Axtarış...

Sosial yardım müşkülü: Günahkar məmurlar yox... QANUNLARDIR! - ARAŞDIRMA



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı ilə bağlı Milli Məclisdə səslənən ittihamlara cavab verib.
Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, son illər aparılan sosial islahatların hədəflərindən biri də ünvanlı dövlət sosial yardımına əlçatanlığın daha da artırılması olub. Bu məqsədlə müvafiq qanunvericilikdə bir sıra dəyişikliklər edilib, ünvanlı sosial yardımın təyinatı şərtləri xeyli yumşaldılıb:
"Məsələn, artıq ailənin götürdüyü kredit ünvanlı sosial yardım almaq hüququna baxılan zaman gəlir kimi nəzərə alınmır və yardım təyinatına maneə yaratmır. Yaxud sosial yardım üçün müraciət edən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə yaşayış minimumuna nisbəti əvvəllər 10 faizdən çox olmamalı idisə, son illər bu nisbət 15 faizə çatdırılıb. Həmçinin ailənin sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə tam və düzgün məlumat verməsi və sosial yardım təyin edildikdən sonra gəlirlərində dəyişiklik baş verdikdə bu barədə məlumat verməsi üçün müəyyən olunan müddət 5 iş günündən 15 iş gününə qədər uzadılıb. Eyni zamanda, ünvanlı sosial yardım üçün müraciət edən zaman ailədən tələb olunan məlumatların sayı əhəmiyyətli dərəcədə azaldılıb və artıq həmin məlumatlar müvafiq elektron informasiya bazalarından əldə olunur və s.".
Həmçinin qeyd edilib ki, hazırda ölkəmizdə 73 min aztəminatlı ailənin 320 minədək üzvü aylıq ünvanlı dövlət sosial yardımla təmin edilir:
"Ailənin adına pay torpağının olması heç də ona ünvanlı sosial yardım təyinatına maneə yaratmır. Lakin həmin pay torpağı ilə bağlı aylar üzrə ardıcıl məcburi dövlət sosial sığorta ödənişləri edilməlidir".
“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) isə ailəyə ünvanlı sosial yardımın təyin olunmasından imtina edilir" - qurumdan bildirilib.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının (ÜDSY) verilməsi şərtləri Milli Məclisdə yenidən müzakirələrə səbəb olub. Milli Məclisin ötən iclaslarından birində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, ünvanlı sosial yardımın miqdarı və verilməsi şərtləri dəyişdirilməlidir:
"Biz neçə illərdir ünvanlı sosial yardım veririk. İndiyə qədər ortaya çıxaran yoxdur ki, ünvanlı sosial yardımın effekti necə olub. Bunu davam etmək lazımdırmı? Ya bunun miqdarı artırılmalıdırmı?".
Deputat bildirib ki, bununla bağlı parlamentdə dinləmə keçirilsə, yaxşı olar:
"15 ilə yaxındır ki, Azərbaycanda 150 milyondan 300 milyona qədər bu məsələyə vəsait sərf olunur. Bəlkə, ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır ki, daha effektiv olsun. Birinə deyirlər "adına köhnə sovet maşının var, sənə yardım düşmür", yaxud "adına torpaq sahəsi var, sənə yardım düşmür".
ÜDSY şərtləri dəyişdirilməlidir!
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ÜDSY-nın verilməsi şəxsin sosial vəziyyəti araşdırılmaqla təyin olunmalıdır. Sənədlə bunun müəyyən olunması, müəyyən problemlərə səbəb olur:
"Həqiqətən də xeyli sayda insan adına gəlir gətirməyən mənbələrin əziyyətini çəkir, sosial yardım ala bilmir. Amma ÜDSY-nın hədəfi maddi sıxıntı içərisində yaşayan insanlara dövlətin dəstək göstərməsidir. Ona görə də, ÜDSY şərtləri dəyişməlidir".
Deputatın sözlərinə görə, indiyədək ÜDSY-ni mənimsəmə faktları olurdu. Son illər isə bu problemlər aradan qalxsa da, ÜDSY-nin verilmə şərtlərinin sərtləşdirilməsi ehtiyacı olan insanların dövlətin bu qayğısına əlçatanlığını azaldıb. Ona görə də ÜDSY-nin verilmə şərtlərinə yenidən baxılmalıdır.
İqtisadçı ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ÜDSY-nin verilməsi qaydaları insanları əksər hallarda bu qayğıdan məhrum edir.
"90-cı illərdə aldığı avtomobilə görə sosial yardımdan məhrum olur"
"Bu qaydalar yeni təsdiqlənməyib. 90-cı illərdə kiminsə aldığı avtomobil, kiçik torpaq sahəsi adında qalır. Amma bu əmlaklar ondan istifadə edilmədiyi halda belə ÜDSY-nin verilməsinə mane olur. Bu qaydalar üzündən insanlar ehtiyacları olsa belə ÜDSY ala bilmirlər. Sözügedən qaydaları dəyişmək üçün Milli Məclis təşəbbüslə çıxış etməlidir. Qaydalara dəyişiklikləri səsverməyə çıxarmaqla məsələni bir günə həll etmək olar" - ekspert deyib.
O əlavə edib ki, ölkədə minlərlə insan bu qaydalara görə haqları çatan ÜDSY almaqdan məhrum olublar. Bu məsələni hər dəfə Milli Məclisdə müzakirə etməklə bu problem həll olunmayacaq. Bu məsələni həll etmək Milli Məclisinin səlahiyyətindədir.
ÜDSY-dən hansı hallarda imtina edilir?
Qeyd edək ki, Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsindən aşağıdakı hallarda imtina edilir:
- "Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;
- sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda;
- sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə;
- ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);
- ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);
- ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda;
- ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
ÜDSY-nin məbləği nə qədərdir?
Məlumat üçün bildirək ki, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə aztəminatlı ailə sayılır. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilib.
Dövlət Sosial Müdafiə Fondundan Sputnik Azərbaycan-a verilən məlumata görə, 2023-cü ilin sentyabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 26,9 faiz artıb. Beləliklə, ötən ilin sentyabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 376,8 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 478,4 manat olub. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir.
Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 ay müddətində kart hesabından götürülmədikdə, sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz