Bu baxımdan, Paşinyanın sərsəm bəyanatına diqqətə almamaq da olar. Hərçənd, erməni baş nazirin kampaniya xarakteri daşıyan “Azərbaycan hücum edəcək” iddiasını Qərbi azərbaycanlıların doğma evlərinə qayıdışı məsələsinə bağlamasının altında yatan məkrli oyun gözardı ediləcək amil deyil. Proseslərin analizi göstərir ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini, ümumiyyətlə, soydaşlarımızın öz yurdlarına qayıdış hüquqlarını təhrif etməyə çalışır. Ən təhlükəli məqam isə bunu Cənubi Qafqazda yeni eskalasiyanın yaradılması planlarına daxil etmək cəhdidir.
Vurğulanır ki, Ermənistan reallığı qəbul etmək istəmir və müxtəlif bəhanələrlə sülh gündəliyinə maneələr yaradır:
“Ermənistan sülh gündəliyini arxa plana keçirməklə Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməmək, səkkiz kəndi işğaldan azad etməmək, eləcə də azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına mane olmağa çalışır. Qərb cəbhəsi isə bölgədə Ermənistan üzərindən möhkəmlənmək və Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq niyyətindədir. İndi Ermənistan anti-Azərbaycan kampaniyasına “Qərbi Azərbaycan” terminini daxil edir və bununla həm yeni istinad nöqtəsi yaradır, həm Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif edir, həm də Qərbi azərbaycanlıların öz evlərinə qayıdış hüququnu arxa plana keçirməyə çalışır”.
Sonda diqqətə çatdırılır ki, Ermənistanın Qərbi azərbaycanlıların hüququnu yerinə yetirmək öhdəliyi var, beynəlxalq konvensiyalar bunu tələb edir və rəsmi İrəvanın oynadığı bütün məkrli oyunlara rəğmən Qərbi azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ təmin ediləcək:
“Dialoqdan imtina edən Ermənistanın regional sülhü riskə ataraq geosiyasi qüvvələrin plasdarmına çevrilmək siyasəti isə hər şeydən öncə bu ölkənin mövcudluğunu sual altına salır. Çünki kiçik və zəif Ermənistanın “böyük oynamaq” şansı yoxdur və nə Rusiya, nə də İran öz sərhədlərində rəsmi İrəvanın onların rəqibləri ilə “flörtləşməsi”ni qəbul etməyəcək. Bu ssenaridə Ermənistanın sektorlara bölünməsi qaçılmaz ola bilər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.