Ağsu Rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu Qaynarxett.az vasitəsilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə mürəciət edib. Müraciəti olduğu kimi təqdim edirik:
"Cənab Prezident, mən 22 ildir istifadə etdiyim Şamaxı rayon Dərmirçi kəndi ərazisinə yaxın yerləşən yay otlaq sahəsindən artıq 1 ilə yaxındır ki, istifadə edə bilmirəm. Bunun əsas səbəbi həmin yay otlaq sahəsinə Ədalət Göyüşov adlı bir biznesmənin göz dikməsidir. Əslində həmin Göyüşov özünü biznesmənlikdən çox heç kimi saymayan “qoçu” kimi aparır. Onun sözündən, ətrafından, hədəsindən hətta İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov da qorxur. Məhz bu səbəbdəndir ki, mənim haqqım olan ərazi 1 ilə yaxın müddətdir ki, mənə verilməkdən imtina edilir. Bilərəkdən müxtəlif bəhanələr gətirilir. Mən Sizə, Mehriban xanıma dəfələrlə müraciət etmişəm. Sağ olun məsələyə biganə qalmamısınız. Amma qeyd edim ki, Sizin məsələni həll etmək üçün işi üzərinə göndərdiyiniz İsmayıllı Rayon İcra Hakimiyyəti başda olmaqla, heç bir dövlət qurumu mənə kömək etmir. Mənə konkret olaraq heç bir söz deyilmir və məsələmin həllinə çalışılmır.
Mən Sizdən xahiş edirəm bu məsələ ilə bağlı inandığınız normal bir nəfəri vəzifələndirin, gəlsin məsələni ədalətli araşdırsın. Əgər mən haqsız və günahkaramsa mənə lazımı cəza verilsin. Yox əgər haqlıyamsa mənim haqqım olan ərazinin mənə verilməsinə köməklik edilsin. Mən artıq bir vətəndaş, bir sahibkar olaraq bezmişəm. Bir tərəfdən İsmayıllı Rayon İcra Hakimiyyətinin süründürməçiliyi, digər tərəfdən Ədalət Göyüşovun hədələri artıq yaşama ümidimi azaldıb. İcra Başçısının belə gücü yetmədiyi insana qarşı tək, çarəsiz qalmışam. Mənim yeganə ümidim Sizsiniz Cənab Prezident. Xahiş edirəm bu məsələnin yaxın zamanda həlli yolunun tapılmasına, günahkarların cəzalandırılmasına, haqqın bərqərar olmasına köməklik edəsiniz.
Hörmətlə:
Mürsəlov Azər Xandadaş oğlu, Ağsu Rayon Ərəbuşağı kənd sakini."
Mənbə: Qaynarxett.az Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...