Axtarış...

Dövlət müəssisələri nə zaman normal dividend ödəyəcək - ARAŞDIRMA

Dövlət müəssisələri nə zaman normal dividend ödəyəcək - ARAŞDIRMA

Azərbaycanda dövlətə məxsus və dövlətin payı olan şirkətlərin zərərlə işləməsi uzun illərdir davam edir və artıq heç kimdə təəccüb doğurmur. Son illərdə bu şirkətlərin idarəetməsində təkmilləşmənin aparılması, müasir idarəetmə prinsiplərinin tətbiqi, onların fəaliyyətində səmərəliliyin təmin olunması məqsədilə bir sıra mühüm addımlar atılıb: Azərbaycan İnvestisiya Holdinqi yaradılaraq, əksər iri dövlət şirkətləri onun tabeliyinə verilib. Şirkətlərdə müşahidə şuraları formalaşdırılıb, fəaliyyətin səmərəliliyini artırmaq üçün maliyyə nəzarəti gücləndirilib və sair.

Bu təbirlərdən sonra bir sıra dövlət və səhmlərində dövlətin payı olan şirkətlərdən dövlətə dividend ödənişləri qeydə alınmağa başlayıb. Bu ödənişlərdə ildən-ilə artım müşahidə olunur. Məsələn, 2022-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 106,5 milyon manat proqnozlaşdırılsa da, ilin yekununda 130,7 milyon manatlıq icra qeydə alınıb. Bu artımı Azərbaycan Beynəlxalq Bankının proqnozunu büdcə 100 milyon manata qarşı 120 milyon manat, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin 5 milyon manata qarşı 10 milyon manat icra etməsi, həmçinin proqnozda nəzərdə tutulmadığı halda “Aqrarkredit” QSC BoKT-un 198 min manat ödəməsi səbəb olub. “AzərTürkBank” ASC üzrə 1,5 milyon manat dvident ödənişi proqnozlaşdırılsa da, hər hansı ödəniş qeydə alınmayıb.

Hesablama Palatasının 2022-ci il üzrə dövlət büdcəsinin icrasına verdiyi rəydən aydın olur ki, “Azər-Türk Bank” ASC 2021-ci maliyyə ilini 554,0 min manat mənfəətlə başa vurmasına baxmayaraq, həmin məbləğ Bankın kapital mövqeyinin və maliyyə dayanıqlılığının qorunması adı ilə dividend kimi səhmdarlara ödənilməyərək bankın kapital hesablarına aid edilib. Bundan əlavə, bəzi müəssisələr tərəfindən dövrün sonuna xalis mənfəətin əldə edilməsinə baxmayaraq, bu mədaxil mənbəyi üzrə daxilolma icra edilməyib. Bunlardan “AzinTelecom” LLC 2020-ci ili 47,1 milyon manat, 2021-ci ili 131 milyon 107,0 min manat mənfəətlə başa vursa da, dövlətə hər hansı dvident ödəməyib. “Azərlotereya” 2021-ci ildə 1 milyon manat ödəsə də, sonrakı illərdə ödəniş olmayıb. “Aqrarkredit” QSC BoKT isə 2021-ci ildə 200 min ödəyib, 2022-ci ildə ödəniş nəzərdə tutulmasa da, 198 min manat ödəyib.

Azərbaycanda dövlət müəssisələrinin dividend ödənişləri üzrə proqnoz - 74% ARTIRILIR - FED.az

Bu günlərdə Milli Məclisdə müzakirələri gedən 2024-cü ilin dövlət büdcəsi sənədindən aydın olur ki, gələn il üçün səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən daxilolmalar üzrə əvvəlki illərə nisbətən kəskin artım nəzərdə tutulub. Sənədə görə, hökumət bu müəssisələrdən alınan dividendlərdən 558,2 milyon manat gəlir əldə etməyi planlaşdırır. Bu isə 2023-cü ilin proqnoz göstəricisindən 237,0 milyon manat və ya 1,7 dəfə çoxdur. Hesablama Palatasının büdcə layihəsinə verdiyi rəyə görə, artımın əsas səbəbi dövlət qeyri-maliyyə təşkilatları üzrə dividend ödənişlərinin 188,0 milyon manat artırılaraq 408,0 milyon manata, “Azərbaycan Beynəlxalq Bankı” ASC üzrə proqnozun cari ildəkindən 50,0 milyon manat artırılaraq 150,0 milyon manata çatdırılmasıdır. 2024-cü ilin dövlət büdcəsi layihəsində dövlət qeyri-maliyyə təşkilatları üzrə nəzərdə tutulan 408,0 milyon manat dividend ödənişinin hamısı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti(SOCAR) üzrə nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ildə dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq dividendlərin 200,0 milyon manatı SOCAR, 15,0 milyon manatı “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC, 5,0 milyon manatı “Azər Gold” QSC üzrə nəzərdə tutulub ki, bundan da cari ilin 8 ayı ərzində dövlət büdcəsinə hər hansı ödəniş qeydə alınmayıb: “Təqdim olunmuş məlumatlara əsasən, bu mənbə üzrə 2023-cü ilin ötən 8 ayı ərzində 151,1 milyon manat məbləğində vəsait daxil olub ki, bunun da 150,9 milyon manatı ”Azərbaycan Beynəlxalq Bankı" ASC, 0,2 milyon manatı “Aqrarkredit” QSC BOKT tərəfindən dövlət büdcəsinə ödənilib, “Azər Türk Bank” ASC tərəfindən dividend ödənişi həyata keçirilməyib. Qeyd etmək lazımdır ki, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan (nizamnamə kapitalının 75 faizi) “Azər Türk Bank” ASC-nin xalis mənfəətinin 2021-ci ildə 0,5 milyon manat, 2022-ci ildə 12.1 milyon manat təşkil etməsinə baxmayaraq, 2021-2022-ci illərdə və 2023-cü ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməyib ki, nəticədə 2023-cü il 01 yanvar vəziyyətinə 14.7 milyon manat bölüşdürülməmiş mənfəət mövcud olub. Eyni zamanda aparılan təhlillər dövlət mülkiyyətində olan bəzi digər müəssisələr üzrə də xalis mənfəət əldə edilməsi fonunda dividend ödənişinin həyata keçirilmədiyini göstərir".

Hesablama Palatasında bu fikirdədirlər ki, bu mənbə üzrə mövcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müzakirələr əsasında müvafiq təhlillərin aparılması, həmçinin “Azər Türk Bank” ASC, “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Azər Gold” QSC tərəfindən dividend ödənişi nəzərdə tutulması məqsədəuyğundur. //musavat.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz