“Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində yükdaşıyıcılarına vahid icazə sənədi veriləcək”.
Bunu “Report”a açıqlamasında TRACECA-nın Baş katibi Asset Assavbayev bildirib.
Onun sözlərinə görə, TRACECA proqramı çərçivəsində ölkələr arasında vahid tranzit icazəsinin tətbiqi ilə bağlı saziş hazırlanıb:
“Bu saziş gələn ilin sonuna qədər icra edilə bilər. Belə ki, gələn ilin əvvəlində biz sazişi imzalamaq niyyətindəyik. Bundan sonra sənəd müxtəlif ölkələrdə ratifikasiya olunmalıdır. Bu proses ilin sonuna qədər uzana bilər. Biz prosesi tezləşdirmək istəyirik, çünki ölkələr vahid tranzit icazəsinin tətbiqində maraqlıdır. Hazırda Azərbaycan, Qazaxıstan və Tacikistanla prosedur işləri aparılır. Türkiyə və Özbəkistan kimi ölkələr sazişə qoşulmaqla bağlı məsələləri nəzərdən keçirirlər”.
A.Assavbayev vurğulayıb ki, sazişin məqsədi yüklərin TRACECA boyunca keçidini asanlaşdırmaqdır:
“Hazırda nəqliyyat vasitələri üçün ən aktual problem hər bir ölkədə tranzit icazəsinin alınması zərurətidir. Ölkələr tranzit daşımalar cəlb etməyə çalışırlar və buna lazımi şərait yaradırlar, amma sənədləşmə ilə bağlı proseslər daşıyıcıları ruhdan salır. Məsələn, Tacikistan yükdaşıyıcısı yüklərini Türkiyə gətirmək üçün Qazaxıstan, Özbəkistan, Azərbaycan və Gürcüstandan tranzit icazəsi almalıdır. Buna görə də biz bu sazişi qəbul etmək, icra etmək istəyirik. Məqsədimiz bu məsələni optimallaşdırmaqdır. Sazişin imzalanmasından sonra TRACECA ölkələrindən olan daşıyıcılar bir tranzit sənədi ilə bütün üzv ölkələrdən yüklərini icazə almadan daşımaq şansını əldə edəcəklər. Bu icazə sənədi elektron formada veriləcək. Tranzit sənədi icra edildikdən sonra dəhlizdən ildə 30 000 yük maşını keçə biləcək”.
Xatırladaq ki, TRACECA proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) ticarət və nəqliyyat nazirlərinin iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edib. 7-8 sentyabr 1998-ci il tarixlərində Bakıda 9 ölkənin - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan və Ukraynanın dövlət başçıları, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında “Avropa - Qafqaz - Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib.