Axtarış...

“Azərlotereya” ASC büdcəyə dividend ödəyib, ya yox? – Qaranlıq maliyyə əməliyyatı



Bəzi müəssisələr üzrə xalis mənfəət əldə edilsə də, büdcəyə dividend ödənişi həyata keçirilmir.
AFN.az xəbər verir ki, bu haqda məlumat “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyində əksini tapıb.

Rəydə göstərilir ki, “Azərlotereya” ASC səhmlərində dövlətin payı olan müəssisə olaraq 2022-ci il üzrə dövlət büdcəsinə heç bir divident ödəməyib. Maraqlıdır ki, “Azərlotereya” ASC-nin 2022-ci il üzrə maliyyə hesabatında Hesablama Palatasının əksinə olaraq, müəssisənin ötən il üzrə 30,194,740 manat dividend ödədiyi qeyd edilib.

Bəs, “Azərlotereya” ASC dividendi hara və necə ödəyib? 30 milyon manatdan çox vəsaitin büdcədə əksini tapmamasına səbəb nədir? Mövzu ilə bağlı sualları ASC-nin mətbuat xidmətinə ünvanlasaq da, dəqiq cavab ala bilmədik. Belə ki, “Azərlotereya”dan verilən cavabda ölkə başçısının qurumun idarəetməyə verilməsilə bağlı sərəncamı xatırladılır: “Məlum olduğu kimi, ölkə başçısının 16.01.2021-ci il tarixli 2443 nömrəli Sərəncamına əsasən “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib. Şirkətin idarəetməyə verildikdən sonrakı dövrdə dövlətə olan ödənişləri sözügedən müqavilə əsasında həyata keçirilir. “Azərlotereya” ASC-nin 2022-ci il üzrə maliyyə hesabatı ilə daha ətraflı şirkətin saytından tanış ola bilərsiniz”.

“Azərlotereya”dan verilən cavabda həmçinin, mövzu ilə bağlı detallı məlumat əldə etmək üçün Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməyimiz tövsiyə edilir.

Cavabda birbaşa göstərilməsə də, aydın olur ki, ASC müvafiq ödənişi Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə ödəyib. Beləliklə, növbəti sorğularımızı adıçəkilən Xidmətə və Maliyyə Nazirliyinə ünvanlamaq məcburiyyətində qaldıq. Cavabları təqdim edəcəyik.


Mənbə: AFN.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz