Naxçıvandakı Vasif Talıbov rejimi dəyişdi. Amma onun miras qoyduğu problemlər hələ də davam edir.
Muxtar Respublika sakinlərindən olan Əli Məmmədovun Ovqat.com-a yazdığı şikayət məktubunda irəli sürdüyü iddialara inansaq, bunu Naxçıvan rəhbərliyi heç gizlətmək fikrində deyil.
Hətta şikayətçilərə utanıb qızarmadan “Bura Bakı deyil, Naxçıvanda nə hüquq”, - deyib əli ətəyindən uzun yola salırlar.
Əlavə şərhə yol vermədən, məktubu olduğu kimi diqqətinizə çatdırırıq.
“Salam Heydər müəllim.
Mən Məmmədov Əli Yunis oğlu 1964-cü ildə Naxçıvan şəhərində doğulmuşam. Naxçıvan şəhərində mərkəzi küçələrdən biri olan Təbriz Hotelə yaxın, Ticarət mərkəzinin yanında anamın mülkiyyətində olan Komsomol küçəsi, ev 31 A-da (yeni adı ilə Təbriz küçəsi) yerləşən ümumi sahəsi 1125 kvadratmetr olan torpaq sahəsi və içərisində tikilmiş evimiz vardı.
Naxçıvan şəhər İcra Hakimiyyətinin 249 nömrəli 18 may 1999 -cu il tarixli Sərəncamına əsasən, anamın mülkiyyətində olan Təbriz küçəsi 31-A ünvanında yerləşən evin 45,0 * 24,0 metr ölçüsündə həyətyanı torpaq sahəsinin 20,0 * 38,0 metr sahədə layihə əsasında hündür mərtəbəli yaşayış binası /1 və 2-ci mərtəbələrdə mağaza və ofis nəzərə alınmaqla/ tikilməsinə icazə verilmişdir.
Anam Naxçıvan şəhərində rəhmətə getdikdən sonra onun adına Naxçıvan şəhər Komsomol küçəsi 31 A-da olan torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş ev hüquqi vərəsəlik üzrə onun ailə üzvlərinə keçmişdir.
2007-ci ildə dövlət əhəmiyyətli bina tikilməsi ilə əlaqədar bizə məxsus olan torpaq sahəsi və həmin torpaqda tikilən ev dövlət ehtiyacı üçün bizdən alındı. Məlumdur ki, dövlət quruculuğu üçün fiziki şəxslərə məxsus mülkiyyətin satın alınması zamanı dəyərini bazar qiyməti ilə ödənilməsi nəzərdə tutulur. Lakin bizə məxsus olan torpaq sahəsi və həmin torpaqda tikilmiş ev bizdən alınarkən bu hüquqi normativlərin heç birinə əməl olunmadı və bizə heç bir ödəniş edilmədi. Bu haqda bir neçə dəfə lazımi orqanlara müraciət etsək də, nəticə əldə etmədik.
Hal - hazırda həmin torpaq sahəsində muxtar respublikanın mətbu orqanı olan “Şərq qapısı” qəzetinin binası yerləşir.
Muxtar respublikada yaranmış müsbət şəraiti nəzərə alaraq ( bu şəraiti yaratdığına görə Müzəffər Ali Baş komandanımız, fəxrimiz, hörmətli Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm) məhkəməyə müraciət etdik.
Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (Hakim: Hicran Muradov ) bizim işimizlə əlaqədar 6 iclası keçirilib.
1-ci iclas 13 aprel 2023 il
2-ci - 25 may 2023
3-cü - 3 iyul 2023
4-cü - 17 avqust 2023
5-ci - 15 sentyabr 2023
6-cı iclas isə 17 oktyabr 2023-də keçırildi.
Hər dəfə məhkəmə iclası təxirə salınır.
May ayının 25-i məhkəmə iclasından sonra vəkilim Allahverdi Bağırov mənə telefonla zəng edib dedi ki, Naxçıvana gəl və icra başçısı ilə görüşüb razılığa gəlin.
Mən 14 iyunda Naxçıvana getdim və İcra başçısı Mirsənani Seyidovla iki dəfə 16-sı və 20-si iyunda görüşdük. Başçı mənə bildirdi ki, bizim pulumuz yoxdu, biz yalnız sizə Qaraxanbəyli kəndinin girişində 4 sot torpaq sahəsi və ya “Sovetabad”da karton fabrikinin yanında 1 sot torpaq, mağaza tikmək üçün verə bilərik. Mən razılaşmadım, bildirdim ki, bizim şəhərin mərkəzində 1125 kv metr torpaq sahəsi və içərisində tikilmiş evin əvəzinə sovetabadda 100 kv metr torpaq və ya Qaraxanbəyli kəndində 400 kv torpaq təklif etməniz nə dərəcədə düzgündür? Ədalətin meyarı beləmi ölçülür sizdə?
Biz hüquqi dövlətdə yaşayırıq, bizim ədalətli qanunlarımız var, mən məsələnin qanun çərçivəsində və ədalətlə həll edilməsini xahiş etdim. Başçı mənə dedi ki, onsuz da ölmüş bir torpaq idi, nə alsan qazancındı, bura Bakı deyil, istəməsən qoy onda məhkəmə davam etsin. Beləliklə məhkəməmiz davam edir.
Sentyabrn 15-i Naxçıvan Şəhər İcra Hakimiyyətindən yenə də mənə zəng etdilər və mənə bildirdilər ki, gəlin razılaşaq. Soruşdum ki, dəyərini tam ödəyəcəksiniz? dedilər yox, heç 50 faizini də ödəyə bilmirik. Sizə bundan artıq heç nə verə bilmirik.
Mənim istəyim səsimi müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəfliyə çatdırmaqdır".