Ötən yazıda qeyd edildiyi kimi, «Təzadlar»ın Araşdırma Qrupu Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmünü də əldə edib. Hakimlər- Ələkbər Quliyevin, İlham Mahmudov və Mirzə Xankişiyevin Hüseynov Şakir Hüseyn oğlunun barəsində çıxardığı həmin hökmü oxuyanda çox təəssüfləndik. Ona görə ki, 120 zərərçəkmişin milyonlarla manat pulunu mənimsəmiş, onları aldatmış, Dövlət büdcəsinə 50 milyon manata yaxın vergi borcu olan şəxsə 5 il şərti cəza kəsərək onu məhkəmə zalından azad edirlər. Guya Şakir Hüseynov məhkəmədə söz verib ki, zərərçəkmişlərə mənzil tikib verəcək!
Doğrudanmı bu hakimlər korpusu hesab edib ki, Şakir Hüseynov sözünə əməl edəcək?! Axı o belə mənzil tikib verən olsaydı, elə əvvəldən bunu edərdi, insanları aldatmazdı, halal iş tutardı, niyə indi –məhkəmə zalında bu öhdəlik yadına düşüb???
Məhkəmənin həmin hökmündə 120 zərərçəkmişin ifadələri var. Hər bir ifadədə qan-qada, göz yaşları, məhkəmə ədalətinə olan inamsızlıq, qarğış, əsəb, canı boğazına yığılma… var. Bəs niyə hakimlər bunu duymayıb, görməyib, hiss etməyib???
Amma Bakı Apellyasiya Məhkəməsi zərərçəkmişlərin göz yaşlarına inandı və …
… «Təzadlar»ın redaksiyasında olan zərərçəkmişlərin söylədiklərinə qısa ekskursiya edək: «…Şakir Hüseynov Bakı Apellyasiya Məhkəməsində də bizi və məhkəməni aldatdı… Əslində, biz sonda anlayırdıq ki, ona yalandan söz verib aradan çıxma yolunu elə hakimlərin özləri başa salıblar. Çünki müstəntiqin qərarı ilə onun və qardaşı Vidadi Hüseynovun çoxsaylı əmlakları üzərinə həbs qoyulmuşdu. Həmin əmlaklar satılıb ziyanın ödənilməsinə yönəldilə bilərdi. Amma Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlərinin məqsədi burda da baş tutdu və onlar Hüseynovların vəkili qismində onlara hər cürə hüquqi yardımı belə etdilər, həmin əmlakların üzərindən həbs götürüldü. Bizi də inandırdılar ki, Şakir Hüseynov Kəlbəcərdəndir, dağ adamıdır, sözünü tutacaq, həbsdən çıxıb mənzillərimizi tikib verəcək və s. Amma Şakir Hüseynov həbsdən çıxandan sonra 180 dərəcə dəyişdi, bizi qurulub-qoşulduğu kimi aldatdı…».
Bunları söyləyən şikayətçilər daha bir maqalı məsələnin üstünü açdılar: «…Şakir Hüseyn oğlu Hüseynov ətrafına qohum-əqrabanı yığıb qanunsuz tikinti işləri ilə məşğul olaraq bizləri aldatdı. Pullarımızı da həmin qohum-əqraba, xüsusən də oğlu Tural Hüseynov və yaxın qohumu İlham Hüseynov qəbul edirdi. Məhkəmə hökmündə də bunlar təsdiqini tapıb… Hələ istintaq dövründə Şakir Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilmişdi. Amma onun bütün cinayətlərinə şərik olmuş əmisi oğlu İlham Hüseynov, qardaşı Vidadi Hüseynov və şəriki Telman Hüseynov həbs edilsə də, Şakirin oğlu Tural Hüseynov azadlıqda saxlanıldı… O özü bizə deyirdi ki, burada icraçı direktordur. Bakı Ağır Cinayətlər Məhəkəməsində isə bizi hakimlər aldatdılar, Şakir Hüseynovu azad etdilər… Sonradan Bakı Apellyasiya Məhkəməsinə şikayət verdik, bu dəfə məhkəmə ədalətli qərar verdi, Şakir Hüseynov və digərləri həbsə alındılar… Bu dəfə isə oğlu Tural Hüseynov özünü məsuliyyətdən kənarda saxlamaq və atasının bizləri aldadıb ələ keçirdiyi vəsaitlər hesabına tikilmiş mənzillərini ələ keçirmək üçün özünə «Şakir» MTK yaratdı. Atası isə türmədə öldü. Biz süni surətdə oyundan kənar vəziyyətə salındıq. İndi mənzillərimizi tələb edirik, deyirlər ki, o vaxt binaları Şakir Hüseynov tikib, sizi aldadıb, o da dünyada yoxdur. Axı pullarımızı həm də oğlu ələ keçirib, necə ola bilər ki, o məsuliyyətdən kənarda qalır? Həmin mənzillər bizim pullarımızla tikilmişdir, bizə də qaytarılmalıdır. Tural Hüseynovu isə müəmmalı səbəblərlə hüquq mühafizə orqanlarında aydın şəkildə müdafiə edirlər… Biz Prezident İlham Əliyevə yenidən kütləvi müraciətlər hazırlamışıq…».
«Şakir» MTK-nın sədri Tural Hüseynovun məsuliyyəti məhkəmə sənədlərində…
Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün (İş№1(101)-76-09) 34-cü səhifəsində zərərçəkmiş Popova Nina Borisovna ifadəsində deyir: «…2007-ci ilin yanvarında Yasamalda tikilən yeni binadan 1 otaqlı mənzil almaq istədim, bu məqsədlə orada Elnur Bayramovla tanış oldum. Elnur mənə 1 kvm.-i 430 ABŞ dolları ödəməklə 56 kvm.-lik mənzil təklif etdi, razı oldum. Elnura 9300 dollar ödədim. 2007-ci ilin fevral-mart aylarında Elnura əlavə 4 min dollar, cəmi 13300 dollar pul verdim. Lakin bina tikilmədiyi üçün Şakir Hüseynovun ofisinə gedərək pulumu geri tələb etdim. Həmin gün Şakir Hüseynov və oğlu Tural Hüseynovla tanış oldum. Tural Hüseynov mənə dedi ki, o, burada icraçı direktordur. Tural məni sakitləşdirib söz verərək dedi ki, Xutorda tikilən binadan mənə mənzil verəcək. Hətta dedi ki, orda artıq 13-cü mərtəbə tikilir, bir ilə bina hazır olacaq. Mənə dedi ki, amma ödənişlərdə fərq olacaq. Dedi hər kvm. 800 dollardan olacaq. Elnur Bayramov həmin binaya baxıb 700 dollardan razı olduğunu bildirdi. Bu vaxt Tural Hüseynov köhnə alqı-satqı müqaviləsini əlimdən alıb cırdı, təzə müqavilə yazdı. Tapşırdı ki, ödənişləri də məhz onun özünə edim. Mən may, iyun, iyul aylarında 19300 ABŞ dollarını Tural Hüseynova pul verdim. Ofisdə Sədəgül adlı xanımla da tanış oldum. Həmin qadın Şakirlə Turalın işlərini görürdü, kömək edirdi. O, hamıdan pulu yığırdı, order yazırdı, qapıları düzəltdirirdi. Amma mən bu qadına inanmırdım deyə pulu Turala verirdim. 2007-ci ildə Şakir Hüseynov həbs edildi, Turala zəng etdim ki, bu işin axırı necə olacaq? O isə mənə dedi ki, narahat olma. Amma məni aldatdı. Lakin sonradan mənə məlum oldu ki, həmin binanın tikintisinə qadağa qoyulub. Mən bu məsələdən sonra Tural Hüseynovla evlərində görüşdüm. Turalın anası Fatma Hüseynova dedi ki, əri həbsdən çıxacaq və hər şey yaxşı olacaq və s. Mən pulumu geri istəyəndə isə Tural və anası mənə «20 yanvar»da mənzil təklif etdilər. Fatma Hüseynova Cavid adlı bir nəfəri mənə qoşdu, biz deyilən ərazidəki bir binaya baxdıq, mənə bir mənzil göstərildi. Lakin həmin mənzil də mənə verilmədi, məni yenə də aldatdılar… Məhkəmədən xahiş edirəm Tural Hüseynov və Elnur Bayramov ikisi də həbs olunsun, mənim pullarım qyatarılsın…».
***
Xatırladırıq ki, Tural Şakir oğlu Hüseynovun aldadılmış vətəndaşlardan mənzil satılması adı ilə pul alması məhkəmə hökmünün (cildin) 40, 100, 108 və digər səhifələrində zərərçəkənlərin ifadəsində, eləcə də onun pul aldığını təsdiqləyən qəbzlərdəki imzalarının həqiqi olması barədə rəsmi akt və rəylərdə də öz əksini tapmışdır. Lakin bütün bunlara baxmayaraq Tural Şakir oğlu Hüseynov hələ də məsuliyyətdən yayınmaqdadır…
(Davamı var)
-Bəs Tural Şakir oğlu Hüseynovu məsuliyyətdən yayındıranlar kimlərdir?
-Bakı Apellyasiya Məhkəməsində dələduzluq əməlləri törədən dəstənin məsuliyyəti necə əks olunub?
-Ali Məhkəmənin qərarında Hüseynovlardan ibarət mütəşəkkil dəstənin əməlinə necə hüquqi qiymət verilib?
«Təzadlar»