Axtarış...

Azərbaycanda 800 min manatlıq pambıq yoxa çıxıb: - "Palçığın içində..."


"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nəzdindəki "Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fəxri Mehdiyev dəyəri 800 min manatdan çox olan pambığın yoxa çıxaması ilə bağlı keçmiş zavod rəhbəri barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

Qaynarinfo-nun məlumatına görə, Fəxri Mehdiyevin Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodunun sabiq direktoru Nazim Mirzəyev barəsində hüquq-mühafizə orqanlarına şikayət etməsinə səbəb aparılan audit yoxlaması nəticəsində kondisiya çəkidə 968.940 kiloqram, 614.561 manat dəyərində xam pambığın çatışmazlığının müəyyən edilməsi olub. Ümumilikdə isə yoxa çıxan pambığa görə 2020-2021-ci illər ərzində zavoda 820.770 manat ziyan dəyməsi müəyyən edilib. İş aktlaşdırılaraq məhkəməyə göndərilib.

Fəxri Mehdiyev

Məhkəmədə zavodun sabiq direktoru həqiqətən də, iddia tələbində göstərildiyi kimi çatışmazlıqlar (əskikgəlmələr) olduğunu etiraf edib. O, bunun günahını özündə deyil, "Azərpambıq ASK” MMC-nin rəhbərliyində görüb:

"Zavodun filiallarına göndərilmiş xam pambıqdan çıxılmalar normativlərdən xeyli çox olub. Bu səbəbdən də xam pambığın kondisiya çəkisi az gəlib. Digər tərəfdən, bu zavodda zəruri avadanlıqların və lazımı şəraitin olmaması ilə əlaqədardır. Belə ki, pambıq tayaları qurulması üçün kifayət qədər standartlara cavab verən taya yerləri olmayıb, tayalar asfalt örtüyünün deyil, palçığın üzərində qurulub, bu səbəblərdən də məhsulun müəyyən hissəsi məhv olub. Həmçinin zavod taya yerlərinin az olması ilə əlaqədar pambığın növlər üzrə çeşidlənməsində yaranan çətinliyin qismən aradan qaldırılması üçün əlavə sovurucu ventiliyatorlar, kabel və brezent örtüklərlə zavod təmin edilməyib. Bundan başqa, 60 tonluq avtomobil tərəzisi düzgün işləməyib. Bütün bu mühüm problemlərin aradan qaldırılması üçün "Azərpambıq ASK” rəhbərliyinə yazılı və şifahi qaydada müraciət edilsə də, zəruri avadanlıqların verilməsi təmin edilməyib”.

Məhkəmə "Azərpambıq ASK” MMC-nin sabiq direktoru barəsində iddianı təmin etməyib.

Qurumun öz rəsmi internet səhifəsində 29 may 2019-cu ildə tarixdə "Azərpambıq ASK” MMC-nin Ağcabədi rayonunda yerləşən Pambıq İstehsalı Emalı Zavodu yenidən qurulub" başlığı ilə məqalə dərc edilib. Məqalədə qeyd edilir ki, "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə "Azərpambıq ASK” MMC-nin Ağcabədi rayonunda yerləşən Pambıq İstehsalı Emalı Zavodunda aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün bu rayona səfər edib. Yenidənqurma işlərinə ümumi baxış keçirən baş direktor mövcud vəziyyətlə tanış olub və görülən tədbirlərin zamanın tələblərinə uyğun olaraq vaxtında, həm də keyfiyyətlə başa çatdırıldığını bildirib.

İndi sual olunur ki, təmir işləri keyfiyyətlə başa çatıdırılan zavodda 1 milyon manata yaxın pambıq hara yoxa çıxıb?

Xatırladaq ki, bu ilin ilk 10 ayı ərzində Azərbaycan xarici ölkələrə 98 milyon 461,5 min dollar dəyərində 54 min 634,6 ton pambıq lifi ixrac edib. Pambıq lifinin dəyər ifadəsində ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36% və ya 55,4 milyon dollar azalıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz